Modern.az

Sinəmdə dərd yükü, qəm yarası var...

Sinəmdə dərd yükü, qəm yarası var...

5 May 2013, 13:42

İsmayıl İmanzadə,
Azərbaycan Yazıçılar Birliyi (AYB) Mingəçevir bölməsinin rəhbəri,
“Mingəçevir leysanı” adlı ədəbi-bədii dərginin baş redaktoru


Bəyaz rəngli yuxularım

Yayıldı yamaca, yoxuşa adım
Burda çəmən ətri elə bir dadım.
Dağın quzeyində qar soraqladım,
Dedilər üz vurma, yoxudu bəlkə.

Burda bərkə çəkər yolçunu yoxuş,
Yerə damla-damla səpilər yağış.
Şəlalə çeşnidir, sal daşlar naxış,
Çəmən əlvan xalı toxudu bəlkə.

Mürgülü çiçəklər diksinər dinsəm,
Yal-yamac inciyər dərəyə ensəm.
Sulara qarışsam, buluda dönsəm,
Həsrətim dil açıb oxudu bəlkə.

Sinəmdə dərd yükü, qəm yarası var,
Bu dəli könlümün fırtınası var.
Ruhumda bir əsim dağ havası var,
Çeşmə danışdığım yuxudu bəlkə?

Bəsimdir

Dumdurusan bir bulanmaz göl kimi,
Yanaqların göz oxşayır gül kimi.
Axıb keçmə ürəyimdən sel kimi,
Eləcə yağ, yağışın da bəsimdir.

Sənsiz göydə bəxt ulduzum batası,
Sənsiz axı əlim hara çatası?
Yaxına cəl, ay könlümün butası,
Bircə solğun naxışın da bəsimdir.

Səhər-axşam yollara göz dikərsən,
Duman kimi gözlərimə çökərsən.
Əlçatmayan dağa dönsən əgər sən,
Deyərəm ki, yoxuşun da bəsimdir.

Bu sevdanın dumanında itim qoy,
Yuxularda vüsalına yetim qoy.
Yolun üstə göyərim qoy, bitim qoy
Odlu-közlü baxışın da bəsimdir…

Şəlalə

Dərələrə sığışmayır harayı,
Tunc sinəli sərt qayalar sarayı.
Gah günəşi sehrləyir, gah ayı,
Bu gözəli saçlarından kim asıb?

Dağ döşündə düşüb qalan aynadı,
Sal daşları elə bil ki, qaynadır.
Ovcundakı damlaları oynadır,
Bu gözəli saçlarından kim asıb?

O, dağlarda bir gözəllik allahı,
Çəkiləsi nə dərdi var, nə ahı.
Bilən varmı, nədir axı günahı,
Bu gözəli saçlarından kim asıb?

Bəyaz rəngi göz oxşayan bəhrəsi,
Möcüzədir bu ilahi töhfəsi.
Qorxudanmı avazıyıb çöhrəsi,
Bu gözəli saçlarından kim asıb?

Nə nərgizə, nə laləyə dönübdü,
Kim deyər ki, piyaləyə dönübdü?
Sızlayanda şəlaləyə dönübdü,
Bu gözəli saçlarından kim asıb?

Düşdün

Hər gəlişində bir sirr,
İçimdən yellər əsir.
Yazdım-pozdum nə kəsir,
Nə tam şəklinə düşdün.

Nisgilim yığın-yığın,
Açılmaz qırışığım.
Gördün sönür işığım,
Bir şam şəklinə düşdün.

Nə ulduzsan, nə də ay
Hər qatın gizli bir lay.
Bəlkə bir gün ya saray,
Ya dam şəklinə düşdün.

Səni gəzməyim əbəs,
İçimdə boğuldu səs.
Mələk idin niyə bəs
Adam şəklinə düşdün?..

Yandır məktublarımı

Yandır səndə olan məktublarımı,
Bir az da sözlərin oduna qızın.
Yandır ağlar qalan məktublarımı,
Ərit sinəndəki hikkənin buzun.

Yandır tüstülənsin ürəyindəki
«Sevgilim kəlməsi», «gülüm» kəlməsi.
Mən heç, özün bir az rahat ol təki,
Dözərəm, ağlına heç nə gəlməsin.

Elə şəklimi də at o tonqala,
Yandır ürəyimin harayın, səsin.
Nakam sevgimizdən bir ocaq qala,
Əllərin son anda qoy titrəməsin.

Yandır eşqimizdən verməsin nişan,
Yığışdır yollardan baxışlarını.
Yandır hər kəlməmə bir vaxt qarışan
Dumduru su kimi göz yaşlarını.

Yandır məktubları, qoy tüstülənsin
Uzaqdan boylanan o görüş yeri.
Üstümə bir bulud harayı ensin,
Qərq edim sularda xatirələri.

İtən avazımı, susan səsimi
Qat o məktublara əlinlə yandır.
Könlünü oxşasın bir meh əsimi,
Özünə yenə də sən haqq qazandır.

Bilirəm, çat düşməz bir də səbrinə,
Axmaz göz yaşların ta narın-narın.
Mənim sinəmdəki sevgi qəbrinə
Səpələ külünü o məktubların.

Gəldim görüşünə…

(Anam Ruqiyyənin əziz xatirəsinə)

Axdı gözlərimdən yaş narın-narın,
Həsrətin qəlbimdə yenə dil açdı.
Gəldim görüşünə…yalqız məzarın
Sənin əvəzindən üstümə qaçdı.

Şəklinə göz dikdim yana-yana mən,
Halıma acıdı burda sükut da.
Bilirəm çağırsam dinən deyilsən,
Yuxuya getmisən qara tabutda.

Yalandan deyimmi hələ bir az döz,
Daha kəsilibdi hər bərən, bəndin.
İçimdən əsən yel səni üşütməz,
Nə açıq qapın var, nə də pəncərən.

Yanıb külə döndü şirin diləklər,
Nə yerdən qalxırsan, nə səsin gəlir.
Qəbrinin üstündə açan çiçəklər
Titrədi…dedim bəs nəfəsin gəlir…

Zülmətin qırılan səsimi udur,
İstədim avazım ruhuna yetsin.
Göz yaşım bir ovuc qəm toxumudur,
Qoy səpim qəbrinin üstünə, bitsin.

aprel, 2003

Baş alıb gedirəm…

Baş alıb gedirəm mən bu şəhərdən,
Döşümə yatmadı burda yol, küçə.
Bəlkə də nə vaxtsa yuxuda hərdən
Gəzib tapacaqsan məni gizlicə.

Burda indən belə qalmağım hədər,
Onsuz da tapmadım gəzdiklərimi.
Gedirəm, gözümdə bir baxım kədər,
Nə fərqi kim tutur, tutsun yerimi…

Halıma yanmadı mənim bu şəhər,
Uğur diləmədi bir işimə də.
Bir vaxt gəlişimə baxdı birtəhər,
Köks ötürən deyil gedişimə də.

Gördüm dönə-dönə boz sifətini,
Boylanmaz dalımca divarı, daşı.
Məndən əsirgəyib məhəbbətini,
Üzümə bozardı hər addımbaşı.

Acı tüstüsünü uddum eləcə,
Məni isitmədi burda od, ocaq.
Başımın üstəki ulduzlu gecə
Bilirəm mənimçün darıxmayacaq.

Ta çıxıb gedirəm mən bu şəhərdən,
Qoy qalsın özünə işvəsi, nazı.
Gedirəm hardasa axtaram hərdən
Burda itirdiyim çiçəkli yazı.

Gedirəm, gizlicə dolur gözlərim,
Bir istək səbrimi çəkir tarıma.
Yollara sancılıb qalan izlərim
Arabir dolaşır ayaqlarıma…

Bar çiçəyim 

Boylandım nağıllardakı
Gördüyüm taxtın yerinə.
Tanrım ilham verdi mənə
Qismətin, bəxtin yerinə.

Kəlmə-kəlmə yarpaqladım,
Ucaldı ərşə avazım.
Qarışdı söz leysanına
Qarlı qışım, güllü yazım.

Közərdikcə xatirələr
Soraqladım hər anımı.
İllər keçdi, öz əlimlə
Yazdım ömür dastanımı.

Döyəndə ilham pərisi
Qapımı gecə yarısı,
Damcıladı varaqlara
Gözümün ağı, qarası…

Dönür hərdən misralara
Sinəmdəki ağrı-acım.
Hər kəlməm bar çiçəyidir,
Qələmim çörək ağacım.

Əkinçiyəm

Tapa bilmədim özümü,
Yollara dikdim gözümü.
Ömrüm bir muncuq düzümü,
Demirəm inciyəm, dədə.

Əsiriyəm ilhamımın,
Cəfasın çəkdim hamının…
Bəxtimin uçuq damının
Qaranlıq küncüyəm, dədə.

Niyə durulmadı qanım,
Büdrədim, sızladı canım.
Qaldı yollarda karvanım,
Bildinmi nəçiyəm, dədə.

Əldən çıxdı varım-yoxum,
Ərşə çəkilibdi yuxum.
Kağız kövşəndi, söz toxum
Mənsə əkinçiyəm, dədə.

Necə sevim 

A dünya, yaşayıb dadını gördüm,
İşığını gördüm, odunu gördüm.
İçində ən gizli qatını gördüm -
Mən səni təzədən necə sevim ki?

Qurdla qiyamətə qalansan elə,
Əzəldən boşalıb dolansan elə.
Təpədən-dırnağa yalansan elə-
Mən səni təzədən necə sevim ki?

Onsuz da yaxşılıq bilən deyilsən,
Kiminsə üzünə gülən deyilsən.
Mənim ki. dərdimdən ölən deyilsən -
Mən səni təzədən necə sevim ki?

Çoxları görübdü boz sifətini,
Deyən yox, göyərtdi yaz, sifətini.
Elə basıbdı ki, toz sifətini -
Mən səni təzədən necə sevim ki?

Aydan enib gələn haqq aşığıyam,
Ulduz işartısı, göy işığıyam.
Dilinə aldanan kənd uşağıyam -
Mən səni təzədən necə sevim ki?

Heç deyən oldumu bu necə yazdı,
Çoxları sirrini min yerə yozdu.
Səni tanımağa bir ömür azdı -
Mən səni təzədən necə sevim ki?

Kimi əzizlədin, kimi yaşatdın
Şirin nağıllarla başımı qatdın.
Elə əzəl gündən günaha batdın -
Mən səni təzədən necə sevim ki?

Quş da perik düşər, yuvası yoxsa
Yara qaysaq tutmaz, davası yoxsa.
Ruhunda məhəbbət havası yoxsa -
Mən səni təzədən necə sevim ki?..

Xoş gördük…

(Çağdaş türk dünyasının görkəmli alimlərindən olan
AMEA-nın müxbir üzvü Tofiq Hacıyevə)

Salam yaxşılığın dəhnə kişisi,
Saflığın bərəkət - təhnə kişisi.
Tanrım amanında saxlasın səni,
Xoş gördük, ay elin köhnə kişisi.

Bir barlı-bəhrəli torpaq kimisən,
Tutmusan üzünü yurdun nuruna.
Elminlə əl çatmaz bir dağ kimisən,
Bənzərsən Cəbrayıl çinarlarına.

Hər kəlmə dilində saf inci kimi,
Adicə sözün də çəkdin nazını.
Halallıq axtaran əkinçi kimi
Səpdin hər kəlməyə öz avazını.

Bir vaxtlar sularda qərq oldu səsin,
Gözünün yaşını Xəzərə qatdın.
Sonralar «İsmayıl oğlum» kəlməsin
Qəlbində böyütdün, sözdə yaşatdın.

Keçdin Ərzurumdan, ötdün Boludan
Çıxdı pişvazına Çənlibel sənin.
Aldıq sorağını Anadoludan,
Gəldi görüşünə neçə el sənin.

Arazım da sənsən, Kürüm də sənsən,
Bilirəm dilində dolaşır adım.
Mövlanəm, mürşidim, pirim də sənsən,
Elin sevgisində yaşa, ustadım.

Soltanlı nisgilin sızlar yazında,
Bir elin Diridən gələn səsisən.
Ərənli, ozanlı türk dünyasında
Müdrik babaların nişanəsisən.

Uşaqla uşaqsan, böyüklə böyük
Sənin sadəliyin ucalığındı.
Qarabağ dərdimiz çiynindəki yük,
Dar gündə kölgənə bir el sığındı…

Sağ ol, yaxşılığın dəhnə kişisi,
Sözün bərəkəti, təhnə kişisi.
Xoş gördük , ay Tofiq İsmayıloğlu,
Xoş gördük, ay elin kghnə kişisi.

28. 07. 2007

Məni yandıran od

Qaldı uzaqlarda şirin xəyallar,
Oxuya bilmədim alın yazımı.
Apardı özüylə dumanlı yollar
Hər şirin kəlməmi, hər avazımı.

Gəzib soraqladım itən illəri,
Bəxtimin zülməti qarşımı kəsdi.
İçimi sovuran payız yelləri
Yanımdan adladı, üstümdən əsdi.

Qaldım bəzən iki od arasında,
Qolumdan yapışıb tutan olmadı.
Axtardım özümü qəlb yarasında,
Bilmədim necədir həyatın dadı.

Taleyin sərtliyi saçlarımda dən,
Üzümü qapqara zülmətə tutdum.
Könlüm havalandı hardasa hərdən,
Sevincə qoşulub, dərdi unutdum.

Tənəli sözündə qərq oldum yadın,
Sızlatdı qəlbimi yersiz bir hədə.
Bir vaxtlar sinəmdə alışan odun
Tüstüsü başımdan çıxır hələ də…

Yerini

Bağlanan bacadı, qapı - bilmədim,
Gələn dərd tək idi, topa - bilmədim.
Axtarıb çiynimdə tapa bilmədim,
Kim mənə göstərər yükün yerini?

Hərdən qan ağlayır bomboş pətəklər,
Çətin ki, tapıla köhnə itiklər.
Qara gövdəsiylə tutub kötüklər
Budağın yerini, kökün yerini.

Kimi axtarıram, axı mən kimi
Gendən ötüb keçdi bu yaz çən kimi.
Bir quş dimdiyindən düşən dən kimi
Gəzirəm hələ də əkin yerini…

Tapılmaz

Gəzdimi kiminsə adı dilində,
Bir əlin sığalı varmı telində?
Ən gözəl, ən nazlı qızda, gəlində-
Səndəki gül çöhrə, bədən tapılmaz.

Fərqinə vardınmı - soyuq, isti nə
Sənin gözəlliyin durdu qəsdinə.
Baxışlar od səpir hərdən üstünə-
Sinəndə nişangah nədən tapılmaz?

İnadın rahatlıq qazandımı, de
Sevgisiz yaşamaq asandımı, de?
Nazını çəkənlər usandımı, de-
Ta sənlə yanaşı gedən tapılmaz.

Hər kəlmə dilində bir daddı-tamdı,
Görən dəli könlüm səndən nə umdu?
Sinən xışa həsrət kövşəndə, şumdu-
Nə belə xam torpaq, nə dən tapılmaz…

Qaytarım 

Dərdin sinəmdədir kökü,
Hər anım bir ömrün yükü.
Yuxuma gir, gözümdəki
Şəklini gecə qaytarım.

Gəl, dəftərlə - kitabla gəl,
Bir az dözümlə, tabla gəl.
Verdiyini hesabla gəl -
Sonra de - neçə qaytarım?

Odlara yaxdın canımı,
Həsrətin tökdü qanımı.
Sənsiz keçən hər anımı -
Vur beşə - üçə, qaytarım.

Nə taqətim, nə gücüm var,
Ox - yay nişanlı bürcüm var.
Tanrıya bir «can» borcum var -
Bilmirəm necə qaytarım…

Olsun 

Sözlərin həm şirin, həm də ki, acı
Gəl baxma təzədən mənə qıyqacı.
Ömrümün naxışı, başımın tacı -
Qoymaram qəddini ta əyən olsun.

Sevincin tərs üzü dərdmiş, kədərmiş
Anladım, bu umu - küsü hədərmiş.
Dedim ki, bizimki bura qədərmiş -
Demədim xətrinə qoy dəyən olsun.

Deyəsən təzədən baxt istəyirsən,
Sən məndən hələ də vaxt istəyirsən.
Bəlkə də qızıldan taxt istəyirsən -
Qorxma - get birini seç-bəyən, olsun.

Fikrindən keçəni mən necə bilim,
Səndən gileylidir onsuz da dilim.
Həmişə sən deyən olubdu, gülüm -
Qoy bircə dəfə də mən deyən olsun…

Sevəcəyim kimsə yox

İllər saçda saldı iz,
Əsdi əl, titrədi diz.
Dedilər gülərmi üz -
Dedim, kiprik nəmsə yox.

Hər doğulan bəşərmi,
Xeyrin tərs üzü şərmi?
İş çətinə düşərmi -
Ağıl başda cəmsə-yox.

Qəfildən qırılsa səs,
Çöpdən yapışmaq əbəs.
Közərərmi heç həvəs -
Gələn kədər-qəmsə yox.

Hər düz işdə savab var,
Məhşərdə haqq-hesab var.
Bu suala cavab var -
Bəxt daşarmı-kəmsə yox.

Sevgi incidi, ləldi
Ümid yerim ta eldi…
Məni sevənlər öldü -
Sevəcəyim kimsə yox…

Yadda saxla…

Dəli könlüm, üşütdümü qar səni,
Heç boğdumu qeyrət səni, ar səni?
Çək-çevirə salan kimi yar səni -
Söylədinmi, əl çatmayan dağdı ha!..

Saflıq gəzdin-düşdün cəngə-davaya,
Zülmət çökdü sığındığın yuvaya.
Bel bağlama hər çalınan havaya -
Bir də gördün qəfil şimşək çaxdı ha!

Düz danışdın-bağladılar dilini,
Tapdadılar çiçəyini, gülünü.
Haqdan üzmə ümidini, əlini -
Bəlkə dövran səni bir də doğdu ha!..

Bir yamanlıq ayaq açsa üstünə,
Yaxın gələn tapılarmı tüstünə?
Büdrədinmi, duracaqlar qəsdinə -
Yadda saxla, düşmənlərin sağdı ha!

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?