Modern.az

Qabilin çap olunmayan əlyazmaları

Qabilin çap olunmayan  əlyazmaları

2 May 2013, 11:08

Əslində atamın çap olunmamış bir şeyi qalmamışdı. Özü də deyirdi ki, “mən öləndən sonra sənə ağırlıq düşməyəcək. Nə var, hamısını kitablara salmışam”. Arxivi də az idi. Vaxtında özü bir çox əlyazmasını təhvil vermişdi. Lakin bəzi çap olunmayan əlyazmalar fikrimi cəlb etdi. Onları ictimaiyyətin nəzərinə təqdim etməyi qərara aldım, təkcə Xalq şairi Nəriman Həsənzadəylə 30 sentyabr 1988-ci ildə yazışmasından başqa. Məqamı gələndə bunu da çap etdirəcəyəm. Əsl sənətkarların necə kövrək olduğuna Sizin də şahidlik etməyiniz üçün... 
 
HACIBƏYİMƏ
 
Müasir dövrdə telefonla mesaj yazmaq artıq dəbə dönüb. Hansı cavanı görürsən küçədə, avtobusda, parkda, hətta maşın sürə-sürə mesaj yazır. Hətta yazdığına musiqi parçaları, şəkil də qoşur. Məktubun romantikliyini bir az da artırır. Texnikanın inkişaf etdiyi bir dövrdə, mürəkkəb və kağıza artıq  ehtiyac qalmayan  21-ci əsrdə atamın 24 sentyabr 1948-ci ildə Yardımlıda müəllim işləyərkən sevgilisinə, yəni anama yazdığı şeir-məktub çoxlarında təəccüb doğursa da, yaşlı nəsildə nostalji hislərini bir daha oyadacaq. Hər sətrin əvvəlindəki hərflərin düzülüşü isə onun kimə ünvanlandığını bildirir.
 
H əyat şirindirsə ömür gödəkdir
A rzular tez solan zərif çiçəkdir.
C anım qəriblikdə çürüyür, ay qız!
I şıq verən mənə bir sənsən yalnız.
B əlkə məzarımı burda qazdılar…
Ə linlə nə olar, onda hər bahar
Y ığ əlvan çiçəklər, tər bənövşələr,
İ ncə əllərinlə qəbrim üstə sər
M ən yazdım bu şeri sizə yadigar.
Ə zizim, var olsun eşqi duyanlar
 

QARDAŞOĞLU İRŞADA
 
Dastanlarımızda tez-tez bu deyimə rast gəlirik: “Dillə desəm dilim yanar, qoy sazla deyim”. Şairlərdə isə bədahətən deyilən bir anlayış var. Şair Qabildə də bu çox güclü idi. Məsələn, mənə, ya qohumlardan kiməsə əsgərliyə yazdığı məktublarda, yaxud da kitablara avtoqraflarında buna tez-tez rast gəlirik. Əlyazmalar içində əsgər məktublarından ikisinə rast gəldim. 1983-cü ildə qardaşı oğlu əsgər İrşada yazdığından:
 
İç borş, ye langet,
Xətadan yan get!
İdmançı-soldat
Mətin addım at!
Sağ, düz, sol!
İntizamlı ol!
Əsgəri xidmət
Hünər, cəsarət, 
Borcdur Vətənə, 
Şərəfdir sənə!
Papirosu at,
Yeginən salat
Çəkmə anaşa,
Yeginən kaşa.
Komandirə çest
Nə desə, de: - Yest!
Yaxşı nişan al!
Yaxşı ad-san al!
Qol-qanadlı ol,
Ehtiyatlı ol!
Dörd olsun gözün
Ağ olsun üzün.
İçki içmə ha..!
Nə deyim daha
Ey Hekliberri, (İrşada belə ad qoymuşdu)
Qaldığın yeri
Görərik yazda.
Dözüm var bizdə
Ay İrşad balam
Salam – ehtiram
Qabil əmidən
Salamat ol sən!
 
ƏSGƏR MAHİRƏ

Əsgərlikdə olarkən xalam Raisəyə (general-mayor Abbasəli Novruzovun həyat yoldaşı) məktub yazmışam, özü də şeirlə, (yadımda deyil) o da cavab yazmayıb. Mən də bundan dilxor olmuşam. Evə şikayət etmişəm. Əvəzində Pitsundadan qayıdan atamın bu şeir-məktubu meydana gəlib. 
                            
                             Qayıdıb gəlmişəm
                             Şükür allaha,
                             Sənə evimizdən 
                             Salam, Mahirim!
                             Şeirlə məktublar
                             Yazırsan daha
                             Şair oğlusan də
                             Balam, Mahirim!
                             Bəli Raisədən
                             Gileyin haqdır
                             Qoyub gözlərini
                             Yolda haçaqdır.
                             Bu tənbəllikdirmi,
                             Yoxsa ki, inad?!
                             Vallah, xalalıqdan
                             Edərdim azad
                             Olsaydı bu sayaq
                             Xalam, Mahirim!
 
                             Yoxdur bu dünyada
                             Abbasəlidən –
                             Bizim bu polkovnik
                             Bir qoşuna tən.
                             O da gileylənib
                             Deyir ki, hərdən.
                             Danlaya-danlaya
                             Deyir ki, ay qız,
                             Nə çətin şeydi ki,
                             Əl boyda kağız –
                             Üçcə söz:
                             1 Necəsən
                                                2 Salam,
                                                         3 Mahirim!
                             Xalanın ürəyi
                             Kövrək bənövşə
                             İstəmiş, istəyir
                             Səni həmişə.
                             İstəyi çevrilsin
                             Göydə quşlara
                             Baxdıqca sabahkı
                             Əsgər Anara…
                             Desin ki, gileyin –
                             Güzarın haqdır…
                            
                             Az qala bulud tək
                             Dolam, Mahirim!
                             Dönüb o tərəfə
                             Əsən yellərə
                             Sərhəd tellərində
                             Sənə şirincə,
                             Kövrəkcə bir layla
                             Çalam, Mahirim!
 
Avqustun 12-si atamın ad günüdür. Hər il avqust ayı başlayanda zarafatla deyirdi ki, Azərbaycanda Qabil günləri başlayır. Bu ənənəni davam etdirə bilməsək də (onsuz ləzzəti yoxdur) qəzet səhifələrində və televiziya ekranlarında məqalə, veriliş və xatırlatmalarla təsəlli tapırıq. Qohumları və dostları ilə qəbrini ziyarət edirik. Dayım Fikrət demişkən:

On ikisi avqustdan
Qabil günləri başlar.
Unutmazlar bunu heç
Qohum, dostlar, yoldaşlar.
On ikisi avqustdan
Qabil günləri başlar
İnan yada da düşmür
Ömür, günlər və yaşlar,
Ayılmayır heç başlar.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir