Modern.az

Parlament kuryozları - “Rəsul Quliyevi köməkçisi olan bacısı oğluyla səhv saldıq”

Parlament kuryozları - “Rəsul Quliyevi köməkçisi olan bacısı oğluyla səhv saldıq”

Parlament

2 May 2013, 09:26


Milli Məclis qanunverici orqan olaraq cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. Həmin maraqlı məqamları izləyən parlament jurnalistləri onları Modern.az saytı ilə bölüşməkdə davam edirlər. Bəs budəfəki həmkarlarımız parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?

“Amerikanın səsi” radiosunun Azərbaycan üzrə əməkdaşı Tapdıq Fərhadoğlu Rəsul Quliyevin parlament spikeri olduğu vaxtlarda başına gələn maraqlı hadisəni danışıb.

- O zaman mən “Turan” İnformasiya Agentliyində işləyirdim. 1996-ci ildə “Turan” parlamentdə təmsil olunan deputatların hakim elita ilə qohumluq əlaqələri ilə bağlı məqalə dərc etmişdi, məqaləni də mən yazmışdım. Milli Məclisin növbəti iclasında həmin məqalə dərc olunmuş büllüteni deputat Cəlal Əliyev nümayiş etdirdi. Bu zaman parlamentdə ona yaxın olan millət vəkillərinin hamısı mənim üstümə düşdü. İclas dayandı və Cəlal Əliyev yanıma gəlmək istəyəndə spiker olan Rəsul Quliyev dedi ki, “mən özüm bununla məşğul olacam”.
Amma məni Milli Məclisin iclas zalından sürüyüb zorla bayıra çıxardılar. Bir qədər əvvəl mənimlə xoş davranan, məni tərifləyən deputatların hamısı başladılar məni söyməyə. Yalnız Etibar Məmmədov məni müdafiə etdi. Rəsul Quliyev zaldan çıxdı, o zaman da onun elita ilə münasibətləri gərgin idi. O, gələn kimi məni söyən deputatlar Rəsul Quliyevin arxasınca qaçdılar. Təhlükəsizlik xidmətinin əməkdaşları da bilmirdi ki, indi məni tutsunlar, ya yox. Rəsul Quliyev sadəcə olaraq bərkdən gülüb, çıxıb getdi və mən də oradan qaçdım. Ondan sonra məni 6 ay parlamentə buraxmadılar.

Bir dəfə də iqtidar deputatlardan biri müxalif deputata hədə-qorxu gəlmişdi. O hadisə yadımda qalıb. İqtidar deputatı müxalifətçiyə demişdi: “Sən çox tənqidi danışma, mən sənin boynuna çatı salıb, sahibsiz meymun edib, kooperativ dükanın qabağına bağlatdıraram”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı da 1996-cı ildə “Turan” İnformasiya Agentliyinin parlament müxbiri olub. Onun yaddaşında qalan maraqlı hadisələr bunlardır:%

- Spiker Rəsul Quliyev Milli Məclisin növbəti yığıncağını aparırdı. O zaman da Azərbaycanda siyasətin əsas hadisələri parlamentdə baş verirdi. Xüsusən çərşənbə axşamı cari məsələlərin müzakirəsində aləm bir-birinə dəyirdi. Deputatlar bir-birini sərt tənqid edir, hərdən təhqirə də keçirdilər. Milli Məclis həyatı o qədər canlı, qaynar idi ki, redaksiyaya qayıdanda bütün baş verənləri yazıya sığışdırmağa əziyyət çəkirdik.

Bir dəfə BBC-nin müxbiri Nailə Bağırova ilə jurnalistlərin məşhur balkonunda oturmuşduq. Deputatlardan biri müzakirə olunan məsələni elə gülməli şəkildə şərh etdi ki, jurnalistlərin əyləşdiyi yerdən qəhqəhə qopdu. Spiker Rəsul Quliyev tərs-tərs bizim cərgəyə baxdı. 4-5 dəqiqə sonra bir nəfər gəlib Nailə ilə mənə spikerin qəbul otağına getməli olduğumuzu dedi. Biz də getdik. Bizi orada Rəsul Quliyevin köməkçisi İlqar qarşıladı. Rəsul Quliyevin bacısı oğlu olan İlqar dayısına o qədər oxşayırdı ki, biz onu görəndə, ikimiz də eyni vaxtda “salam, Rəsul müəllim”, – dedik. O da çaşdı, biz də... Xeyli güldük. Qəbul otağında yarım saat gözlədəndən sonra İlqar dedi ki, “gedə bilərsiniz”. İndi də bilmirəm ki, bizi ora niyə çağırmışdılar.

A. Muradxanlının xatırladığı digər hadisə isə Murtuz Ələsgərovun spiker olduğu vaxtla bağlıdır.

- Murtuz Ələsgərovun sədrliyi vaxtı bir ara Milli Məclisdə jurnalistlərin sayı 2-3 dəfə çoxaldı. O qədər qondarma qəzetlərdən, jurnallardan akkreditasiyadan keçənlər var idi ki, onların hay-küyündən işləyə bilmirdik. Ya balkonda bir yerə toplaşıb mətbəx mərifətlərindən ya da hansısa  məmurun dəvəti ilə getdikləri tədbirdə yaxşı yeyib-içməklərindən danışıq, ən yaxşı halda isə hansısa Milli Məclis üzvünün qeybətini qırırdılar. Axırda Milli Məclisə mırt vurmağa yox, reportaj, müsahibə dalınca gələn getçək jurnalistlər Murtuz Ələsgərova məktub yazaraq ondan akkreditasiyalara yenidən baxılmasını xahiş etdi. Təklif etmişdik ki, Milli Məclisin mətbuat xidmətinin əməkdaşları iclas zamanı reyd keçirsin, çantasında diktofon, qələm-kağız olmayan “jurnalistlər”in akkreditasiyasına yenidən baxılsın.
Milli Məclis rəhbərliyi təklifimizi qəbul etdi. Demək, reyd günü qondarma “jurnalistlər” arasına bir vəlvələ düşdü, gəl görəsən. Qaçıb birinci mərtəbədəki poçtdan dəftər-qələm alan kim, yanındakı jurnalistə “sizdə artıq diktofon olmaz?” deyən kim... Aralarında bir dodağı silikonlusu var idi, Milli Məclisin mətbuat xidmətinin əməkdaşları ondan qələm istəyəndə əda ilə çantasını açdı kosmetika qabını, onun içərisindən də göz karandaşını çıxarıb verdi. Bu olaydan sonra qələmimiz “evdə qalanda” zarafatla o xanıma ““kosmetiçka”ndan bir dənə qələm ver görək” deyirdik”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür