Modern.az

İranın vitse-prezidenti: “Azərbaycandakı prezident seçkilərində İrana qarşı olan qüvvələr qalib olmayacaq”

İranın vitse-prezidenti: “Azərbaycandakı prezident seçkilərində İrana qarşı olan qüvvələr qalib olmayacaq”

6 May 2013, 10:29

İranın Azərbaycan haqqında müxtəlif bəyanatlar səsləndirməsi adi hal alıb. Son bir neçə ayda İran rəsmiləri və parlamentariləri tərəfindən ölkəmiz əleyhinə genişmiqyaslı kompaniya aparılır. İran gah Azərbaycanın xarici siyasət kursunu tənqid edir, gah da dövlətimizin daxili işlərinə qarışmaqla özünü bölgədə əmin-amanlığın qarantı kimi təqdim etməyə çalışır.

Bu dəfə isə İran İslam Respublikası prezidentinin parlament və hüquq məsələləri üzrə müavini Məhəmmədrza Mir Tacəddini Azərbaycanda keçiriləcək  prezident seçkilərində anti-İran qüvvələrin uğur qazanmayacağını dilə gətirib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Əhmədinejadın rəsmi nümayəndəsi Beynəlxalq Səhər telekanalının müxbiri ilə müsahibədə deyib: “Mən yüzə-yüz qətiyyətlə deyirəm ki, anti-İran mövqedə olanlar Azərbaycan Respublikası prezident seçkisində səs toplaya bilməyəcəklər. Çünki, Azərbaycan və İran xalqı məmləkətini sevir və onunla dostdur. Özlərini İran ilə bərabər bilir. Bizimlə qonşu olan ölkə anti-İran ola bilməz. Seçkidə İran əks mövqedə olan qüvvələrin səs toplayacağına inanmıram”-deyə vurğulayıb.

İran prezidentinin müavini daha sonra əlavə edib: “Biz Azərbaycan Respublikası ilə dostuq. Onlar isə ehtiyatlı olsunlar ki, kimsə bizim dostluğumuzu vurmasın”-deyə rəsmi Bakıya mesaj göndərib. Tacəddini İran Azərbaycan münasibətlərinə də toxunaraq hər iki dövlətin müştərək cəhətlərinin olduğunu deyib: “İran İslam Respublikası həmişə Azərbaycan Respublikası ilə yaxşı əlaqə qurmaq istəyib. Çünki bizim müştərək cəhətlərimiz olduqca çoxdur. Dünyada bizim kimi yaxın olan ölkə yoxdur. Amma İran və Azərbaycan Respublikasının hər ikisi müsəlman ölkəsidir. Hər iki ölkədə çoxlu Əhli-Beyt ardıcılları var. İki ölkə qonşudur. Mədəniyyət və kültür baxımından saya gəlməz müştərək cəhətlərimiz var. İranın bir neçə ostanı azəridir. Yaxşı diqqət olunsa görərik ki, düşmənlər bu iki ölkə arasında yaxşı əlaqələri istəmirlər. Arada şeytan var. Bu şeytan kimdir? Bu şeytan Amerika və sionist rejimdir. Düşünürlər ki, İran ilə Azərbaycan Respublikası iki qonşu və qardaş ölkə bərabər olsalar, onda biri-birilərinin yüksəlməsinə kömək edəcəklər. Düşmənlər bunu istəmirlər”.

Strateji təbii ehtiyat  mənbələrinə də işarə edən İran rəsmisi qeyd edib ki, hər iki ölkə neftlə zəngindir. “İran elm və texnologiya sahəsində xeyli irəli gedib. İranın bu nailiyyətləri çox rahatcasına Azərbaycan Respublikasının ixtiyarına verilə bilər. Azərbaycan Respublikasının da imkanları bizim ixtiyarımıza verilə bilər. Nə qədər müsəlman ölkələri birlikdə olsalar, o qədər istilaçı qüvvələr geri oturacaqlar”.

Sonda isə prezident müavini Azərbaycanda yaşayan və İran əleyhinə fəaliyyət göstərənləri xaricdən dəstək almaqda ittiham edib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir