Modern.az

QHT müsabiqəsi: tənqidə əsas varmı? (QHT rəhbərlərinin rəyləri)

QHT müsabiqəsi: tənqidə əsas varmı? (QHT rəhbərlərinin rəyləri)

Qarabağ

17 Mart 2010, 19:47

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üzrə 1-ci maliyyə müsabiqəsinin qaliblərini elan edəndən sonra bəzi mətbu orqanlarda bu qurumun işinə tənqidi və ironik yanaşmalar ortaya qoyulub. Bu yazılarda QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqə və qalib layihələr tənqid olunur. Modern.az bəzi tanınmış QHT rəhbərlərinin deyilənlərə münasibətini öyrənib.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilov sözügedən müsabiqə barədə tənqidi yanaşmalarla razı olmadığını qeyd edib: “Düzdür, QHT-lərin bəziləri Şuraya daha yaxşı layihələr təqdim edə bilərdilər. Amma qalib gələn layihələri ümumilikdə ictimai əhəmiyyətli saymaq olar. Şura təbii ki, yaxşı layihələrə pul ayırıb. Əgər Qarabağ problemi ilə bağlı məsələlərinin beynəlxalq aləmə çatdırılması istiqamətindəki layihələrə maliyyə ayrılıbsa, bunun nəyi pisdir. Bununla belə, məncə təqdim olunan layihələrin keyfiyyəti bir qədər də artırılmalıdır”. N.Adilov Şuranın fəaliyyətinin tənqid edilməsini normal hal hesab edir: “Tənqid də, tərif də olmalıdır. Ancaq media nümayəndəsi tənqid etməzdən əvvəl Şuranın da mövqeyini öyrənməlidirlər. Abstrakt, lokal xarakterli layihələri media nümayəndələrinə də versələr, onlar həmin layihələrdən imtina edəcərlər. Deməli, Şura hər təqdim olunan layihəyə pul ayıra bilməz. Şuranın vəsaitini də nəzərə almaq lazımdır. Elə QHT var ki, daha çox maliyyə vəsaiti istəyir. Biz ən az maliyyə yardımı alanlardan biriyik. Amma yenə də ittiham etmirik. Bu donordur. Hər halda onu tənqid etmək yersizdir”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev müsabiqə barədə müsbət fikirdədir: “Layihələrin hamısından xəbərim yoxdur. Amma əksəriyyətinin adını oxumuşam və onların ictimai yükə malik olduğunu söyləmək olar. Yəqin ki, qiymətləndirilən layihələr əhəmiyyətlidir ki, onlara qrant ayırıblar. QHT-lərə Dövlət Dəstəyi Şurasında savadlı mütəxəssislər var. Yəqin ki, kiminsə sənədində səhv olub, qabaqcadan qoyulan şərtlər gözlənilmədiyindən bəzi layihələr geri qaytarılıb. Etiraz edənlər daha çox özlərinin və yaxınlarının layihələri keçməyənlərdir. Ona görə də qeyri-şəffaflıq barədə deyilənləri subyektiv yanaşma saymaq lazımdır”.

 

“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi müsabiqədə qalib gələn layihələrin əksəriyyətinin vətəndaş cəmiyyətinin quruculuğu işinə töfhə verə biləcəyinə əmindir: “Əvvəlki müsabiqələr necə keçirildisə, indi də həmin qayda gözlənilib. Təbii ki, qalib gələn layihələr içərisində kifayət qədər ictimai əhəmiyyət kəsb edənlər çoxdur. Müsabiqənin nəticələrini bəyənənlər də var, bəyənməyənlər də. Bunların hamısı təbii haldır”. Vahid Qazi deyib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası keçirdiyi müsabiqənin elanını verir, müsabiqə mərhələlərin göstərir və nəticəni də öz saytında yerlləşdirir: “Bu şəffaflıqdan xəbər vermirmi? Amma xarici donor təşkilatlar nəinki müsabiqənin gedişatı barədə, ümumiyyətlə, keçməyən layihələr haqqında da məlumat vermirlər. Mətbuat bu məsələyə də diqqət yetirsə, daha obyektiv olar. Tənqid edənlər niyə beynəlxalq donor təşkilatlara da eyni yanaşma ortaya qoymurlar? QHT-lərə Dövlət Dəstəyi Şurasının əleyhinə danışmaq düzgün deyil”. V.Qazi deyir ki, bu dəfəki müsabiqədə verilən qrantlar QHT sektorunda ciddi dəyişiklik edəcək.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev istənilən müsabiqənin narazılıq doğura biləcəyini deyir: “Deyə bilmərəm bu müsabiqənin nəticəsindən razıyam, ya yox. Çünki prosesin içində olmamışam. Mən siyahıya baxdım. Əlbəttə ki, qaliblər arasında çoxlu maraqlı layihələr var. Ən yaxşını seçim komissiyasında iştirak edən insanlar bilərlər. Layihələrin adından görünür ki, dəyərli təşəbbüslərlə çıxış edənlər var. Nəzər almaq lazımdır ki, bu müsabiqə bir çox yerli QHT-lər üçün faktiki olaraq yeganə maliyyə mənbəyidir. Və onların yaşaması üçün müsabiqələrin müsbət rolu var”.

A.Əliyev bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının ötən il keçirdiyi müsabiqə ilə də bağlı tənqidi fikirlər olmuşdu: “O zaman bizim təşkilat debat da təşkil etmişdi. İstənilən müsabiqə razı, ya narazı, müsbət və mənfi fikirlərlə müşayət olunur. Bunların nə dərəcədə əsaslı olub-olmaması ilə bağlı yəqin ki, yaxın günlərdə müzakirələr aparılacaq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı müsabiqədən narazılıq etməyə heç bir əsas görmür: “Sadəcə olaraq biz işimizi bir qədər geniş götürmüşdük. Ona uyğun da maliyyə xahiş etmişdik. Ancaq bizə az pul ayrılıb. Onu deyim ki, verilən qranta uyğun da iş görüləcək. Mən öz layihəmizi və tanıdığım bir neçə QHT-nin layihəsi barədə deyərdim ki, onların çox böyük əhəmiyyəti var. Cəmiyyət tərəfindən də bu hiss olunur. QHT sektorunda müəyyən boşluqlar var ki, həmin boşluqları doldurmaq üçün bu müsabiqənin keçirilməsi vacib və əhəmiyyətlidir”. 

A.Nağı mətbuatda gedən tənqidi fikirlərlə qətiyyən razı olmadığını deyir: “Ötən ildə müəyyən narazılıqlar oldu. QHT rəhbərləri bilməlidirlər ki, bizim milli məsələlərə uyğun olan layihələri indiyə kimi maliyyələşdirən olmayıb. Halbuki, biz dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişdik. Beynəlxalq donorlar ancaq mənasız layihələrə yüz minlərlə dollar maliyyə ayırırlar. Ona görə də çətinlik var idi. Ancaq bu gün milli layihələr maliyyələşdirilirsə, buna hansısa kölgə salmaq və prosesi intriqa obyektinə çevirmək düzgün deyil. Düzdür, iş olan yerdə nöqsan da olur. Mən fikirləşirdim ki, ola bilər ki, bu il bizə qrant verməsinlər. Çünki müraciət edənlər həddən artıq çox idi. Maliyyə isə bu tələblərə uyğun deyil. Hesab edirəm ki, insanlar bunu başa düşməlidirlər”.

Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Qabil Rüstəmov da müsabiqədə qalib gələn əksər  layihələrlə bağlı yüksək fikirdə olduğunu deyir: “Bəzilərinin adını bilməklə mahiyyəti bəlli olmur. Ancaq təcrübəsi olan təşkilatların maraqlı ideyaları var. Mən mətbuatda yer alan tənqidi fikirlərlə tanışam. Hər kəsin təbii ki, istənilən bir hadisəyə özünün münasibəti ola bilər. Ancaq müəyyən mənada qərəzli rəylər də görürəm. QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan da 3 ildir ki, müsabiqə keçirir. Bizim təşkilat ötən ildən bu müsabiqədə iştirak edir. Hər birində də çox ciddi şəkildə şəffaflıq görmüşəm. Güman etmirəm ki, burada qınaqdan söhbət gedə bilər. Ola bilsin kimsə prosesin hansısa mərhələsini tənqid etsin. Bu da normaldır. Mən bu müsabiqənin keçirilməsini və layihələrə qrantların ayrılmasını ədalətli hesab edirəm”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov müsabiqə prosesinə ironiya ilə yanaşmaları subyektiv amillərlə bağlayır: “Nəticələrdən ümumən razıyam. Ancaq qalib gələn

layihələrin hamısı ilə tanış olmadığım üçün onlar barədə bir söz deyə bilmərəm”.

 

Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir