Kitab ermənilərin Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdiyi soyqırımından bəhs edir
Millət vəkili Qənirə Paşayeva və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəlliflik etdikləri «Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım» kitabı çapa hazırlanır. Yaxın günlərdə nəşr olunacaq kitab erməni silahlı birləşmələrinin rus ordusunun köməyi ilə 1990-cı il mart ayının 27-də Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir. Bu barədə Modern.az-a müəlliflər məlumat verilib.
1990-cı il mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Bağanıs Ayrıma hücum edib, mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilib, diri-diri ocağa qalanıb. Əhalinin 17 evi qranatomyotla dağıdılıb, 11 ev isə qarət edilib. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstünə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib. 2 nəfər odlu silahla yaralanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.
Bağanıs Ayrım kəndi 1990-cı il avqust ayının 20-də işğal edilib.
«Ermənilərin törətdiyi soyqırım qurbanı - Bağanıs Ayrım» kitabında soyqırım faktlarla oxuculara çatdırılır.
Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.
İngilis və rus dillərində nəşri planlaşdırılan kitabın təqdimatı mart ayının 24-də Atatürk Mərkəzində keçiriləcək.
Erməni silahlı birləşmələrinin rus hərbçilərinin yardımı ilə törətdiyi Bağanıs Ayrım soyqırımı haqqında həmmüəlliflərin ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanılıb. Modern.az