Modern.az

Karusel

Karusel

29 Aprel 2013, 13:17

[email protected] 

Hekayə

Toyun şıdırğı yerində özünü çatdırmışdı məclisə. Bu həndəvərdəki şadlıq evlərini bir-bir ayaqdan salmışdı. Bəxtindən ailə dostlarından biri foyedəydi. Əri mütləq burda olacaqdı. Özünü itirən Tahir “ay Xumar bacı, sən burda neynirsən” demək istəyirdi ki, sözünü boğazından qaytardı:

– Xoş gördük, Xumar xanım... Bilsəydik siz də gələcəksiz yanımızda yer şaxlardıq,- deyib suçuxdu. Əməlli-başlı həyəcanlanmışdı. Rəngi avazımış Xumar suala cavab  vermədən - çağır onu,- dedi.- Bilirəm, burdadı!

Çıxılmaz duruma düşən Tahir bir istədi Teymurun toyda olduğunu inkar etsin, qadının qırımına baxıb çəkindi. Necə olsa ailəvi dost idilər, gediş-gəlişləri vardı, bir ton duz-çörək kəsmişdilər.  

– Xumar bacı, sən alicənab qadınsan... Sənə yaraşmaz. Gəl bir taksiyə mindirim  get evə. Sakitləş. Axşam gələr, söhbət edərsiz. Bütün işçiləri, çevrəsi burdadı. Yaxşı düşməz...

Nazik dodaqları gömgöy göyərmiş Xumar hikkəylə qışqırdı: - Sənə dedim çağır o oğraşı, yoxsa özüm girəcəm içəri. O küçə qızının toyunu qara gətirməsəm, onu alan o biqeyrəti rüsvay eləməsəm, mən də heç Mehbalı kişinin qızı döyüləm.

Qadının əlləri əsirdi. Çöhrəsindəki bütün əzalar titrəyirdi. Tahir heç onu belə görməmişdi. Bu an sezdi ki, Xumarın dizindən qan sızır, ətəkləri də tozludur. Görünür, tələsdiyindən yolda yıxılmışdı. Toy salonuna girsə, Allah qorusun...  biabırçılıq ərşə dirənəcəkdi. Hirsi-hikkəsi yeri-göyü yandırırdı. Bir bəhanə tapıb onu burdan uzaqlaşdırmaq lazım idi. Tahir Xumarın qolundan tutub divanda oturtmaq istədi:
- Dizin sıyrılıb, ay Xumar bacı, salfet gətirim qanını sil.

Xumar bomba kimi partladı. Qadın get-gedə səsini yüksəldirdi. Foyedəkilər də diqqət kəsilib nə baş verdiyini öyrənməyə çalışırdılar. Naəlac qalan Tahir Teymuru çağırmağa getdi.

Məclisdə bir vur-çatlasın vardı, gəl görəsən. Teymur Arifəni qucağına sıxıb fırfıra kimi fırladırdı. Dövrə quran işçiləri də tamaşaya durmuşdu. Tahirin ürəyi qopdu, içində nə isə “gupp” elədi: “Xumarın gözündən iraq...” Tez qapıya  boylandı.

– Harda qalmısan, Tahir? Bayaqdan gözüm səni gəzir. Bir görəydin Teymur Rəcəbli məşuqəsinə nə təriflər qoşdu... Deyərsən bəs, ərə gedən mələkdi. İndi də kollektivini rəqsə qaldırıb. Bəy də maşallah yaman mərifətli oğlandı, quzunu qurda tapşırıb - deyib Tahirə göz vuran Əhməd istehzayla əlini oynayanlara tuşladı- yəqin hörmətdəndi...

O ara musiqi dəyişdi, bayaqdan əl çalanlar da “Süleymani”nin sədaları altında süzməyə başladılar. Tahirin bəxti gətirdi. Fürsətdən istifadə edib dostuna yaxınlaşa bildi: - “Tez eşiyə çıx. Xumar gəlib.”

Tahirin pıçıltıyla dediyi söz Teymura göy gurultusu kimi gəldi. Sanki qulağının dibindən möhkəm şapalaq ilişdirdilər, sifəti çuğundura döndü. Elə bildi hamı eşidib. Hövlnak çölə çıxdı. Xumarı görüncə qan beyninə sıçradı: - Nə gəzirsən burda, evin-eşiyin yoxduuu?!

– Düş qabağıma, oğraş. Sənnən evdə danışacam.

– Ağzını topla, məni hövsələdən çıxartma! Get burdan!

Xumar yerindən qımıldanmadı. Arvadın tərpənmədiyini görən Teymur  hədəyə keçdi: “Axşam baxarsan... Kimin kim olduğunu göstərəcəm sənə.”

– Səndə bir tikə abır-həya qalmayıb, utanmırsan? Neçə il başımın üstündə  q... saxladın doymadın, indi də toyuna gəlibsən?

– Nə qanmaz şeysən, aaz? Səni o nazirlikdə necə saxlayırlar bilmirəm. Məəttələm, o boyda şöbəni necə idarə edirsən...  Yüz dəfə demişəm, mənim heç kəslə əlaqəm yoxdu! Arifə mənim işçimdi. Hörmətimnən oynama. Görürsən, camaatın qızı ərə gedir, sən gəlib böhtan atırsan. Ayıbdı. Çıx get!!

O lal-dinməz kişi dönüb olmuşdu şiri-nər. Xumar qarşısındakını tanıya bilmirdi. Bu hökmlü, özündənrazı kişi onun əridi? Evdə qız-qadın söhbəti düşəndə mülayimcəsinə etiraz edən, arvadını incitməməyə çalışan Teymurdan əsər-əlamət yoxuydu bu adamda. - “Suyun lal axanıymış...”- Özü də yaman yaraşıqlıydı. Lap təzə bəyə oxşayırdı. Ağlı başında olmayan Xumar bunu qadınlıq sövq-təbiisilə duydu. Hikkəli səslə bağırdı:

– Sənsiz bir addım da atmaram! Düş qabağıma dedim! Yoxsa...

Xumar nə təhər reverans elədisə, Teymur onda gördü ki arvadı məclisin qapısındadır. Kişi iri addımlarını atıb onu güclə tutdu. Teymur hündür boylu, pəhləvan cüssəliydi, arvadı isə bəstəboy, tökməbədən. Xumarın boynunun ardından tutub nə təhər sıxdısa, qadının ürəyi getdi, tir-tap yerə yıxıldı. Arvadını sərçə kimi yerdən alıb divana uzadan Teymur tez ofisiantları hayladı. Elə bil əmrə müntəzir dayanmışdılar. O saat peyda oldular. Dava-dərman tapıb gətirdilər.

Xumar gözlərini açanda ilk gördüyü Teymurun acıqlı gözləri idi. Daha deyiləcək söz qalmamışdı. Qadın durub suyu süzülə-süzülə evinə yollandı. Ağlaya bilmədi. Nə yolda, nə evdə. Boğazına nəsə tıxanmışdı.

***

O axşam Teymur Rəcəbli toyda doyunca oynadı. Yedi-içdi, dedi-güldü, bir nəşələndi gəl görəsən. Bəy yalan olmuşdu. Gəlinin çalışdığı şirkətin böyüyü hamıdan çox sevinirdi. Bütün toyu üç dost – Teymur, Əhməd və Tahir ortadan çıxmadılar. Hərçənd Tahir bir az sarsılmışdı, ürəyində hey söylənirdi ki, “Xumarın gəlişi yaxşı olmadı, heç yaxşı olmadı...Xumar bacı ləyaqətli qadındı. Gərək bu həngaməni özünə rəva görməyəydi...” Gözə görünməyən vicdan ona rahatlıq vermirdi. Nəhayət, araqla beynini deşən ağrıları birtəhər keyləşdirib özünü yenidən toy əhvalına köklədi. Əslində dostların ailəsi bu izdivaca Xumarın qələbəsi kimi baxırdılar. “Bir əyləncəydi, keçdi getdi. Qız ailə qurur, deməli, Teymurla əlaqələri kəsilib. Baş gicəlləndirən eşqdən heç nə qalmayıb... Ər-arvad arasındakı söz-söhbətsə boş şeydir. Barışarlar... Ortada üç uşaq var.”

Teymur o gecə evə gəlmədi. Xumar sabaha qədər həyətdə oturub, qapının taqqıldamasını gözlədi. Amma nə maşın səsi eşidildi, nə də qapı döyüldü. “Küsdü. Ayıbına kor olmur, bu yolla mənə dərs verir. Ora getməyim şəninə toxundu. Lap yaxşı elədim. Bu neçə ildə ürəyim şişdi. Havaxta qədər susacam. ...Görəsən, harda gecələyib? Yəqin dostlarıyla gecə klublarından birində əylənir. Həə, cənab Rəcəbli, demək istəyirsən “baaax, indi heç kəs yoxdur, amma gəlmirəm!” Olsun...”

Xumar qaranlıq həyətdə oturub qara günlərini qablayırdı. Bundan sonra kişini əlində tuta biləcəkmi? -“Yaxşı, o q... ərə getdi, başqaları peyda olmayacaq?  On iki ildi evlənmişik. Nə qandım bu illərdə? Dişimnən-dırnağımnan ev qurdum Teymura. Əli qazanca çatanda əlimdən çıxdı.”

Şaqqıltı səsi qadını fikirdən ayırdı. Budaqlar bir-birinə dəydi. Damda boğuşan pişiklər ağacın üstünə tullanmışdılar. “Gecənin bu vaxtı əməllərinə bax. Çor dəysin sizə”,- deyib yenə öz dünyasına daldı: -“Bizi pis saxlamayıb. Di gəl ki, kallığı canımı boğazıma yığıb. Ona söz qandırınca, evdə bir işi gördürüncə anadan əmdiyim süd burnumdan gəlib. Uşaqlar iriləndikcə “baz”lığı da bir yandan çıxdı ortaya. Bu dərdə hansı qadın dözər? Nənəm demiş, gözəl ağa çox gözəldi, vurdu çiçək çıxartdı. ...Elə bu qancığa da kallığından ilişmişdi. Qanıb-qandırmır ki. Bildiyi ancaq çertyojdu, daşdı-qumdu-sementdi. Adamlardan baş çıxartmır. O çoxbilmiş Teymuru yox ey, Teymurun pulunu istəyirdi, pulunu! Bunu sevirdisə duraydı da, niyə durmadı? İki daşın arasında ər tapdı.”

Ürəyində keçmişini, gələcəyini götür-qoy edən Xumar özü də bilmirdi ki, o toyda nə axtarırdı. Qısqanclıqmı dartdı apardı, qadınlıq heysiyyatımı yoldan çıxartdı Xumarı, qürurumu yol vermədi ərinin o məclisdə olmağına göz yumsun?.. Bu neçə ildə çox istəmişdi Teymuru məşuqəsiylə bir yerdə tutsun, xəyanətini gözünə soxsun. Ancaq toy bunun yeri deyildi axı. “Kişi düz deyir də, camaatın qızı ərə gedir. Nəyi sübut edəcəksən bundan sonra.” 

***

Yalan sözdür ki, ər-arvadın suyu bir yerdən götürülüb. Teymurla Xumarın görkəmləri kimi xasiyyətləri də tutmurdu. Qadın zirəkdi, qoçaqdı, gündə bir ideya irəli sürürdü. Kişi astagəl, ətalətli adamdı. Maraqlandığı bircə tikinti sahəsiydi. O barədə harda bir yenilik olsa, tapıb oxuyacaqdı. Öyrənib tətbiq edəcəkdi. Bacarıqlı inşaat mühəndisiydi Teymur. Məişətə gəlincə, Xumar ərini ha danlayırdı, bir şey çıxmırdı. Qohum-əqrəba da öyrəşmişdi onun məclis başında kişini pisikdirməsinə, el-gün yanında tənbehləməsinə. Adi qəbul edirdilər. Bircə qardaşları qeyzlənirdi Teymura: -“Kişidə bu qədər hövsələ olar? Mənim arvadım camaatın yanında belə rəftar eləsə, həmin gün yollaram atası evinə...”

...Məşuqə söhbəti ortaya çıxandan qadın başını itirmişdi. Teymur boynuna almırdı. Dedi-qodu da səngimirdi. Xumar yandığından bilmirdi neyləsin. İşdə kabinetini yas çadırına döndərmişdi. Tək qalıb fikir eləməsin deyə, işçilərin biri gedib-biri gəlirdi. Dərdinə şərik olurdular. Səhər-səhər yenə ərdən narazıları çənəsinin altına salıb əsəbi-əsəbi deyinirdi:

– Bu mənim qədrimi bilmir. Bilmədi. Namus-qeyrət deyirsən, məndə. Savad deyirsən, vəzifə deyirsən, məndə. Bu, şirkəti qurandan  sonra qudurdu, ay qızlar, buraxmayın ərinizi vəzifəyə. Az qazansın, amma yanınızda olsun. Deyin görüm, mənim kimi təmizkar, qoçaq gəlin harda var? Camaatın arvadı beş kilo ətdən ortalığa düz-əməlli yemək çıxarda bilmir. Amma mən ömrüm boyu bir kilo ətdən beş cür yemək hazırlayıb düzmüşəm Teymur bəyin süfrəsinə. Evə gələn də elə bilib var-dövlət başdan aşır. Eltilərimin altısı yığıla, mənim tək gördüyüm işi görə bilmir. Xeyirdə də belədi, şərdə də. Kənd başıma and içir. Əfrasiyab müəllimin gəlinnərindən söz düşəndə adım başda çəkilir.

Rəfiqələri onu səbrlə dinləyirdilər. Bilirdilər ki, “ömür boyu bir kilo ət” məsələsi doğru olmasa da, Xumarın qabiliyyətinə söz yoxdu. Çox bacarıqlı ev xanımıydı, biş-düşdən xüsusi zövq alardı. Evindən qonağı əskik olmazdı. Açdığı süfrələr dillərdə deyilərdi.

– Bu mənim nəyimi bəyənmir, hee? Mənim qadınlığım yoxdu bəyəm? Fiquramı bəyənmir? Lütləri xoşlayııır, bundan sonra mən də soyunacam! Bəzək istəyiiir, kosmetikanı elə yaxacam yoldan keçənə gəl-gəl desin. Müasirlik istəyir həə, bundan sonra evdə qazan asana lənət! Axır vaxtlar haqqın yolunu tapmışam. Bacı, gec gələndə demir - “vacib yoldaşlarnan restorandaydıq”, - indi də biznən getsin. Astanadan içəri girən kimi deyirəm “soyunma, xörək bişirməmişəm, apar restoranda yeyək, həm də gözümüz adam görsün”. Malını dağıtmaqdısa, mən də belə dağıdacam. Bəsdi, ona ev yığdım, özümə hər neməti əsirgədim. Vaxtsız qocaldım bu kişinin əlində. Uşaqlarımı da başıma yığıb gedirəm restoranda allı-əlvanlı yeyirəm, sonra da ortalığa düşüb oynayıram. Qoy qısqansın. Görsün kişilər mənə necə baxır. Bəlkə ağlı başına gələ.

Xumar xanım yaxşı insan idi. Üz ağardan müdirdi – bacarıqlı, mərhəmətli. Abırlı-ismətli qadındı. Nazir başda olmaqla işdə hamı xətrini istəyirdi, hörmətini saxlayırdı. Amma ərinin xəyanəti, soyuqluğu yıxmışdı gəlini. İndiki halında özgələşmişdi. Özünə bənzəmirdi. Teymurun acığına paltarlarının ətəyini dizdən yuxarı qaldırmışdı. Koftaları elə şəffaflaşmışdı ki, altdan nə geyinsə, görünürdü. Saçı gündə bir rəngə çalırdı. Əlqərəz, Xumar baxırdı görsün, əri hansı görkəmdə onu istəyəcək... və məşuqəsindən əl çəkəcək...

***

Toydakı çəkişmədən sonra Xumar hövllənmişdi. Evə-eşiyə fikir vermirdi. Həmişə sevincə bələnmiş pəncərələrindən indi məyusluq yağırdı. Çirkli, tozlu şüşələr həyətə girənin sinəsindən itələyib çölə çıxarırdı. İçəri girməyə həvəs qalmırdı. Gələn adam uzaqbaşı həyətdə oturub bir-iki kəlmə kəsəndən sonra yolun uzununu alırdı əlinə. Dadlı-ləzzətli təamlarla dolu süfrələrdən əsər yox idi.  Uşaqlar da hiss edirdilər ki, analarının bişirdiyi xörəklərin dadı-tamı qalmayıb. Məyusluq bu ailəni yeyib-bitirirdi. Arifənin toyu çalınan o axşam analarının üstünə üç-dörd təcili yardım gəlmişdi. Ürəyi sözə baxmırdı. Elə bil Allahın uşaqlara yazığı gəldi, qadını ölümdən döndərdi.

Zaman keçdikcə ər-arvadın çəkişməsinə maraq azalırdı. Ardı-arası kəsilməyən şikayətlər yorurdu yoldaşlarını. Ha fikirləşirdilər ki, uşaqları da böyüyüb, belə ərdənsə boşansa daha yaxşı olmazmı? Ancaq Xumar xanım boşanmaq sözünü yaxına buraxmırdı. “Ərimi öz əlimnən aparım verim o qancığa? Heç vaxt! Ölərəm, boşanmaram.”

Onun huşu-fikri kişinin diqqətini cəlb etməkdi. Bütün günü özünə sığal verirdi. Gözəllik salonlarını su yoluna çevirmişdi. Elə keçəndə də girirdi, belə keçəndə də.

***

Toydan üç il keçirdi. Teymurgilin şirkəti iflasa uğramışdı. Bütün tikinti materiallarını, inşaat avadanlıqlarını, texnikanı satıb bankın borcunu vermişdilər. Dostlar indi çörəklərini başqa işdən çıxarırdılar. Azərbaycandan maşın-maşın meyvə-tərəvəz yükləyib şimaldakı ölkələrdə satdırırdılar. Qədim Azərbaycan xalçaları, gümüş qablar, zinət əşyaları...  Bu biznesin də öz ləzzəti vardı. Həm ticarət olurdu, həm ziyarət. Hərəsi Rusiyanın, Ukraynanın, Baltikyanı ölkələrin birində oxumuşdu. İnstitutdan sonra qalıb işləmişdilər də. Bu tərəflərə beş barmaqları kimi bələd idilər. Səfərlər ləzzətli keçirdi: dost-tanışlar, tələbə yoldaşları.., dadı damaqlarında qalmış əyləncələr...

– Ay Tahir, sən bilərsən, bu Teymur  hər axşam eyvanda saatlarla kimnən danışır? Olmaya bizdən pul qırpır? Alıcıları bişirib baha satır, bizə də kələk gəlir...

– Bu nə sözdü, Əhməd? Birdən-ikiyə Teymurun fırıldağını görübsən? Yəqin gözəlçələrlə behləşir.

– Sən nə istəyirsən de, mən bunu güdəcəm. Görüm kiminlə nə danışır.

Tahir dildə etiraz etsə də, ürəyində Əhmədin sözündən alınmışdı. Fikrində aranı dağa, dağı arana daşıyırdı: -“Görən, Teymur əmanətə xəyanət edər? Belə olsa bir dəqiqə durmaram burda! Tüpürərəm sifətinə, yolumu ayıraram. Ancaq Teymurdan xəyanət – inandırıcı deyil...”- Tahir ha baş çatlatdı, Əhmədin şübhəsinə yozum tapmadı.

Teymur Rəcəbli yenə otelin eyvanına çıxmışdı. Şübhələrin əlində əsir-yesir qalan Əhməd də xəlvətcə onu dinləyirdi. Üzündə əvvəlcə heyrət, sonra təəccüb peyda oldu. Axırı hirs bürüdü çöhrəsini. Çarpayıda uzanıb Əhmədi gözdən qoymayan Tahir gördüklərini bildiyi kimi yozdu: “Yəqin bu çoxbilmiş düz deyirmiş. Yaman hirsləndi. Tfuuu sənə Teymur, kələkbazlığın da varmış?..”

Əhməd necə təsirlənmişdisə, dostu otağa qayıdan kimi hücuma keçdi:

– Cənab Rəcəbli, sən nə vaxt ağıllanacaqsan? Öz ailəni bədbəxt elədin yetmədi, indi də xalxın qızının ailəsini dağıdırsan? Demirsən, əri evdə olar, qalmaqal düşər...

Əhməd coşduqca mətləb Tahirə aydın olurdu: “Hmmm. Bu, köhnə məşuqəsiylə danışırmış. Yaxşı ki, hövsələmi basdım. Ticarətdə suçlasam, məni bağışlamazdı. O qızda nə tapmışdısa, görünür unuda bilmir.” Yataqdan qalxıb Əhmədə dəstək verdi:

– Teymur, heç yaxşı iş görmürsən. Camaatın qızı ərə gedib. Gül kimi toyu oldu, özün də ağayana iştirak elədin. Aranızda nə olmuşdusa, bitdi-getdi. Xumar bacı da günahından keçdi. Gəl, daşı ətəyindən tök. Qızın evini yıxma.

Teymur Rəcəblidən bir şaqqanaq çıxdı, gəl görəsən. - Siz məni dolayırsız, başınıza zarafat qəhətdir? Yoxsa doğrudan qəflət yuxusunda yatıbsız? - Kişinin  əzələli çiyinləri atılıb-düşdükcə sifəti çuğundur tək qızarırdı. O qədər güldü ki, gözündən yaş gəldi.

– Ay kişi, doğrudan bilmirdiz ki, o toy mənim öz toyumdu!? 

Oteldə bomba partlasa, ya zəlzələ olsa, belə təsir etməzdi. Xəbər dostları  ayağa dik qaldırdı.

– Nəəəə? Bəs o bəəəyyyy?? Bəy vardı axıııı?

– Bəyi pulla icarəyə götürmüşdüm. Qabağımda mil dururdu. Ağzı nəydi, ssenaridən qırağa çıxa... Mən elə bilirdim, başa düşmüsüz, canı-dildən vururduz axı. Görmədiz, bütün toyu özüm oynadım gəlinlə!?

Tahir fikirli-fikirli başını yellədi: - O üzdən Xumar bacı gələndə getmədin. Qaldın kef elədin. Heç halını pozmamışdın. Mən də fikirləşdim ki, möhkəm adamsan. Deməli, öz toyunmuş...

Əhməd hələ şokdaydı. Xəbəri götür-qoy edib, beynində yerləşdirməyə çalışırdı: - Belə çıxır, sən iki arvad saxlayırsan? Əəə, qırışmal, bu lal-dinməz canında nələr var sənin?

Teymur Rəcəbli bir xeyli də güləndən sonra vəziyyəti dostlarına başa saldı: - Arifə xanımın ailəsi narahat olmuşdu, mən də kişi kimi toy çaldırıb qızı gəlin köçürtdüm. Kəbin də kəsdirmişəm. Amma ağzınızı bərk tutun. Arvadlarınız bilsə, o saat Xumarın ovcuna qoyacaqlar. Qulağım ancaq dincəlib.

***

Bina tikən vaxtlar əli bağlama-bağlama pullara öyrəşmiş Teymur Rəcəbli kasıblıqla yola gedəmmirdi. Ticarət işi tikintinin yerini vermirdi. Borc yaxasından yapışıb əl çəkmirdi. Evlərini, bağlarını, Xumarla uşaqlarına aldığı qızılı-brilyantı satmışdı. Amma tanış-bilişə olan borc qurtarmırdı. İnsanların üzü dönmüşdü. Dünənə qədər qapısında yatanlar qəpiklərinin də dalınca gəlirdilər. Tahirlə Əhməd sakitcə aradan çıxmışdılar. Müflis olmuş şirkət prezidenti ən arzuolunmaz dosta çevrilmişdi. Xumar çox çalışsa da, ərinin yükünü yüngülləşdirəmmirdi. 

– Ta faizə pul tapma. Gündən-günə şişir. Bütün qazancımı faiz yeyir. Litvadan da xəbər çıxmadı. Bilmədik mallar satıldı, qaldı? Belə getsə başımı götürüb qaçacam bu ölkədən. Başqa çarə yoxdu.

– Sən qaçdın, bəs biz? Borc yiyələri bizə rahatlıq verəllərmi?- deyə Xumar qayğılandı.

– Siz qalırsız. Qızların institutu var. Gedim pul qazanım ki, gəlib borcları verim.

– Elə şey olmaz. Sən harda, biz də orda!

– Xumar, qanımın bu qara vaxtında sən də bir yandan hövsələmi daraltma. Mən bilmirəm nə vaxt iş tapacam, harda qalacam.

O gün Teymur çox dedi, Xumar az eşitdi. Axırı belə razılaşdılar ki, Teymur yolunu-izini öyrənsin, o gedib yerləşəndən sonra arvad-uşaq dalınca yollanar.

Əslində ərinin Bakıdan getməyi Xumarı sevindirirdi. -“Nə qədər burdan uzaq olsa, yaxşıdır. “Onu” da unudar. Ağlı başına gələr.” Bu minvalla Teymur Rəcəbli Avropaya üz tutdu.

 ***

İş yoldaşları Xumarı çox danladılar. Faydası olmadı. İşbazlardan Avropada məskunlaşmağın yolunu öyrənmişdi. Sənədlərini düzüb-qoşdu. Və... dekabrist ərlərinin dalınca Sibirdə sürgünə yollanan rus zadəgan xanımları kimi, ərinin dalınca namüəyyən gələcəyə doğru yol aldı.

...Mühacir həyatı sürdükləri Fransada ərlə arvad başqa-başqa şəhərlərə düşmüşdülər. Ailə nadir hallarda görüşürdü. Dilini bilmədikləri ölkədə iş tapmaq müşküldü. Fransada vətəndaşlıq almaq, boyunlarında qalmış borcları ödəyə bilmək naminə ən çirkli və ağır işlərdə çalışırdılar. O da xəlvəti.

– Bakıdakı vəziyyətimiz bunun yanında toya getməliydi, ana,- deyə Ülviyyə şikayətlənirdi.- “Uf” demədən bizi universitetdən ayırdın. Oxuyub doxdur olacaqdıq. Burda biz kimə lazımıq? Sənin xəbərin yoxdu, Məlahət bütün günü ağlayır. Axırımız nə olacaq?

– Qızım, elə mən də sizin gələcəyinizi düşünüb gəlmişəm. Ailəmizi bir arada tutmaq üçün.

– Xumar xanım, bəsdi nağıl danışasan,- Məlahətin etiraz səsi ucaldı. -Sən ərindən ayrı qalmamaqçün gəlmisən, bizə görə deyil!

Qızı isterika tutmuşdu. Titrəyə-titrəyə ağlayır, hönkürtü içində sözünü deyirdi. Övladının dilindən axan zəhər ananın damarlarına yeriyirdi. Xumarı topla, tüfənglə vursalar belə sarsılmazdı. Hər kəlmə, hər ittiham onu şillə kimi tuturdu. Sözün zəhəri qana işlədikcə gah saralır, gah qızarırdı.

– Bizi uşaq yerinə qoyub tovladın. Bu nə yaşayışdı? Bakıda o boyda vəzifən vardı, fərəhlənirdik ki, anamız nazirlikdə işləyir. İndi nə deyə bilərik? Deyərik ki, ziyalı anamız öz ölkəsində şöbə müdirliyini bəyənməyib, gəlib burda fransızların tualetini təmizləyir, otellərdə çirkli qabları yuyur? O qədər əziyyət çəkib Tibb Universitetinə girmişdim. Sən bizi də, arzularımızı da öz nəfsinə qurban verdin. Atamız getmişdi evdən, sən oturaydın yerində. Biz də tay-tuşdan ayrı düşməzdik. Dərsimizi oxuyardıq. Burda darıxıb ölürük.

***

Vəziyyət heç dəyişmirdi. Yaxşı günlərin küləyi əsmirdi bu tərəflərdə.  Sanki işıqlı həyatı zindana salıb, qapısını da bərk-bərk kilidləmişdilər. Üç aydan bir sosial işçilər gəlib onları yoxlayırdılar. Qayda beləydi. Vaxtaşırı keçirilən məhkəmələr deportasiya qorxusunu canlarından çıxmağa qoymurdu. Böyüklü-kiçikli hamısının sinirləri gərilmişdi. 

Çıxış yolunu saxta evlilikdə tapdılar. Teymurla Xumar boşanmaq barədə razılığa gəldilər. Ailənin kişisi gələcəkdə Fransa vətəndaşlığı almaqçün saxta izdivaca girəcəkdi. Sonra da boşanıb ailəsi ilə birləşəcəkdi.

Beləliklə, uzaq Avropada rəsmi boşanma gerçəkləşdi. Bakıda Arifəyə vermədiyi ərini fransız xanıma təslim etdi Xumar. Amma ürəyinə dammışdı ki, bu xına o xınadan deyil. Qərbli qadından ərini qoparmaq asan olmayacaq.

***

 Teymur fransız arvadıyla çox rahat ömür sürürdü. Qəşəng ev-eşikləri vardı. Qabağında qulluqçular işləyirdi. Ketrin onu tikinti sifariş verənlərlə calaşdırmışdı. Teymur Rəcəbli özünü suda balıq kimi hiss edirdi. Orta məktəbdən az-çox bildiyi fransız dilində indi sərbəst danışırdı. Ünsiyyət qurmağa çətinlik çəkmirdi. Avropalı qadınla qurduğu ailə çox fərqliydi. Əvvəlkilərə bənzəmirdi. Teymur bu maraqlı həyatı yaşamaq istəyirdi. Mücadilə etməkdən yorulmuşdu.

Beləcə illər keçdi. Növbəti məhkəmələrin birində Xumarla oğlu barədə deportasiya qərarı çıxdı. O, bu dəfə hakimləri siyasi qaçqın olduğuna inandıra bilməmişdi. Qızlar artıq ailəliydilər. Fransada yaşayan türklər bu məsum azəri qızlarını özlərinə gəlin seçmişdilər. İllər öncə  ərinin ayrılığına dözəmməyən qadın indi həm ərini, həm qızlarını yad ölkədə qoyub vətənə dönürdü.

***

Teymur xəstələnmişdi. Onu klinikaya yatıran Ketrin ərinin tibbi sığortasını həll edib getmişdi. Həftələrlə yanına gəlmirdi. Daha doğrusu gələ bilmirdi, işdən-gücdən macal tapmırdı. Xəstəxana çarpayısında bütün həyatını xəyalından keçirən Teymur doğmaları üçün qəribsəyirdi: -“İstiqanlılıqda  bizimkilərə çatan olmaz...” Hardansa Teymurun yadına “hər çiçəyin öz ətri, hər gülün öz rəngi var” mahnısı düşdü. Dodaqaltı zümzümə etməyə başladı.

***

O vaxt Avropaya gələndə durumu necəydisə, indi vətənə dönüşdə eləydi: Xumargili hamıdan və hər kəsdən öncə çətin günlər qarşılayacaqdı. Hünər istəyirdi yenidən yurd-yuva  qurmaq, iş tapmaq... Gücü yetəcəkdimi? O üzülmüşdü, yanılmışdı, ərsiz qalmışdı. Fikir yaxasından əl çəkmirdi. 

Ana-bala Binə aeroportundan evəcən yolları seyr etdilər. Bakı yaman dəyişmişdi. “Biz qoyub gedəndə nə gündəydi, indi şəhəri tanımaq olmur. Nüsrət, bizə bələdçi lazım olacaq”- zorla gülümsünən Xumar oğlunu ruhlandırmaq istədi. Nüsrətin qaşqabağı açılmırdı. Atasının xiffətini eləyirdi. -“Yaşının pis vaxtıdı. Bunun qabağını nə təhər alacam Teymursuz...”

Qohumlar hamısı süfrə başındaydı. Xumargili görməyə gəlmişdilər. Bacısı Xatirənin plovu elə ləzzət elədi... Yeməkdə nə hikmət vardısa, birinci qaşıqdaca ayrılığın yaratdığı həsrətə son qoydu. Orda nə qədər bişirsə də, plov bu dadı vermirdi. Xumar elə bildi, həyatının Fransa dövrü heç olmayıb. Hərə bir sual verirdi. Qayınanası Zeynəb müəllimə qocalmışdı. Nisgilli gözlərini Xumarın ağzına dikib oğlundan soraq gözləyirdi. Uşaqlarının atasına hirslənsə də, qohum-əqrəbasını çox istəyirdi Xumar. Odur ki, ahıl qadını intizarda qoymadı:

–  Zeynəb müəllimə, Teymur orda evlənsə də, Fransa vətəndaşlığını almasına illər lazımdı. Qaydaya görə sınaq müddətində heç yerə gedə bilməz.  Ancaq sən narahat olma. Oğlun o fransız gözəlçəsiynən doğrudan-doğruya evlənib. Ona görə də, vaxtı çatanda vətəndaşlıq alacaq. Sonra hara istəsə gedə bilər. Oğlunu görəcəksən, darıxma.

Xumarın səsində istehza notları, Teymurdan narazılıq çaları da vardı. Təkcə səsində yox, o gözəl ölkədə yaşadığı ağır günlər Xumarın çöhrəsində də dərin izlər qoymuşdu. Üzü oradakı həyatının aynasıydı.

– Ay qızım, sizinki yaxşı gətirmədi. Neynək. Sən Allah, qəlbini bulandırma oğluma qarşı. Deyirsən, özü də xəstədi. – Qadın bir az nəfəsini dərib ağlamsındı: -Kimnən olur-olsun, bircə oğlumun sağ səsi gəlsin! Neçə ki ölməmişəm boynuna sarılıb üzündən öpüm, doyunca görüm, başqa dərdim yoxdu.

Ana qəlbinin həyəcanı hamını kövrəltmişdi.

***

Zamanla hər şey yoluna düşdü. Teymur da doğmalarının yanına gəlib-getməyə başladı. Qohumlar ortaya düşüb küsülüləri barışdırdılar. Xumar avropalı gəlinlə rəsmi nikahda olan Teymuru ər kimi qəbul etdi. Hallalıqdan çox dəm vursa da, bu işdə özünü haqlı sayırdı. Elə bil iyirmi beş il əvvəl evlənəndə bu kişini özəlləşdirmişdi.

Teymurun bir ayağı Bakıda, bir ayağı Marseldəydi. Tez-tez doğmalarının görüşünə gəlirdi. Ketrin alicənab qadındı. Hey deyirdi ki, oğlunu da gətir, bizimlə yaşasın. Nüsrət xalis fransıza oxşayır. Teymur da arvadını başa salmışdı ki, Xumar ölər, amma uşağını verməz. Ərinin oğluyla görüşməsinə pis baxmayan Ketrin onun  Azərbaycana tək getməyini də söz eləmirdi. Xumarla yaxınlığından şübhələnsə də, üstünü vurmurdu.

***

Xumarın təzə iş yoldaşları vəlvələyə düşmüşdülər. Natellanın bacısı təcili yardımda çalışırdı. Çağırışa gedəndə ağlasığmaz hadisəylə qarşılaşmışdı: qapını Xumarın əri Teymur açmışdı, qucağında da xəstə uşaq. Bu nəşriyyatda hamı Xumar xanımın başına gələnlərdən xəbərdar idi. On yaşlı qız Teymurun dost-doğmaca övladıymış – Rəcəbli Şirin Teymur qızı!

– Xumar bilsə infarkt keçirər, ona deməyin.

Teymurun həyatı karuselə dönmüşdü, hər dövriyyəsini başa vuranda nəfəsini dərib onu bir ayrı evinə götürürdü. Bir-birinə bənzəməyən üç doğma ocaq, bir-birini görməyə gözü olmayan üç istəkli arvad bu kişinin yolunu gözləyirdi.

Aprel, 2013    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi