Modern.az

Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar…

Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar…

Ədəbi̇yyat

22 Aprel 2013, 09:37

Fəlsəfə üzrə fəlsəfə doktoru

…müəyyən mənada SSRİ ideoloqlarının ideyalarını yaşatmaqla məşğuldurlar

Milli ideologiya problemi hər millətin həyatında ümumi yanaşmalarla yanaşı, özünəməxsusluqları da inkar edə bilməz. Çünki hər bir millətin adət-ənənələri, mədəniyyəti kimi, mövcud həyat tərzi də fərqli xüsusiyyətlərə malikdir. Bu mənada, daha çox Şərq mədəniyyətinə, o cümlədən islam-türk dünyasına aid olan, ancaq bununla yanaşı, Qərbin-Avropanın mütərəqqi dəyərlərinə də biganə qalmayan Azərbaycan xalqının milli ideologiyaya münasibətində də özünəməxsuluq qaçılmazdır. Çünki Azərbaycan xalqı Şərq və Qərb mədəniyyətinin qovşağında yaşamaları ilə yanaşı, özü də bu mədəniyyətlərdən yalnız qidalanmamış, eyni zamanda onların yaranmasında və inkişafında müəyyən pay sahibi olmuşdur.

Azərbaycan milli ideologiyasının formalaşmasında da bu faktorlar mühüm rol oynamışdır. Hələ, 19-cu əsrin Azərbaycan mütəfəkkirləri (A.A.Bakıxanov, M.F.Axund­zadə, H.Zərdabi və b.) yaxşı anlayırdılar ki, Azərbaycan xalqının gələcəyi yalnız birtərəfli, yəni tamamilə Şərq mədəniyyətinin mühüm hissəsini təşkil edən islam-türk mədəniyyəti ilə bağlı ola bilməz, müəyyən mənada Qərbin-Avropanın mütərəqqi dəyərlərinə də yiyələnmək lazımdır. Bu məqsədlə onlar ilk dəfə Azərbaycan xalqının maariflənməsi və sivil cəmiyyətə çevrilməsi yolunda, bu və ya digər dərəcədə Qərb mədəniyyətinə müraciət etmiş, islam-türk dünyasının bu hissəsində islahatlar aparmağa cəhdlər göstərmişlər. Əgər A.A.Bakıxanov bu məsələdə daha mühafizəkar möv­qədən çıxış edərək Qərb mədəniyyətindən bəhs edərkən islamın müasirliyini və üstünlüyünü önə çəkirdirsə, M.F.Axundzadə ondan fərqli olaraq islamda radikal islahatlar aparılmasını və Qərb-Avropa mədəniyyətinin burada da tətbiqini  təklif etmişdir. Ancaq H.Zərdabi isə onlardan fərqli olaraq ümumilikdən xüsusiliyə doğru addım ataraq konkret Qafqaz-Azərbaycan müsəlmanlarının-türklərinin milli oyanışı üçün əməli işlər görməyə çalışmış, Azərbaycan milli ideyasının yaranması prosesini sürətləndirmişdir.

Fikrimizcə, 19-cu əsr Azərbaycan mütəfəkkirlərinin Azərbaycan milli idyeasının yaranması yolunda atdıqları ilk addımlar səmərəsiz qalmamış, onların davamçıları (Ə.Ağaoğlu, Ə.Hüsenzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Yusifbəli və b.) 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan milli ideyasının yaranmasında və onun bir milli ideologiyaya çevrilməsi yolunda mühüm addımlar atmışlar. Şübhəsiz, onlar bu işə başlarkən sələflərinin Azərbaycan milli ideyası yolunda atıdığı ilk addımlardan ciddi «dərs» almış, bu milli dərs əsasında müstəqil və milli Azərbaycan yaratmağa çalışmışlar. Bizə elə gəlir ki, Azərbaycan milli ideyasının müəyyənləşməsi zamanı milli ideoloqlar sələflərinin hər birinin ideyalarından yararlanmağa çalışaraq, onların milli dünyagörüşləri əsasında islamlaşmağı, türkləşməyi və yeniləşməyi-avropalaşmağı bir xətt olaraq qəbul etmişlər.

Bu mənada Ə.Ağaoğlunun islam-türk birliyinə əsaslanan «islam millətçiliyi», Ə.Hüseynzadənin türkləşmək, islamlaşmaq və avropalaşmaq «üçlüy»ü, M.Ə.Rəsulza­də­­nin və N.Yusifbəylinin bu «üçlük»lə əsasında Azərbaycan türkçülüyü ideyasını - azər­baycançılığı irəli sürməsi bir təkamülün nəticəsi idi. Bu təkamülün kökü nə qədər qədimlərə gedib çıxsa da, çağdaş mərhələdə onun ilk cizgiləri 19-cu əsrdə meydana çıxmış, 20-ci əsrin əvvəllərində isə Azərbaycan milli ideyasının və onun bariz nümunəsi olan Azərbaycan Cümhuriyyətinin (Respublikasının) yaranması ilə nəticələnmişdir.

Bütün Şərqdə, o cümlədən islam-türk dünyasında ilk demokratik dövlət olan Azər­baycan Respublikasının əsaslandığı ideologiya milli-demokratik bir ideologiya idi. Çünki bu respublikada milli və demokratik dəyərlər bərabərlik təşkil edir, ölkə sözün həqiqi mənasında demək olar ki, bütün vətəndaşların maraqlarına uyğun  olaraq idarə olunmuşdur. Hətta, həmin dövrdə Azərbaycan milli hökümətinə müxalif olan, Azərbaycan parlamentinə təmsil olunan bütün siyasi-ideoloji qüvvəllərin (bolşeviklər, menşeviklər, ittihadçılar, sosialistlər və b.) nümayəndələri belə, bu dövlətin demokratikliyini dəfələrlə etiraf etmişlər. Çünki Azərbaycan Respublikası Azərbaycan türklərinin milli azadlıq hərəkatı nəticəsində və onların nüvəsi ilə yaranmasına baxmayaraq, bu dövlətdə yaşayan yerli və gəlmə etnosların heç birinə qarşı ayrı-seçkilik siyasəti yürüdülməmiş, əksinə müəyyən mənada onlara güzəştlər belə edilmişdir.

Bu baxımdan Azərbaycan Cümhuriyyəti dövründə hər hansı bir millətin, yəni konkret olaraq Azərbaycan türklərinin üstünlüyündən söhbət gedə bilməzdi. Sadəcə, o dövrdə türk və türk olmyayan bütün Azərbaycan vətəndaşları yaxşı anlayırdılar ki, bu dövlətin qurulmasında «üçlük» və ona əsaslanan Azərbaycan türkçülüyü ideyası (indiki anlamda azərbaycançılıq) mühüm rol oynamışdır. Ancaq bu ideyaların (islamlaşmaq, türkləşmək və avropalaşmaq-yeniləşmək) hər birində də Azərbaycan türk millətinin digər etnoslardan üstünlüyü deyil, Azərbaycana bağlılılq və demokratik dəyərlərə əməl olunması önə çəkilirdi. Beləliklə, Cümhuriyyət dövründə milli və demokratik dəyərləri özündə əks etdirən Azərbaycan milli ideyası - azərbaycançılıq yalnız Azərbaycan türklərinin və entik azlıqların (talış, kürd, ləzgi və b.) deyil, Azərbaycana gəlmə olan başqa millətlər (yəhudi, rus, alman, polyak və b.) üçün də qəbul edilən bir ideologiyaya çevrilməyə başladı. Doğrudur, sonrakı dönəmlərdə Azərbaycandakı bəzi millətlərin nümayəndələri, o cümlədən rulsar və ermənilər Azərbaycan Cümhuriyyətinin süqutunda müəyyən rol oynadılar, ancaq bütün hallarda müəyyən bir dövrdə milli və demokratik dəyərlərə əsaslanan azərbaycançılığın ən azı vətən və dövlət ideologiyası kimi üstünlüyünün olması faktı da danılmazdır.

Çox təəssüflər olsun ki, «üçlüy»ə əsaslanmaqla yanaşı, özündə vətənçilik, dövlətçilik və demokratik dəyərləri də birləşdirən Azərbaycan milli ideyası-azərbaycançılıq Azərbaycan Cümhuriyyəti işğal olunduqdan sonra sovetləşmə adı altında əvvəlcə təzyiqə və təqibə, daha sonra isə təhrif və simasızlaşdırmaqla üz-üzə qalmışdır. Belə ki, ilk dövrlərdə SSRİ rəhbərləri və ideolqları Azərbaycan milli mütəfəkkirlərinə təzyiq göstərərək onları türk və islam dünyasından ayırmağa çalışmış, bu məqsədlə də onları pantürkist, panislamist adı altında repressiya etimişlərdir. Hətta, bu məsələdə onlarla bir yerdə sosializm uğrunda mübarizə aparan, ancaq milli mənəvi dəyərlərinə, o cümlədən Azərbaycan milli ideyasına sadiq qalan N.Nərimanov, Ə.Xanbudaqov və bu kimi milli ruhlu aydınlarımıza qarşı belə bolşeviklər amansız davranmışlar.

Bununla da, azərbaycançılığın əsaslandığı dayaqlardan - islamlaşmaqdan, türkləş­mək­dən və yeniləşməkdən zorla məhrum edilən, bunu əvəzində sovetləşmə adı altında «beynəlmiləlçiliyə» sürüklənən vahid bir millət parçalanır, onun əvəzində çoxlu «millətlər» yaradılırdı. Beləliklə, milli ruhlu azərbaycançılığın təməl prinsiplərindən biri olan siyasi millət birliyini çoxlu etnik və gəlmə «millətlər»ə parçalayan sovet ideoloqları bir tərəfdən Azərbaycan üçün yeni problemlərin, xüsusilə də separtizmin əsasını qoymuş, digər tərəfdən Azərbaycan türklərinin milli kimliyinə və milli dilinə qəsd etmişdir. Bunu, süni şəkildə ört-basdır etmək üçün isə naməlum «Azərbaycan dili» və «Azərbaycan milləti» (etnik mənada) ortaya atılmış, sovet alimləri isə «yeni millətin» dilini və milli kimliyini əsaslandırmaq üçün mübarizəyə başlamışlar.

Türk kimliyinin və türk dilinin qadağan olması, əvəzində Azərbaycanda Azərbaycan türkləri ilə yanaşı, ən azı 13 «millət»in meydana çıxmasından sonra, irəli sürülən «yeni millət» və «yeni dil» ideyası milli mənlik şüurunun məhvinə yönəlmişdir. Belə ki, sovet ideoloqları bir tərəfdən Azərbaycan türklərinin milli mənlik şüurunu məhv etməyə çalışmış, digər tərəfdən sovetləşmə, «xalqlar dostluğu»-«beynəlmiləl­çilik» adı altında kosmopolit şüur formalaşdırmağa çalışmışlardır. Bu «xalqlar dostluğu»-«beynəlmiləlçilik» ideologiyasına görə, Azərbaycan türklərinə milli kimlikləri və milli dilləri naməlum «azərbaycanlı» etnik kimliyi və «Azərbaycan dili» adı altında unutdurulmalı, ancaq bu zaman digər etnik azlıqlar isə bu prosesdən kənarda saxlanılmalı idi. Etiraf edək ki, sovet rəhbərləri və ideolqları bu məsələdə Azərbaycan türklərinin milli şüurunu xeyli dərəcədə zədələməyə nail olmuşlar. Belə ki, sovet ideologiyasının təxribatı olan bu «yeni mllət» və «yeni dil» ideyası bu günə qədər də aktuallığını qoruyub saxlamaqdadır. Ən acınacaqlısı odur ki, bu faktordan nəinki Azərbaycanın xaricində, hətta daxilmizdə də sui-istifadə edənlər olmuşdur və indi də var.

Belə ki, SSRİ dövründə meydana çıxan «yeni millət» və «yeni dil»in varlığını Azərbaycanın daxilində nəyin bahasına olursa-olsun, müdafiə edənlər bu zaman ilk növbədə, etnik azlıqların maraqlarını önə çəkmişlər. Hələ, SSRİ dövründə bəzi Azərbaycan alimləri (İ.Əliyev, F.Məmmədova və b.) bu amillərdən çıxış edərək yazırdılar ki, «yeni dil» və «yeni millət» türklərlə deyil, ya qafqazdilli etnoslarla, ya da irandilli etnoslarla bağlıdır. Hətta, onların iddiasınca qədim dövrdə Azərbaycanda türklər deyil, qafqazdilli albanlar, ya da irandilli etnoslar ermənilərdən öncə bu bölgədə yaşamış, guya son əsrlərə qədər burada aparıcı millət olmuşlar. Şübhəsiz, bütün bunlar SSRİ dövrünün rəhbərlərinin və ideoloqları tərəfindən ortaya atılmış, milli-türk ruhlu azərbaycançılığa qarşı yönəlmiş «xalqlar dostluğu»-«beynəlmiləlçi» azərbaycançılığın yeni dövrdəki təzahürləridir. Azərbaycan türklərinin milli kimliyinin və milli dilinin qəsdinə yönəlmiş «xalqlar dostluğu»-«beynəlmiləlçilik» ideologiyasının həyata keçirilməsində isə bəzi yerli alimlərin maraqlı olması da başa düşüləndir. Əgər sovet rəhbərləri və ideoloqlarına Azərbaycanın nüvəsini təşkil edən türklərin məhvi maraqlı idisə, bu yolda  geniş imkan yaratdıqları bəzi yerli alimlərə də öz «millət»lərini təsdiq etdirmək önəmli idi. Bu baxımdan, Sovet Rusiyasının «parçala və hökm sür!» siyasətinə uyğun olaraq Azərbaycanın nüvəsini təşkil edən türklərin məhv edilməsi, əvəzində Azərbaycanda çoxlu «millət»lərin yaradılması prosesi dünənimizin acı bir reallığıdır.

Bu gün həmin reallıqları dərk edib nəticə çıxarmaq əvəzinə, bir çoxları hələ də SSRİ rəhbərlərinin və ideoloqlarının vaxtilə müəyyənləşdirdikləri «xalqlar dostluğu»-«beynəlmiləlçilik» ideologiyasını davam etdirməklə məşğuldurlar. Sadəcə olaraq, SSRİ dövründə bütün bunlar «xalqlar dostluğu»-«beynəlmiləlçilik» ideologiyası adı altında həyata keçirildiyi halda, indi onu azərbaycançılıq əvəz etmişdir. Bu zaman azərbaycançılıq dedikdə isə, daha çox ümumi müddəalar (biz azərbaycanlılarıq, Azərbaycan vətəndaşlarıyıq, Azərbaycan hamımızın vətəni və dövlətidir və s.) irəli sürülərək onun yaranması və inkişaf mərhələləri səthi şəkildə təqdim olunur.

Ona görə də, fikrimizcə hazırda milli ideologiya ilə bağlı əsas problemlərdən biri milli-türk ruhlu azərbaycançılıqla SSRİ ideoloqlarının ortaya atdıqları «xalqlar dostluğu»-«beynəlmiləlçi» ruhlu azərbaycançılıq arasında dəqiq təsəvvürlərin olmamasıdır. Bu fərqlər nəzərə alınmadan ümumilikdə azərbaycançılıq türkçülük ideyasına qarşı qoyulur ki, bununla da səhv nəticələr çıxarılır. Hətta, iddia olunur ki, ümumilikdə azərbaycançılıq və türkçülük bir-birinə eynilikdən daha çox alternativlik təşkil edir. Deməli, ilk növbədə bu yanlış təsəvvürü aradan qaldırmaq lazımdır. Bunun üçün isə, türkçülük və azərbaycançılığı müqayisə etməzdən öncə, milli-türk ruhlu azərbaycançılıqla «xalqlar dostluğu»-«beynəlmiləlçi» ruhlu azərbaycançılığı bir-birindən ayırmaq lazımdır. Yalnız bu halda bəlli olacaq ki, türkçülük hansı azərbaycançılığa alterantiv, hansı ilə isə eynilik təşkil edir. Fikrimizcə, bu məsələlərə aydınlıq gətirmədən türkçülüyü azərbaycançılığa və yaxud əksinə azərbaycançılığı türkçülüyə qarşı qoyanlar, müəyyən mənada SSRİ ideoloqlarının ideyalarını yaşatmaqla məşğuldurlar. Ən maraqlısı isə odur ki, azərbaycançılıq və türkçülüyü bir-birinə alterantiv kimi görənlər Sovet ideoloqlarının bu yönlü mülahizələrini də tamamilə inkar etmirlər.

Bu mənada, çağdaş dövrdə milli-türk ruhlu azərbaycançlığı yaradan türkçülükdən bəzən elə şəkildə bəhs olunur ki, sanki (SSRİ-nin Azərbaycanı işğal etdiyi) 1920-1930-cu illərdə yaşayırıq. Həmin dövrdə Sovet rəhbərliyi və onların ideoloqları türkçülük ideyasının Azərbaycan türklərinin yaddaşından silmək üçün təxminən 20 ilə qədər (1920-ci ildən 1936-cı ilədək) çalışdılar. Ancaq bu milləti asanlıqla diz çökdirə bilməyəcəklərini, yəni tək-tək onları öldürməklə, yaxud da müxtəlif şirinlikdirilmiş təkliflərlə işin bitmədiyini görüb 1930-cu illərdə bir tərəfdən kütləvi repressiyalara əl atmış, digər tərəfdən separtizmin əsaslarını işləyib hazırlamışlar. Unutmaq lazım deyil ki, sovet rəhbərliyi yalnız kütləvi repressiyalardan sonra türkçülüyü və onun Azərbaycanda bariz təcəssümüsü olan milli ruhlu azərbaycançılığı rəsmən qadağan etmiş, dünənə qədər milli kimliyi türk, milli dili türk dili adlanan bir millətin üstündən amanzıcasına xətt çəkmişlər. Yəni demək istədiyimiz odur ki, o zaman da türk­çü­lüyü əngəl kimi görənlər olmuşdu. Ancaq onda türkçülüyü inkişafa əngəl kimi görənlər sovet rəhbərliyi və onların Azərbaycandakı əlaltıları idilər. Onlar deyirdilər ki, Azərbaycanın gələcəyi ancaq rus xalqı, onun mədəniyyəti, dili, ədəbiyyatı, əlifbası, bir sözlə rusun nəyi varsa onunla bağlıdır. Güya, türk kimliyi, türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı, bir sözlə türklüyə aid nə varsa, hamısı gerilikdir, inkişafa  əngəldir.

Çox təəssüf ki, bu gün də türkçülüyü başqa formada gerilik, Azərbaycanın inkişafına, hətta, güya, liberalizmə, modernləşməyə və demokratiyaya əngəl kimi görənlər tapılır. Bütün bunlar türkçülüyün mahiyyətini saxtalaşdırmaqdan başqa bir şey deyildir. Hələ, 20-ci əsrin əvvəllərində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə və başqa mütəfəkkirlərimiz türkçülüyün, o cümlədən onun bariz nümunəsi olan milli ruhlu azərbaycançılıq liberalizmə, demokratiyaya zidd olmadığını, əksinə onlarla üst-üstə düşdü­yünü elmi-nəzəri cəhətdən əsaslandır­mışlar. Bu baxımdan hər hansı mənada azərbaycançılığın yaranmasında mühüm rol oynayan türkçülüyün liberalizmə, demokratiyaya, modern­ləş­­mə­yə zidd sayanlar ya məsələnin əsil mahiyyətini bilmirlər, ya da bilərəkdən bu cür mülahizələr irəli sürürlər.

Unutmaq olmaz ki, bütün zamanlarda və indinin özündə də, müəyyən istisnaları nəzərə almasaq,  hər bir dövlətdə onun aparıcı nüvəsini əsasən, bir millət təşkil etmişdir. Digər etnik azlıq­­lar isə, həmin dövlətlərin tərkibində müəyyən nüfuzlarına görə bu və ya digər dərəcədə iştirak etmişlər və ya edirlər də. Hətta, əgər bir dövlətin (İsveçrə, Kanada, Belçika və b.) yaranmasında və hazırkı durumunda iki ayrı-ayrı millət eyni rolu oynamışdırsa, bu da həmin dövlətin Konstitusiyasında (milli dil və s.) öz əksini tapmışdır. Yəni hər bir inkişaf etmiş dövlətdə başa düşürlər ki, vətəndaşlıq, yurddaşlıq yəni dilindən, etnik mənsubiyyətindən asılı olmyaraq yaşadıqları dövlətdə bərabər hüquq və azadlıqlara malik olmaları ilə yanaşı, bu ölkədə əksəriyyəti təşkil edən bir millətin milli kimliyinə, milli dilinə də göz yumula bilməz. Bu mənada, Azərbaycan Respblikasında yaşayan Azərbaycan türklərinin də hər hansı formada milli dilinin və milli kimliyinin Konstitusiyada öz əksini tapması istəyi təbiidir. Fikrimizcə, bunu etnik azlıqlara qarşı şovinist siyasət, yaxud da dövlətçiliyə qarşı təhlükə kimi dəyərləndirmək doğru deyildir.

Bu mənada, milli ruhlu azərbaycançılıqla türkçülüyü bir-biri ilə uzlaşdırmaq əvəzinə, əksinə onları bir-birinə tamamilə alternativ kimi qələmə vermək Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün çox təhlükəlidir. Ona görə də, Azərbaycan milli ideyası dedikdə kosmopolit, ya da qeyri-müəyyən deyil, türkçülüyə, vətənçiliyə, dövlətçiliyə, islamçılığa, modernləşməyə əsaslanan milli ruhlu azərbaycançılıq önə çəkilməlidir. Çünki milli ruhlu azərbaycan­çılıq vətənçilik, dövlətçilik anlayışları kimi, türkçülük və islamçılıqdan da güc alır. Fikrimizcə, bu cür nəzər nöqtəsindən milli ruhlu azərbay­can­çılıq etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ideologiyası ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir