Modern.az

Həmkarları səhhəti pisləşən xalq şairi Söhrab Tahiri bircə beytilə tanıyır

Həmkarları səhhəti pisləşən xalq şairi Söhrab Tahiri bircə beytilə tanıyır

Ədəbi̇yyat

23 Aprel 2013, 10:28


Xalq şairi Söhrab Tahir Müdafiə Nazirliyinin hospitalında müalicə olunur. Tezliklə sağalacağına ümid edən şair ayağa dürduqdan sonra Beyləqandakı hərbi hissəyə baş çəkmək niyyətindədir. Modern.az nisgilli ömür yolu, böyük dərdləri çiyinlərində daşıyan, doğmalarından 40 ilə yaxın bir zaman müddətinə qədər ayrı yaşayan şair barədə tanınmış söz adamlarının təəssüratlarını sizlərə çatdırır.

Əkbər Qoşalı: “Söhrab Tahirə, qocaman Xalq şairimizə Tanrıdan can sağlığı diləklərimlə başlamaq istərdim sözə.

İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha", –  

deyən xalq şairi ilə ayrı-ayrı ədəbiyyat toplantılarda görüşümüz dışında özəl görüşüm, dərdləşməm olmayıb. - Bu anlamda onun haqqında xatirə danışmaq imkanım yoxdur. Ancaq hesab edirəm, mən də, başqa vətəndaşlarımız da Söhrab Tahir haqqında bilgilərə sahibik, onun haqqında danışmağa sözümüz var. Bu, ilk sırada Güney Azərbaycandır, ədəbiyyatımızda Güney mövzusu ilə bağlıdır - ən doğma, həssas və vacib mövzu ilə... İkincisi, onu ədəbiyyat təsərrüfatımız üçün gələnəksəl olan intriqalarda görməmişəm - məndə bu barədə bilgi yoxdur, onun intriqalara qoşulmadığına inanıram. Üçüncüsü, Söhrab Tahiri gənc nəslə məhəbbət bəsləyən bir aydın bilirəm - məncə, bu da vurğulanası özəlliklərdəndir. Dördüncüsü, Söhrab Tahir ədəbi məhsuldarlıqla estetik dəyərlərin, vətənpərvərliklə bədii meyarların sınırlarını ustalıqla gözləmiş - daha doğrusu, bunu doğal olaraq təmin etməyi bacarmış şairdir.
Bir daha Söhrab müəllimə can sağlığı diləyirəm. Yastığı yüngül olsun!”.

Rüstəm Behrudi:  “O mənim yadımda bircə misra şeirlə qalıb. Bu misra əsas verir ki,  o böyük şairdi. Uzun müddət “Yazıçı”  nəşriyyatında poeziya üzrə redaktor işlədim. Böyük-böyük şairlərin kitablarını mən redaktoru olmuşam. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sabir Rüstəmxanlının və s.-in kitablarının redaktoru olmuşam. Bircə misradan bilirəm ki, şair necə şairdir.

İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha.

Bu misra göstərir ki o böyük şairdir. Onunla dostluğum olmayıb. Amma tədbirlərə getmişik. Onda mən cavan bir şair idim o isə ağsaqqal bir adam idi. Mənim onunla heç bir  münasibətim olmayıb. Amma bir-birimizi tanıyıb hörmət etmişik”. 

Vaqif  Bayatlı Odər: “Onun haqqında əlbəttə ki, xatirə danışmayacağam. Allah ona can sağlığı versin. Çox dəyərli bir şairdir. Gəncliyimizdə Cənub hərəkatı çox güclü inkişaf edirdi və Söhrab Tahirin şeirlərinin də bu inkişafda xüsusi rolu var idi. Arzu edirik ki, 100 yaşasın. Onunla sonuncu dəfə 5-6 il bundan əvvəl görüşsək də  çox böyük hörmətimiz var”.

Vahid Əziz : “Çox nisgilli, başı bəlalar çəkmiş bir şairdir. Şimallı-cənublu onu hamı çox istəyir. O həm çox maraqlı insan, həm də çox maraqlı şairdir. Mən onu özümə həmişə böyük bilmişəm, həmişə də belə biləcəyəm. Onun hamının dillər əzbəri olan məşhur beyti göstərir ki, o , necə də maraqlı insandır”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi