Modern.az

Cəmil Quliyev İctimai Teleradionun yeni baş direktoru seçildi

Cəmil Quliyev İctimai Teleradionun yeni baş direktoru seçildi

Media

23 Aprel 2013, 12:10

Bu gün Milli Televiziya və Radio Şurasının inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilib.

Modern.az saytının məlumatına görə, seçkilər öncəsi İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı var idi: Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və  Hüseynov Emin Rafik oğlu.

Səsvermə nəticəsində Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə  seçilib.

Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanununa görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə hər 4 ildən bir seçki keçirilir.

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, “Mozalan” satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru işləyib. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi seçilib. Mərhum professor Elşad Quliyevin oğludur.

Xatırladaq ki, dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsilə vidalaşan İsmayıl Ömərov 3-cü dəfə namizədliyini verməyib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi