Modern.az

Hərbi hissəyə səfər (fotolar)

Hərbi hissəyə səfər (fotolar)

Reportaj

17 Mart 2010, 16:53

“Şəhid anaları” xeyriyyə cəmiyyətinin Füzuli rayon təşkilatının təşəbbüsü ilə cəbhə bölgəsinə  yollanan qrup arasında olmaq, barıt qoxuyan yurd yerimizə baş çəkmək mənim üçün ciddi bir hadisə idi. Uşaq ikən məcburən tərk etdiyim bölgəyə bir də 17 ildən sonra gedirdim. Füzulidəki “N” saylı hərbi hissədə keçiriləcək tədbirdə hərbçilərə Novruz sovqatı veriləcək, tanınmış müğənnilər Nizami Abdullayev, Səyyad Əlizadə, aşıq Mehdi Mənsimov, bədii qiraət ustası Ağalar Bayramov əsgərlər qarşısında çıxış edəcəkdilərlər. Bizi “N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Zaur Məmmədov və şəxsi heyət qarşıladı. Əsgərlər Novruz bayramı günlərində cəbhə xəttində yerləşən hərbi hissənin ziyarət olunmasına sevinirdilər.

Hərbi hissədə düzənlənən tədbirdə “Şəhid Anaları” Cəmiyyətinin sədri Mənsurə Alışova əsgərləri Novruz bayramı münasibətilə təbrik etdi. Tədbirin aparıcıları, bədii qiraət ustaları Ağalar Bayramov və Zülfiyyə İsmayılovanın səsləndirdikləri hərbi vətənpərvərlik ruhunda olan şeirlər əsgərlərin ovqatına müsbət təsir etdirdi. Tanınmış müğənni Nizami Abdullayevin ifa etdiyi “Vətən oğlu” mahnısı və  onun rəhbərlik etdiyi “Zabul” instrumental ansambılının ifaları isə hərbçilərin ovqatına özgə bir rəng qatırdı. Qeyd edim ki, tədbir keçirilən gün hərbi hissəyə övladlarına baş çəkməyə gələn xeyli valideyn vardı və onlar da bu mərasimdə həvəslə iştirak edirdilər.

Əsgərlərdən birinin “Qarabağ şikəstəsi”ni ifa etməsi isə tədbirin ən yaddaqalan məqamların biri oldu. Digər tanınmş müğənni Səyyad Əlizadənin ifa etdiyi şən manıların təsiri altında əsgərlər rəqs etməkdən doymurdular.

Füzuli Dövlət Dram Teatrı kollektivinin göstərdiyi tamaşalarla tədbir yekunlaşdı. Novruz bayramı münasibətilə əsgərlərimizin döyüş əzmini daha da artırmaq, onları ilhamlandırmaq üçün bir neçə saatlıq görüşümüzü yekunlaşdırıb geriyə yola düşdük.

 

 

 

 

 

 

 

 

Günay Musayeva

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir