Modern.az

Qardaşbala və məhləmizin namus-qeyrəti…

Qardaşbala və məhləmizin namus-qeyrəti…

5 May 2013, 15:03

Qardaşbala məhləmizin fəxri idi. Nə qədər ki, o var idi biz nə polisə, nə də ki hər hansı bir mühafizəyə ehtiyac duyurduq. Uçastkovımız da arxayın idi. Hamı ondan qorxurdu.    Kimin haqqı nə idi ki, biz tərəfə əyri-əyri baxa. Qardaşbala diri-diri doğrayardı onu. Məhlədəki tində dayanardı. Tin uşaqları da ətrafına toplaşardı. İmam övladı deyildi. Çəkirdi, içirdi, dalaşırdı. Bir-iki dəfə türməyə də düşmüşdü. Amma tindən əksi çəkilmirdi. Bilirdilər ki, məhləyə qıyğacı baxsalar belə, Qardaşbala türmədən qayıdıb onlara divan tuta bilər. Təkcə qıraqdakılar yox, biz də yaman qorxurduq ondan. Hünərin var yanından keç, sadəcə, salam vermə. Şapalaqlayırdı. Məhlənin qızları da yanıqlıydılar onun əlindən. Qardaşbalanın qorxusundan bir oğlan da onlara yaxın gələ bilmirdi. Qeyrət, namus mücəssəməsiydi. Ölərdi, türməyə düşərdi, amma qoymazdı ki, məhlənin adına xələl gələ. Heç kim onu vəkil eləməmişdi. Sadəcə boynuna düşmüşdü. Balaqardaşdan miras qalmışdı ona.
Bir anasıydı, bir də özü. 40 yaşına çatmışdı. Amma evlənməmişdi. Daha doğrusu qız verən yox idi ona. Bilirdilər ki, Qardaşbalaya qız ver, ya da uşağı türməyə göndər. Eyni şeydir.
Hər şey yaxşı gedirdi. Sakit idi həyatımız. Mən bais oldum. Məhv etdim Qardaşbalanı.    Mən yox! “Topaz”. Yoxsa ki, mən nə bilirdim mərc nədir? Məhlə uşaqlarıyla bütün günü futbol mərci qoşurduq. Uduzurduq. Tələbə adamıydıq. Evdən bir manat dilənməkdən yorulmuşduq - dönər adıyla. Hərdən bir “pivə də içirdik, yanında da noxudu”. Amma ağzımızdan iy gəlmirdi. Görüşə gedirdik. Qayıdanda məyus gəlirdik. Üstümüzdən ətir yox, tütün iyi gəlirdi. Nəşə çəkmirdik, gözlərimiz qızarırdı - internetdə futbol oyunlarını izləməkdən. Udmurduq, əksinə itirirdik. Təki itirəydim. Çünki itirdiyimiz təkcə pul olacaqdı. Qardaşbala...

Günlərin bir günü mərcdə uddum. Udmadım e “Topaz”ı məhv etdim. 117 min manat.    Məhlədə həmən hörmətim artdı. Qardaşbala arxa plana keçdi. Məhlə uşaqları mənim başıma toplaşmağa başladılar. Ağzımızdan pivə yox, araq iyi gəlməyə başladı. Üstümüzdən duxi iyi əskik olmurdu. Bütün günü orda-burda. Qardaşbala isə həmin yerindəydi. Tində. Məhləmizin keşiyində. Evə qayıdanda özümüzü yığışdırırdıq. Yanından keçəndə yenə qorxa-qorxa keçirdik. Üzümüzə heyrətlə baxırdı. Bəlkə də bu rişxənd idi. Məhlə uşaqları da artıq namus-qeyrətin keşiyində olan Qardaşbalanı yox, pulu olan məni seçmişdilər. Amma bizə qoşulmurdu. Beləcə missiyasını həyata keçirirdi.
Pulum da azala-azala gedirdi. Amma yemək-içməyimdən də qalmırdım.

Günlərin bir günü yaxşıca yedik-içdik. “Topaz” mənə div qüvvəti bəxş etmişdi. Yeni mərclərə ruhlandırmışdı. Pul məni o qədər qudurtmuşdu ki, özümü böyük sayırdım.    Amma yenə də qarşımda Qardaşbala vardı. Hamıdan güclü idim məhlədə, bir ondan başqa.

Bir gün yenə məhlə uşaqlarıyla o qədər yedim-içdim ki, sərxoş oldum. Özüm də bilmədən mərc qoşdum onlarla. Yox, yox, futbol mərci deyildi. Bu mərci udmuşdum.    Qardaşbalanı udmalıydım. O qədər qudurmuşdum ki, ona “oğraş” deməliydim. Məhləmizin namus-qeyrətini qoruyan bir insana. Şərəfsiz bir mərc idi. Geriyə yol yox idi. Mərc artıq kəsilmişdi. Bir ay vaxtım vardı. Özü də bu sözü bütün məhlənin qabağında deməliydim.

Səhər dərsə gedəndə gəldim dayandım Qardaşbalanın qabağında. “O” dedim. Dərsdən qayıdanda da “O” dedim. Beləcə bir həftə. Qardaşbala üzümə qəribə-qəribə baxırdı. Başa düşmürdü ki, bu “o” nə “o”-dur. “O”-nun arxasından xəbəri yox idi. İkinci həftə “o”-nun yanına “ğ” da yapışdırdım. Bir həftə də “oğ”, “oğ” dedim Qardaşbalanın üzünə. Yazıq elə üzümə baxırdı. Sadə adam idi. Heç ağlına gətirmirdi ki, bu “oğ” nədir, nəyin əvvəlidir.

Üçüncü həftə isə hər gün “oğr”, “oğr” deyirdim. Sanki Qardaşbalanın beynini deşirdim. Vərdiş etmişdi mənim sözlərimə. “Oğr” dedikcə xoşhallanırdı. Ləzzət edirdi ona. Arxasınca nə gələcəkdi, sanki mərak edirdi. Su damcıları daşın üzərini ova-ova gedirdi. Dörcüncü həftə “oğra” ilə davam etdi. Nəhayət 30-cu gün. Bütün məhlə uşaqları mənə baxırdı. Mənim gözlərimsə Qardaşbalaya. O da mənə intizarla. Sonuncu hərfi gözləyirdi. Gözümü yumdum. O sözü dedim: “Oğraşşşş”. Gözümü açmırdım. Üzümdə şapalaqları, qarnımda dəlik açan bıçaq izlərini hiss edirdim sanki. Amma sadəcə hiss edirdim. Gerçəkdə isə heç nə yox idi.  Gözlərimi açdım. Qardaşbala qarşımdaydı. Məhlə uşaqları ətrafımda. Bir mənə baxırdı, bir də uzaqda dayanan bacıma. Üzümə gülümsəyirdi Qardaşbala. Bəlkə də vərdiş etmişdi bu sözə. Yumruqlarını bərk-bərk sıxaraq sanki carəsiz, cıxılmaz vəziyyətdə olan kimi baxırdı. Tərəddüd içində nə edəcəyini, nə deyəcəyini bilmirdi məncə. Bəlkə də bacıma olan məhəbbəti bağlamışdı əl-qolunu. Beləcə çevrildi getdi. Tində oturmadı. Evinə girdi. Mən mərci udmuşdum. Qardaşbalanın, məhləmizin namus-qeyrətini isə uduzmuşdum.

Artıq pulum da qurtarmışdı. Artıq Qardaşbala da tində oturmurdu. Qumar oynayırdım, amma udmurdum. Yenə ümid bağlayırdım. Bəlkə də “Topaz”da nə vaxtsa udacaqdım. Uduzduğum pulları nəvaxtsa geri qaytaracaqdım. Amma məhləmizin Qardaşbala simvolunu həmişəlik uduzmuşdum.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub