Modern.az

“Tolerantlıq Kuboku”nun qalibi bəlli oldu

“Tolerantlıq Kuboku”nun qalibi bəlli oldu

Aktual

6 May 2013, 10:08

Bakı Dövlət Universitetinin futbol meydançasında mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Odlar Yurdu” təşkilatının dəstəyi ilə "Tolerantlıq Kuboku" uğrunda dini icmalararası mini futbol turnirinin final oyunu və bağlanış mərasimi keçirilib. Oyunu izləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Odlar Yurdu təşkilatının sədri İlham Nağıyev, Tükiyə Liviya, Fələstin səfirliklərinin nümayəndələri, Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi, yəhudi, xristian icmalarının nümayəndələri, BDU-nin prorektoru Aydın Kazımzadə, dünya şöhrətli fotoqraf Rza bəy Dəqati, media nümayəndələri də gəliblər.

Dövlət Himni səsləndirilkdən sonra finala vəsiqə qazanmış komandalar – Məşədi Dadaş (Nəsimi) və İmam Rza (Binə) meydanda öz yerlərini alıblar. Gərgin mübarizə şəraitində keçən oyunda İmam Rza komandası 4:3 hesabı ilə qalib gələrək “Tolerantlıq Kuboku” nun sahibi olub.

Rəsmi bağlanış mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən olan “Tolerantlıq Kuboku” uğrunda mini futbol turniri ölkəmizdə ilk dəfə keçirilir. “Bu gün Azərbaycanda dinlərarası münasibətlər özünün ən yüksək səviyyəsindədir. Dünya praktikasında nadir hallarda rast gəlinən bu nümunənin Azərbaycana məxsus olması sevindirici haldır. Məsələn, biz bir neçə gün əvvəl müxtəlif dinlərə mənsub olan icmaların birlikdə ağacəkmə aksiyası keçirdiklərinin şahidi olduq. Bu gün isə burada birlikdə futbol oynayırlar. Bu ölkəmizdəki dinlərarası münasibətlərin tolerantlığın ötəsində olduğunun göstəricisidir.”

E.İskəndərov turnirin görkəmli şəxsiyyətin 90 illik yubileyinə həsr olunmasının da səbəblərindən danışaraq bildirdi ki, Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqəti olub. “Biz Ümummilli Liderin tez-tez müxtəlif konfessiyaların rəhbərləri, icma üzvləri ilə birgə görüşlərinin şahidi olmuşuq. Həmçinin, dinlərarası qarşılıqlı hörmətin yaranmasında Ulu öndərin böyük xidmətləri olub. Məsələn, Bibiheybət ziyarətgahı təmir olunursa, eyni zamanda kilsə və sinaqoqlar da təmir olunur. Bununla da ayrı-seçkiliyə yol verilmədiyi üçün hər hansı narazılıq da yaranmır.”

Dövlət Komitəsinin sədri bu gün Heydər Əliyevin düşünülmüş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də danışıb. Bildirib ki, bu gün ölkə Prezidentinin təşəbbüsü ilə Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir bərpa olunur. “Demək olar ki, bu ibadət ocaqlarının açılışlarında cənab Prezident şəxsən özü iştirak edir. Eyni zamanda dini icmalara dövlət tərəfindən maliyyə yardımlarının ayrılması, onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə yaradılan şərait də bunun bariz nümunəsidir” deyə E. İskəndərov dövlət başçısına dini icmalar adından təşəkkürünü bildirib.

Daha sonra “Tolerantlıq Kuboku” uğrunda keçirilən mini futbol turnirinin mükafatlandırma mərasimi başlayıb. Səhnəyə öncə 3-cü yeri qazanmış “Ümid” qəsəbəsi dini icmasının komandası və ikinici yeri tutmuş Məşədi Dadaş komandasına medallar təqdim edilib.

Nəhayət 1-ci yerin, “Tolerantlıq kubokunun” sahibi “İmam Rza” komandasına kuboku və medalları Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edib. Dövlət Himninin səsləndirilməsi ilə tədbir yekunlaşıb.

Qeyd edək ki, qalib komandalara diplom və hədiyyələrin təqdim edilməsi mərasimi 7 may saat 11:00-da Park İnn otelində keçiriləcək Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə baş tutacaq.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!