Modern.az

28 apreldə bağlanan bazar

28 apreldə bağlanan bazar

1 May 2013, 15:15

Azərbaycan tarixində ən böyük hadisələrdən olan Aprel Sosialist İnqilabından 93 il keçir. Bu inqilabın mahiyyətini bəziləri səhv təqdim etməyə, tarixi saxtalaşdırmağa çalışır.  Bu qısa yazımda “28 Aprel işğal hadisəsidir” cəfəngiyatına əsaslı arqumentasiya və sənədlər əsasında  aydınlıq gətirməyə çalışacağam.

Aprel inqilabı göbələk kimi birdən-birə ortaya çıxmamışdı, 1917-20-ci illərdə Azərbaycanda baş vermiş saysız-hesabsız kəndli üsyanları, fəhlə tətilləri, ordu hissələrində baş qaldıran hərbi qiyamlar əslində yaxınlaşmaqda olan inqilabın ayaq səsləriydi.

Bəs xalqın Müsavat rejiminə qarşı narazılığın səbəbləri nə idi? Bu suala “Azərbaycan firqəsi” qəzeti 1920-ci ilin fevralında cavab verib: “Hansı bir kənddən keçilərsə, ağlaşmadan qulaq tutulur, ən kiçik bir kənddə gündə 10-15 kəndli tələf olur”. Bakıda isə, çıxardıqları neftin ingilislərin talayıb aparmasını öz qazma daxmalarından və baraklardan seyr edən ac-yalavac, xəstə fəhlələr “yaşayırdılar”.

Bəylərin 2 illik hakimiyyəti Azərbaycan xalqına 44 min kv km ərazinin itirilməsi, 600 min azərbaycanlının İrəvan və ətraf mahallardan deportasiyası, 400 min azərbaycanlının məhvi hesabına başa gəldi.

Müsavatçı bəylərin Osmanlı və Britaniya mandatı altında keçən “hakimiyyət” dövrləri Azərbaycanın işğal tarixi olub. Osmanlının işğalçı missiyası 1918-ci il sentyabrın 15-də Bakını ələ keçirib, bir neçə ay talançılıq etdikdən sonra “Mudros” müqaviləsinin 11-ci və 15-ci maddələrinə əsasən Azərbaycanı ingilis imperiyasına MÜSTƏMLƏKƏ kimi satmışdı...

1920-ci il aprelin 26-dan 27-nə kecən gecə Bakı fəhlələri Britaniya müstəmləkiciliyinin hərbi polis rejimi olan oyuncaq musavat hökumətinə qarşı üsyan qaldırdılar. Bütün idarələr, müəssisələr, donanma, kommunikasiya sistemləri tam şəkildə nəzarətə götürüldü.

27 aprel səhəri Həmid Sultanovun İnqilab Komitəsinin adından Musavat “parlaman”ına təqdim etdiyi ultimatum oxunduqdan sonra Səmədağa Ağamalı oğlu yerindən qalxıb bərkdən dedi: “VƏSSALAM! BAZAR BAĞLANDI!”.

Musavat nazirlərinin coxu, hətta ifrat islamcı ittihatcılar belə kommunistlərin hakimiyyəti ücün əllərindən gələni etdilər. Müstəqil Sosialist Respublika elan olundu. Azərbaycan Mudros müqaviləsinin alcaldıcı şərtlərindən, ingilis imperializminin müstəmləkəçiliyindən azad olan ilk Şərq ölkəsi oldu.

Ölkəyə idarəni ələ alan Nərimanovun rəhbərlik etdiyi Xalq Komissarları Sovetinin və Müvəqqəti İnqilab Komitəsinin tərkibinə YALNIZ AZƏRBAYCANLILAR daxil idilər.

Sual doğur- bəs XI Ordunun dəvət edilməsinə gəlməsinə nə ehtiyac var idi? Bu addım şübhəsiz, respublikanı işğal etməyə hazır olan 6 dövlətin ordularından qorunmaq məqsədi daşıyırdı.

Xalq inqilabını boğmaq ücün Batumidə və Ənzəlidə ABŞ-Britaniya qüvvələri hazır vəziyyətdə əmr gözləyirdi, Antanta tərəfindən qızışdırılaraq Azərbaycan üzərinə göndərilən daşnak və gürcü hökumət qüvvələri isə artıq hərəkətə keçmişdilər. Bu vəziyyətdə Sovet Rusiyasından yardım istəməkdən başqa çıxış yolu yox idi.

Lakin Bakıya XI Ordu yox, onun FƏXRI RƏHBƏRLIYI gəlmişdi. “İnternasional” zirehli qatarının komandiri M.Yefremov xatirələrində yazırdı: “XI Ordu Bakıdan 300 km məsafədə idi, əgər fəhlələrin üsyanı olmasaydı, biz Qızıl Ordu diviziyaları yaxınlaşanadək məhv edilmiş olardıq”.

XI Ordunun böyük hissəsi müsəlmanlardan ibarət idi. 15-ci ordunun komandanı Kazım Qarabəkir paşa Böyük Millət Məclisinə teleqramında yazırdı: “Etibarlı mənbədən: BÖYÜK ƏKSƏRIYYƏTI MÜSƏLMAN OLAN XI Bolşevik Ordusunun 40 min nəfərlik bir hərbi qüvvəsi Vladiqafqazdan Bakıya doğru hərəkət etməkdədir…”

Azərbaycan müstəqil dövlət kimi dünya birliyi tərəfindən, xüsusilə Türkiyə və Rusiya tərəfindən yalnız sosialist inqilabından sonra rəsmən tanındı.

Musavat liderlərinin çoxu pul-parasını yığıb aradan çıxmışdı. Bəli, 28 aprel inqilabı antantalı ağalara, ingilis süngüsünə arxalanaraq acından ölən xalqın yox, bir qrup bəy və xanların marağıını qoruyanların ibrətamiz və rüsvayçı sonluğu idi.

72 il keçdi, müsavatçı bəylərin “nəvələri” Azərbaycanda özlərinin dediyi kimi 9 dövlətin mandatı ilə yenidən hakimiyyətə gəldilər və cəmi 1 il ərzində ölkəni xarabaya çevirdilər. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra xalq yeni bəylərin növbəti faciələrindən qurtuldu. Azərbaycanda Müsavat hegemonluğuna son qoyuldu və bunların açdıqları bazar birdəfəlik bağlandı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır