Modern.az

Azay Quliyev Ankara Forumunda çıxış edib

Azay Quliyev Ankara Forumunda çıxış edib

Təhsil

1 May 2013, 15:50

Xəbər verdiyimiz kimi, Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı  ölkələri  qeyri-hökumət təşkilatları  forumunun toplantısı keçirilir. Tədbirdə ümumilikdə 12 ölkədən- Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan  nümayəndə heyətləri  iştirak edir. Tədbirdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə olunur.

Mayın 1-də keçirilən toplantıda Forumun sədri Azay Quliyev geniş məruzə ilə çıxış edib. Çıxışının əvvəlində tədbirin yüksək səviyyədə təşkilinə görə TBMM-in millət vəkili, ”EKO-Avrasiya” İctimai Əməkdaşlıq Assosiasiyasının sədri  İsmail Safiyə və Türkiyə baş nazirinin müavininə təşəkkürünü bildirən Azay Quliyev sonra  Forumun  tarixi haqqında qısa məlumat verib. O qeyd edib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı  ölkələri  qeyri-hökumət  təşkilatları  forumunun  2-ci toplantısı  ötən il noyabrın 27-də   Bakı şəhərində keçirilib, bu tədbir zamanı Bakı Bəyannaməsi  imzalanıb və  Forumun sədri seçilib.

“Bakı Bəyannaməsində müsbət hal kimi, Forumun üzvü olan ölkələrin QHT-ləri arasındakı əlaqələr və bu əlaqələrin iştirakçı dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafına göstərdiyi təsirləri misal göstərmək olar. Bu gün bütün dünyada qloballaşma və demokratikləşmə meylləri hiss olunur və bu müstəvidə QHT-lərin rolu həm yerli, həm də beynəlxalq formatda genişlənir. QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayırlar,”-deyə Azay Quliyev vurğulayıb. Forumun sədri, həmçinin bildirib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı  ölkələrinin  qeyri-hökumət təşkilatları enerji, nəqliyyat, kommunikasiya və digər regional layihələrin həyata keçirilməsinə də öz töhfələrini verirlər.

Sonra Azərbaycan Respublkiasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında  ətraflı məlumat verən Azay Quliyev bildirib ki, 13 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılan Şura, dövlət və QHT-lər arasında bir növ körpü rolunu oynayır və bu fərmanla Azərbaycanda QHT-lərin əsas inkişaf prinsipləri müəyyən edilib. O qeyd edib ki, Şura xüsusi bir qurum olaraq, hökumətlə QHT-lər arasında əməkdaşlığın inkişafı istiqamətində çalışır və bu gün həmin QHT-lərə dövlət dəstəyi təmin olunur. 

 “Şura həm də bir sıra vacib ictimai və iqtisadi əhəmiyyət kəsb edən məsələlərdə hökumətlə məsləhətləşmələr aparır və bu günə qədər ölkə daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lər tərəfindən həyata keçirilən 2 minə yaxın layihəyə maliyyə dəstəyi verilib,”-deyən Azay Quliyev, Azərbaycanla ortaq maraqları olan xarici ölkələrin QHT-lərinə də maliyyə yardımı ayırmağa hazır olduqlarını bildirib.

 A.Quliyev çıxışının sonunda, toplantı çərçivəsində Forumun nizamnaməsinin təkmilləşdirililərək qəbul ediləcəyinə, növbəti toplantının tarixi və məkanı haqqında razılaşmanın da əldə olunacağına ümid etdiytini bildirib. A.Quliyev Forumun üzvü olan ölkələrin bəzilərində bir zamanlar qeyd olunan 1 may bayramı münasibətilə təbrik edib, onlara həmrəylik və peşəkar fəaliyyətlərində uğurlar arzu edib.

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir