Modern.az

Media ekspertlərindən İTV-nin yeni rəhbərinə tövsiyə: “Ekranda müxtəliflik görmək istəyirik”

Media ekspertlərindən İTV-nin yeni rəhbərinə tövsiyə: “Ekranda müxtəliflik görmək istəyirik”

23 Aprel 2013, 15:48

Bu gün Milli Teleradio Şurasında keçirilən seçkidə İctimai Televiziya və Radio Şirkətinin yeni baş direktoru Cəmil Quliyev seçildi. Seçimin belə olacağı hələ mətbuta əvvəlcədən məlum olsa da, bundan narazı olanlar da var idi. Bəs media ekspertləri yeni baş direktor seçimini necə qiymətləndirirlər?

Media eksperti Zeynal Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, demokratiyada şəxslər önəmli deyil, prosesin özü önəmlidir. Yəni bu prosesdə nəyin diqqət mərkəzində dayanması önəmlidir.
“Baş direktorluğa namizəd olanların hansı proqramlara çıxış etməsi və sabahki günü buna riayət edib-etməyəcəyi önəmlidir. Yoxsa Əlinin yerinə Vəlinin olması önəmli deyil. Cəmil Quliyev Moskvada Ümumittifaq Kinematoqrafya İnstitutunda kinorejissorluq ixtisası üzrə təhsil alıb. Bir baxımdan televiziya təcrübəsi var, amma bu, jurnalist təcrübəsinə uyğun deyil. Burada söhbət menecerlikdən gedir”.

Z. Məmmədli vurğulayıb ki, bütövlükdə ictimai yayım fəlsəfəsi, Azərbaycan məkanında ictimai yayımı gerçəkləşdirməsi, Azərbaycan vətəndaşlarının özünün ifadə etməsinə maksimum şərait yaratması önəmlidir.

“Burada da istər-istəməz hakimiyyət-media münaibətləri ön plana çıxır. Bununla bağlı çox suallar var və bu sualları indiki şəraitdə cavablandırmaq mümkün deyil. İnsani keyfiyyətlər siyasi məsələlərlə toqquşur.

Önəmçi odur ki, bundan sonra İTV ictimai yayım prinsiplərinə cavab verəcək, ya yox. İTV elə bir veriliş tipi edəcəkmi ki, biz onu heç bir özəl kanalda görmürük? Xəbərlərdən tutmuş bütün verilişlərdə siyasi plürazilzm bu televiziyanın əsas şuarına çevriləcəkmi? Bütün müxtəlifliyi o ekrandan görə biləcəyikmi? Bu tip çoxlu suallar var”, – deyə Z. Məmmədli əlavə edib.

Telejurnalist İlqar Əlfioğlu bildirib ki, Cəmil Quliyev yaxşı televiziya mütəxəssisidir, zövqlü və savadlı insandır.
“Əslində İTV-nin fəaliyyətindən narazı olanlardan deyiləm. Güman edirəm ki, Cəmil Quliyevin gəlişi ilə onun zövqünə söykənən yenilikləri efirdə görəcəyik”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır