Modern.az

Azay Quliyev türkiyəli qonaqlarla görüşdü

Azay Quliyev türkiyəli qonaqlarla görüşdü

24 Aprel 2013, 09:50


Arelin 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Türkiyə Cümhuriyyətinin Yurtdışı Türkler və Akraba Toplulukları Başkanı Kemal Yurtnac və Türkiyənin Azərbaycandakı  səfiri Alper Coşkun ilə görüşdü. Baş ofisi Ankarada yerləşən Yurtdışı Türklər və Akraba Toplulukları Başkanlığı bütün dünyada yaşayan türk xalqları ilə əməkdaşlıq əlaqələri yaratmaqla məşğuldur.

Azay Quliyev bu ilin mart ayında Şuranın nümayəndə heyətinin Ankaraya səfəri zamanı Türkiyə rəsmilərilə görüşlərdə əldə edilmiş anlaşmalardan sonra iki ölkənin vətəndaş cəmiyyəti qurumları arasında münasibətlərin yeni mərhələyə keçdiyini bildirdi. A.Quliyev iyun ayında Türkiyə nümayəndə heyətinin Bakıya səfəri zamanı Şura ilə Türkiyənin analoji qurumları arasında imzalanacaq Anlaşma Memorandumunun işçi qrupu tərəfindən hazırlandığını qeyd etdi. Şura sədri memorandumda nəzərdə tutulmuş müddəaların iki qardaş ölkənin ictimai sektorlarının əməkdaşlığı üçün çox mühüm əhəmiyyət daşıdığını vurğuladı.    

A.Quliyev 29 aprel-2 may tarixlərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçiriləcək forumunda Azərbaycan nümayəndə heyətinin iştirak edəcəyini bildirərək, forum çərçivəsində, eləcə də xarici əməkdaşlıq əlaqələrində türkiyəli həmkarlardan Şuranın başlatdığı “Şuşaya azadlıq!” kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırdı. A.Quliyev Azərbaycanın musiqi beşiyi, mədəniyyət incisi olan Şuşanın işğalına və orada davam edən erməni vandalizminə qarşı bütün dünyanın etiraz səsinin qaldırılmasına nail olmağın zəruriliyini bildirdi.     

Kemal Yurtnac müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirdi və Türkiyənin    Azərbaycana daim dəstək verdiyini qeyd etdi. Görüşdə Şura ilə Yurtdışı Türklər və Akraba Toplulukları Başkanlığı arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparıldı.

  Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir