Modern.az

Azərbaycan müsəlmanları nəyə inanırlar, nə istəyirlər? - Tədqiqat

Azərbaycan müsəlmanları nəyə inanırlar, nə istəyirlər? - Tədqiqat

Aktual

1 May 2013, 19:43

Pew Research Center (Pew Tədqiqat Mərkəzi) tərəfindən həyata keçirilən tədqiqata əsasən dünyada müsəlmanların əksəriyyəti ölkələrinin şəriət qanunu ilə idarə olunmasını istəyir.

Tədqiqata əsasən Azərbaycanda ənənəvi islam qanununu istəyənlər əhalinin 8 faizini təşkil edir. Bu, tədqiq olunan ölkələr arasında ən aşağı rəqəmdir. Ən yüksək faizlik isə Əfqanıstana məxsusdur. Bu ölkədə əhalinin 99 faizi şəriət qanunu istəyir.

Modern.az saytı “BBC Azərbaycanca”ya istinaədn bildirir ki, 2008 və 2012-ci illər arasında aparılan, "Dünyanın Müsəlmanları: Din, Siyasət və Cəmiyyət" adlı tədqiqat dünyanın müsəlman icmasından 39 ölkə və ərazini, 38 000 adamı tədqiq edib.

Tədqiqata əsasən dünya müsəlmanlarının əksəriyyəti fahişəlik, homoseksuallıq və intihar kimi əməlləri amoral dəyərləndirsələr də, poliqamiya, boşanma və doğum tənzimləmə tədbirləri müsəlmanlar arasında mübahisəli mövzulardırlar.

Azərbaycan müsəlmanları

Bazar ertəsi nəşr olunan tədqiqatda deyilir ki, Azərbaycanda müsəlmanların 51 faizi demokratiya, 41 faizi isə "güclü lider" istəyir. Orta Asiya ölkələrindən, Tacikistanda bu rəqəm 76 faiz, Türkiyədə 67 faiz, Qazaxıstanda 52 faiz Qırğızıstanda isə 32 faizdir.

Siyasət kateqoriyasında digər suallardan, Azərbaycan müsəlmanlarının 27 faizi hesab edir ki, islam siyasi partiyaları digər partiyalardan betərdirlər. Pew Research Center-a əsasən bu, bir çox digər ölkənin müsəlmanlarının fikirlərinə ziddir.

Azərbaycanda müsəlmanların 88 faizi moral olmaq üçün Allaha inanmağın zəruri olduğunu desə də, dinlərarası nikahı qəbul edənlərin sayı, tədqiq edilən ölkələr arasında ən aşağıdır. Bizim ölkədə sorğu olunanların yalnız 8 faizi oğlunun, 3 faizi isə qızının digər dinin nümayəndəsilə evlənməsini qəbul edir.

Azərbaycan həmçinin aborta ən tolerant yanaşan ölkə kimi göstərilib. Azərbaycandakı müsəlmanların yalnız 23 faizi deyib ki, abort etmək amoraldır, 50 faizinin fikrincə isə bu, "vəziyyətdən asılıdır".

Digər nəticələr

Şəriət qanununu istəyənlər arasında, qanunun necə tətbiq olunması da fərqli cavablandırılıb. Tədqiqata əsasən, bir çox müsəlman şəriət qanununun şəxsi sferada, ailə və ya mülkiyyət münaqişələrini həll etmək üçün tətbiq olunmasını istəyir.

Lakin oğruların əllərini kəsmək və bunun kimi digər sərt cəzaları dəstəkləyənlərin sayı kifayət qədər azdır, tədqiqat belə göstərir.

Ölkələrin əksəriyyətində, sorğuda iştirak edənlərin çoxluğu deyib ki, qadın ərinə itaət etməlidir. Eyni zamanda əksəriyyət o cümlədən azərbaycanlı müsəlmanların 81 faizi deyib ki, qadın hicabı geyinmək haqqında qərarı özü verməlidir.

İslam naminə zorakılıq həmçinin çoxluq tərəfindən rədd edilib. Azərbaycanda müsəlmanların 1 faizi deyir ki, bəzi hallarda intiharçı bombardman haqlı ola bilər.
Fələstin ərazilərində müsəlmanların 40 faizi, Türkiyədə isə 15 faizi bununla razıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür