Modern.az

Neft Akademiyasındakı terrordan 4 il keçir

Neft Akademiyasındakı terrordan 4 il keçir

Aktual

30 Aprel 2013, 08:56

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) II korpusunda törədilən terror hadisəsindən 4 il keçir. Hadisə 2009-cu il aprelin 30-da səhər saat 09.30-10.00 arasında baş verib.

Akademiyaya daxil olan Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini, 29 yaşlı Fərda Qədirov “Makarov” tipli tapança ilə binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb. Bu terror nəticəsində 12 nəfər qətlə yetirilib, 13-nəfər isə yaralanıb.

Ölənlər və yaralananlar içərisində akademiyanın müəllimləri, laborantları, tələbələri, qapıçısı və həmin gün yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın olub.

Hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyərək öldürüb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum oldu ki, terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o Sergey Qriqoryan adlı erməni ilə mütamadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib.  

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı 4 nəfər mühakimə olunub.

Təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov hadisənin baş verəcəyi barədə əvvəlcədən bilib məlumat verməməkdə ittiham olunublar.  

Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

ADNA-dakı qətliamın sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.
Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir