Modern.az

Beynəlxalq İdman Dırmanması Federasiyasının nümayəndəsi Bakıya gəlib

Beynəlxalq İdman Dırmanması Federasiyasının nümayəndəsi Bakıya gəlib

Aktual

24 Aprel 2013, 14:04


Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSS) Avropa Komissiyasının prezidenti Volfgang Vebel Bakıya işgüzar səfərə gəlib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Volfgang Vebelin  səfərinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.

Səfər zamanı Volfgang Vebel Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyində, o cümlədən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək. Eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.

Qeyd edək ki, Volfgang Vebel ilk təəssüratında IFSS-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. O, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSS-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSS-nin diqqətini cəlb etdiyini bildirib. Volfgang Vebel səfər çərçivəsində Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə  də tanış olacaq.

Qeyd edək ki, bu səfər eyni zamanda iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir