Modern.az

Ziyalılar bu kitabları oxumağı məsləhət gördülər

Ziyalılar bu kitabları oxumağı məsləhət gördülər

Ədəbi̇yyat

23 Aprel 2013, 17:15


Bu gün Beynəlxalq Kitab Günüdür. Bütün dünya hər il aprelin 23-ünü kitablara həsr edir. Maraqlıdır, ziyalılar hansı kitabları oxumağı məsləhət bilirlər?
Modern.az bununla bağlı sorğu keçirib.

  Sayman Aruz (yazar, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri):
“Mən də bu gün bütün ədəbiyyat sevər dostlarımı təbrik edirəm. Yunan yazarı Nikos Kazantrakisin "Zorba" və "Məsihin son xaçı" kitablarını hamıya məsləhət görürəm. Eyni zamanda Karlos Kastandanın əsərləri də Azərbaycan oxucularında maraq doğura bilər. Xalq şairi Söhrab Tahirin yazdığı “19” romanını oxumasını,a hamıya təklif edirəm. Söhrab Tahir çox güclü yazardır və Azərbaycan oxucusu onu oxuyub tanımalıdır”.

Nəriman Əbdürrəhmanlı (tərcüməçi-yazar):
“Belə kitablar yüzlərlədir. Məsələn, Orxan Pamukun "Qara kitab" və "Mənim adım qırmızı" romanları, Ahmet Ümitin "İstanbul xatirəsi", Tomas Vulfun, Xorxe Luis Borxesin, Migel Anxel Asturiasın, Tomas Bernhardın, Otar Çeladzenin bütün əsərlərini tövsiyə edirəm”.

Qüdrət İsakov (professor, fizik a riyaziyyat elmləri doktoru):
“İlk növbədə, Azərbaycan oxucusuna, ələlxüsus da gənclərimizə həm klassik, həm də müasir Azərbaycan və dünya ədəbiyyatının incilərini oxumağı məsləhət görürəm. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Nizami, Nəsimi, Füzuli, Axundov, Cabbarlı, Səməd Vurğun, Hüseyn Cavidin əsərlərini mütləq oxumağı tövsiyə edirəm. 20-ci əsrin ikinci hissəsində yaşayıb möhtəşəm əsərlər yaradan İsmayıl, Şıxlı, İsa Hüseynov, Vaqif Səmədoğlunun və digərlərinin əsərləri də gözəl nümunələrdir. Arzu edirəm ki, Azərbaycan oxucusu müasir dövrümüzün ədəbiyyatını mütləq arayıb axtarsın. Şəxsən mən özüm Azərbaycanda günümüzün poemalarını, povest və romanlarını demək olar ki, görmürəm. İstəyirəm ki, ədəbiyyatımız gənclərimizdə vətənpərvərliyə rəvac verən əsərlərlə zənginləşsin. Mən həmişə yazıçılarımız və şairlərimiz qarşısında məsələ qaldırıram ki, günümüzün ədəbiyyatını yaradın. Azərbaycan oxucularına da tələbkar olmağı şairlərimizdən və yazıçılarımızdan bu günün ədəbiyyatını tələb etmələrini tövsiyə edirəm. Konkret kitab adı çəkmək istəmirəm. Ona görə ki, ədəbiyyatda obyektivliklə yanaşı zövqlər məsələsi də var”.

Amil Avey (publisist):
“Mənim sevdiyim şair və yazıçılar Nizami, Füzuli, Şəhriyar, Səməd Vurğun, Məmməd Araz, İsmayıl Şıxlıdır. Onların kitablarını da millətin yarıdan çoxu oxuyub. Ancaq mənim "Gor andı" kitabımı çox az adam oxuyub. Xahiş edirəm tapıb oxusunlar”.

Adil Mirseyid (şair):
“Stivensonun “Dəfinələr adası”, Nazim Hikmətin şeirlərini, Səyyad Xamisin şeirləri, bizim ədəbiyyatdan isə Vaqif Cəbrayılzadəni deyərdim”.

Həmid Herisçi (yazıçı, telejurnalist):
“Göy üzünü oxusunlar. Mənim üçün ən maraqlı kitab göy üzü və buludlardır. Çalışıb onu oxusunlar”.

Nadir Bədəlov (kinoşünas):
“Ən yaxşı kitab həyatın özüdür, sonra Qurani-Kərimi oxumaq lazımdır. Ədəbiyyat sahəsində isə 3 böyük klassiki oxumaq daha məsləhətlidir: Nizami, Füzuli və Nəsimi”.  

Elmin Nuri
 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi