Modern.az

İrfan ədəbiyyatı – könüllərin intəhasızlığa səyahəti – Ədəbi sorğu

İrfan ədəbiyyatı – könüllərin intəhasızlığa səyahəti – Ədəbi sorğu

4 May 2013, 15:15

Orta əsr Azərbaycan ədəbiyyatının ana xətt olan irfani mövzular bu gün nədənsə özünün layiq olduğu yerdə deyil. Könül səyahətini, mənəvi yüksəlişi, insani özünüdərki, insan – Allah və insan –kainat münasibətlərini çox böyük ustalıqla əks edən janr bu gün poeziyamızda demək olar ki, yoxdur. Tək-tük yazılan şeir nümunələri də o qədər də qaneedici olmur. Belə ki, irfan ədəbiyyatını təkcə müqəddəslərin mədhi ilə məhdudlaşdıran nümunələr irfani təfəkkürü tam əks etdirmir. Modern.az “İrfan ədəbiyyatı necə yazılmalıdır və bu gün inkişaf edə bilirmi?” mövzusunda tanınmış yazarın fikirlərini paylaşıb.

Ədalət Əsgəroğlu (şair): – Bəzən irfan ədəbiyyatı barədə danışanda belə qənaətə gəlinir ki, burada hansısa bir müqəddəsin mədhi, vəsfi olmalıdır. Bunlar təbii ki, öz yerində. Bilirik ki, irfan ədəbiyyatı orta əsrlərdən ta bu günə qədər inkişaf edən klassik bir janrdır. Daha çox əruzda yazılıb və özünün xüsusi ifadə tərzi var. Lakin həqiqətdə irfan ədəbiyyatı bu cür qərarlaşmayıb. İrfan ədəbiyyatının ən bariz nümunəsi Yunus Əmrədir. Yunus Əmrə öz irfani şeirlərində təsəvvüfü təbliğ edib. O, mədh etməklə məşğul olmurdu. Doğrudur onun Peyğəmbərə (s.) həsr olunmuş gözəl şeirləri var ki, onlar indi də sevilə-sevilə oxunur. XV əsrin sufi şairləri və haqq aşıqları da bu mövzuda çox yazıblar. Aralarınada Hacı Bayram Vəli, Pir Sultan Abdal, Aşıq Yunus, Əşrəfoğlu və başqaları var. Türk dünyasının sufi şairləri bu mövzuda yazanda əruzdan istifadə etməyiblər. Sırf türk dilinə və türk şeir formasından, yəni hecadan istifadə ediblər. İrfan ədəbiyyatına təkcə əruz tərəfdən yanaşmaq düzgün deyil. Onlar təkcə Qurana deyil, başqa müqəddəs kitablara da istinad edərək bu şeirləri yazıblar. Aşıq Abbas Tufarqanlının, Xəstə Qasımın, Qaracaoğlanın, Molla Vəli Vidadinin, Vaqifin, hətta əvvələ gedək, Xətai dövründə Xətainin özünü, Həbibinin, Füzulinin də yazdığı milli ruhlu hecadadır. İrfan ədəbiyyatı insanı özünə qaytaran, özünüdərk yolunda çox vacib bir iş görən ədəbiyyatdır. Bu ədəbiyyat həm də insanları sabaha səsləyir, onlarda həyat eşqi yaradır. Bu cür həyat eşqi yaradan ədəbiyyatı bugünkü gündə bu qədər gözdən salmaq olmaz. Mən buna çox mənfi yanaşıram. Mən çox arzu edirəm ki, bu gün az-çox yaranan irfan ədəbiyyatında dediyimiz  məqamlar olsun. Bu insanlığın xeyrinədir. Bu yazılar insanlığın qələbəsidir. İrfan ədəbiyyatı bizdə bu gün həddindən artıq geri qalıb. XII yüzillikdən bu günə qədər türk dünyasında Peyğəmbərə (s.) aid yazılan bütün şeirləri oxudum. Amma ən çox xoşuma gələn XV əsrdə Şimali Hindistanda  yaşayan sufi şair Şeyx Bəkirin sözləri oldu. O yazır:  “Dünya hisə bürünmüş bir otaqdır. Bu otağa elə girib çıxmaq lazımdır ki, hisə bulaşmayasan”. Peyğəmbərin (s.) həyatı bizə örnəkdir. İrfan ədəbiyyatı o demək deyil ki, burada ancaq mədhlə məşğul olasan. İrfan ədəbiyyatı könüllərə səyahət etməkdir. Könüllərə səyahət edib o könüllərdə həyat eşqi yaratmaqdır. Bunun özü elə ən böyük zəvvarlıqdı, zəvvarlığın adı budur. Mənim şeirim var:

                 

                   Gün, rüzgarım pozuq düşüb

                   Görün rüzgar nə istəyir?

                   Pərdə çəkib üz-gözünə

                   Özü aşkar nə istəyir?

 

                  Əsgəroğlu, ayrılıq var.

                  Yol istəyir haça yollar.

                  Gələnə yar, gedənə ayar

                  Mənəm zəvvar nə istəyir?

 

İrfan ədəbiyyatının bu gün inkişaf etməsi hamımızın xeyrinədir. Könüllər azad olan yerdə qan tökülmür.

 

                      Əsgəroğlu haqqın qulu,

                      Sevdalıdı ömür yolu,

                      Qansızlar qan tökmür durur,

                      Könüllər hürr olan yerdə.

Mənim arzum budur ki, irfan ədəbiyyatı  insanlığa xidmət eləsin. Yoxsa irfan ədəbiyyatını əruzda yazıb orda fanatikcəsinə mədhiyyə yazmq onu gözdən salmaq deməkdir.

Vaqif Bayatlı Odər (şair): – Son zamanlar qalib olduğum müsabiqədə də irfan elementləri var idi. Düzdür, mənim özümü heç ora aid etmirdilər. Amma elə düşünürəm ki, əsas insanın ruhudur, istedadı və savadıdır. Nə forma olur olsun, bunların hamısı İlahinin yanında birləşir. Buna irfan adı da, başqa ad da qoymaq olar. Əsas İlahi yaxınlığı və İlahi sevgini çatdırmaq meyarlarıdır. Elə bir sevgi ki, o insanlara, təbiətə, çiçəklərə, güllərə, otlara, hətta sulara, daşlara da ünvanlana bilər. Hansı janrda və hansı  formada yazılması elə də əhəmiyyətli deyil. Şeir onsuz da gəlib öz formasını tapır. Adi danışıqda belə söhbət yavaş-yavaş öz formasını tapır.  Mən özüm sufi şairlərin böyük əksəriyyətini oxumuşam. Amma mənim üçün ən böyük sufi şair Füzulidir. Düzdür, çoxları onu bu cür qəbul etmir. Amma mənim üçün Füzulidən böyük sufi yoxdur. Rumi də çox böyük şəxsiyyətdir. Dünya ədəbiyyatından isə Servantesi də sufi sayıram. O vaxt ispan ədəbiyyatına türk-müsəlman ədəbiyyatının çox böyük təsiri var idi. “Don Kixot” əsərində də bu təsirlər əks olunur. Onu Don kixotluqdan çıxarıb ruhi bir nəsnəyə çevirsək ideal bir sufi əsəri yarana bilərdi. Bəlkə buna görə də Don Kixot dünya ədəbiyyatında ən uca zirvələrdən birin tutur.

Zakir Fəxri (şair): – İrfan ədəbiyyatının mahiyyətində məhz, könüllərə səyahət durur. Bu ədəbiyyatın kökü çox qədim zamanlara gedib-çıxır. Nəsimi, Rumi, Füzuli hamısı bu ədəbiyyatın daşıyıcıları olub. Müasir dövrdə buna yanaşmada passivlik hiss olunur. Bu ədəbiyyatla məşğul olmaq çox mürəkkəb yoldan gəlib keçir. Burada dini, fəlsəfəni, dili bilmək lazımdı. İncili, Tövratı, Quranı mükəmməl oxuya bilməlisən. Ürəyində hansısa Allah kəlamının işartıları, nuru olmalıdır.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir