Modern.az

Prezident Bakıda və Qobustanda açılış edib - FOTOLAR

Prezident Bakıda və Qobustanda açılış edib - FOTOLAR

1 May 2013, 18:29

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib.

Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə saldı. Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış olub.

Bildirildi ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunub. Müəssisənin gündəlik istehsal gücü 50 tondur. Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları və priforminqlər istehsal olunur. Hazırda zavodda ilk mərhələdə 200 nəfər çalışır. İstehsal prosesi tam kompyuterləşdirilmişdir. Bütün proses vahid mərkəzdən idarə olunur.
Dövlət başçısı burada istehsal olunan hazır plastik qablara baxıb. Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış olub.
Diqqətə çatdırılıb ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulub.

Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəlib.
Bildirilib ki, “Milla” brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulmuşdur. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmış və istismara verilmişdir. Hazırda zavod yüksək keyfiyyətli “Milla” ticarət markası altında 56 növ süd məhsulları istehsal edir.

Azərbaycan Prezidenti südün emalı və qablaşdırılması prosesi ilə tanış olub. Prezident İlham Əliyev dondurmanın hazırlanması prosesinə də baxıb. Burada məhsul istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Zavodda ağartı məhsullarının tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır.

Dövlət başçısı süd və dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış olub.
Məlumat verilib ki, müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir. Müəssisədə kəsmik, pendir, kərə yağı və müxtəlif çeşidli qatıqlı süd məhsullarının da istehsalı üçün hazırlıq işləri aparılır. Zavodun xammalla təmin edilməsi üçün müəssisənin nəzdində respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq kompleksləri yaradılıb.
Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Ölkə başçısı həmçinin bu  gün Qobustan rayonuna səfəri zamanı bu rayonda inşa edilən Qobustan İdman Kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxıb.
Qeyd edilib ki, burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir.

Dövlət başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub.
Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.
Rayon sakini Babək Alıbabayev göstərdiyi yüksək diqqət və qayğıya görə qobustanlılar və idmançılar adından Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir