Modern.az

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - II HİSSƏ

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - II HİSSƏ

6 May 2013, 11:35

“Sosialist ölkəsi olduğu üçün insanlar arasına nifaq salıb Yuqoslaviyanı dağıtdılar”


Qarabağ müharibəsində atəşkəs elan olunandan bəri 20 ilə yaxın bir zaman keçib. Bu müddət ərzində münaqişənin həll edilməsi üçün aparılan danışıqlar bir nəticə verməyib. Ermənistan və Azərbaycan cəmiyyətləri arasında müxtəlif səviyyələrdə görüşlər keçirilsə də, tərəflərin bir-birini hələ də düşmən gözündə gördüyü bir reallıqdı. Geridə qoyulmuş illər hər iki ölkədə müəyyən vətəndaş qruplarının fikirlərində dəyişiklik yaratsa da, ümumilikdə vəziyyət dəyişməz qalıb.

İtirilmiş torpaqların, dostların, doğmaların, valideynlərin, övladların... ağrısını geridə qoyub sülhə köklənmək həqiqətən asan məsələ deyil. Amma Bosniya və Herseqovinada görüşdüyümüz hər kəs müharibə dayanandan bəri milli zəmində qan tökülmədiyini və hər üç xalqa mənsub insanların bir-birilə normal münasibət saxlamağa çalışdığını dönə-dönə vurğulayırdı. İki münaqişə tərəfindən olan jurnalistlər kimi bizi düşündürən əsas sual “axı necə?” idi...

***

Ali Nümayəndə İnçkonun da dediyi kimi sülhün bərqərar olmasında iti bucaqlardan yan keçmək cəhdi rol oynayıb yəqin ki. Məktəblərdə tarix fənninin 1994-cü ildə bitməsi, müharibə dövründən sonrakı tarixin dərsliklərə salınmaması və bu dönəmin öyrənilməsinin mütləq sülh əldə ediləcəyi zamana saxlanması ilk baxışda anlaşılmaz olsa da, münaqişəni yenidən alovlandırmamaq üçün ağılabatan çıxış yoludu, məncə. Həmçinin də sözləri olmayan, yalnız musiqidən ibarət himnin yazılması, jurnalistlər üçün milli münaqişəyə səbəb ola biləcək ifadələrdən uzaq durmaları üçün sərt qaydaların tətbiq edilməsi, elə cinayət məcəlləsində də milli zəmində təhqirlərə yol verənlər üçün böyük məbləğdə cərimədən başqa 3-6 ay müddətinə həbs cəzasının nəzərdə tutulması, milli zəmində törədilən qətllərin ağırlaşdırılmış cinayət sayılması və ən ağır cəzaya layiq görülməsi və s.

Bunlar Deyton sazişinin gətirdiyi çözümlərdi. Cəmiyyət fərdləri də özlərinəməxsus maraqlı yollar tapmaqdadı. Məsələn, Mostarda yaşayan milliyətcə serb olan tanınmış yazıçı Veselin Qatalo 2005-ci ilin noyabrında “Sülh heykəli” layihəsini düşünüb. Simvolik olaraq da sülhün ifadəsi kimi 90-larda bütün postsovet məkanının qəhrəmanı olmuş, döyüş ustalığından sadəcə müdafiə üçün yararlanan “karatenin atası” Bryus Lini seçib:

“Xalqların içindəki heç bir qəhrəman sülhü ifadə eləmir. Nə serblərdə, nə xorvatlarda, nə də boşnaklarda sülhsevər bir qəhrəman yoxdu. Odu ki, Bryus Liyə heykəl qoymaq ən doğrusu idi. Onun heykəli münaqişə tərəflərinin heç birinin hissini təhqir etmir, üstəlik hamı tərəfindən sevilməsi baxımından da bu xalqların ortaq nöqtəsi sayıla bilər”.

***


Veselin müharibədə iştirak eləməyib. Özünün də zarafata salıb dediyi kimi fəraridi.

 “Mən müharibədə iştirak etməmişəm və heç kimi öldürməmişəm – bununla öyünə bilərəm!” – deyir.

Veselin əmindi ki, bu üç xalqın özünə qalsaydı, heç bir münaqişə yaşanmazdı, çünki onlar arasında heç vaxt ciddi narazılıq olmayıb. Bu münaqişə kənar qüvvələrin əməlinin nəticəsidi:

“SSRİ dağılandan sonra NATO üçün antipod yox oldu və Amerika öz üzərinə dünya polisliyi vəzifəsini götürdü, Yuqoslaviya isə ilk təcrübə meydanı oldu. Nə olursa olsun, sosialist sistemi çökdürülməliydi və xalqları milli münaqişəyə sürükləyərək bu məqsədə qurban verdilər. Hazırda isə ölkə “Vyetnam sindromu” yaşayan 3 xalqın məmləkətinə çevrilib. İnsanlar bir-birindən qorxur. Deyton sazişi münaqişə nəticəsində baş vermiş ən yaxşı şeydi. Amma uzun illər keçməsinə baxmayaraq, xalqlar arasında hələ də etibar hissi bərpa olunmayıb”.

Bütün müharibələri puç hesab edən yazıçı əmindi ki, müəyyən qüvvələr istəsələr istənilən birini, hətta ən qeyri-millisini də milli münaqişənin içinə sürükləyə bilərlər. Buna görə də tələyə düşməmək üçün çox təmkinli olmaq lazımdı: 

“Hər kəsin bir subentiteti var. Ən əsas subentitet isə özünün daima inkar etdiyin subentitetdi. Məsələn, müharibə başlayana qədər mən serb olduğumun fərqində deyildim, milli kimlik məsələsi mənimçün maraqlı deyildi çünki. Amma müharibə içimdəki milli hisslərin oyanmasına səbəb oldu. Hətta beynəlmiləl birini də ultra millətçi eləmək mümkündü. Və bunu əksərən jurnalistlər vasitəsilə edirlər. Düşünürəm ki, Bosniya müharibəsi jurnalistlərin səhvidi”.

30 ildən çoxdu jurnalistikayla məşğul olan, Zaqrebdə nəşr olunan “Vechernı lıst” jurnalının əməkdaşı milliyətcə xorvat Mario Vrankıç müəyyən mənada Veselinlə razıdı. O da hesab edir ki, münaqişə başlayan zamanlarda jurnalistlərin hamısı olmasa da, çoxu milli hisslərinin əsirinə çevrilib, öz materialları ilə yaranmaqda olan münaqişəni yatırmaqdansa alovlanmasına səbəb oldular.


“Jurnalistləri birbaşa münaqişəni yaratmaqda günahlandırmaq doğru olmazdı. Amma bu da bir həqiqətdi ki, o zaman münaqişə tərəflərini təmsil edən mətbuat orqanları peşəkarlıqdan uzaq və qərəzli davranırdılar. Amma indi ciddi nəzarət olduğu, cəzalandırma sistemi işlədiyi üçün mətbuata nifrəti yansıtmaq mümkün deyil”.

Əslində Yuqoslaviya ərazisində milli münaqişələrin kənar qüvvələr tərəfindən məhz sosialist sisteminin çökdürülməsi məqsədilə süni şəkildə alovlandırıldığı fikri keçirdiyimiz görüşlər zamanı təkrarlanan fikirlar sırasındaydı.

Bosniya və Herseqovinada aparıcı siyasi partiyalardan biri Sosial Demokrat Partiyasından olan parlament üzvü Aner Julevıçdan milli kimliyini soruşanda “Bosniya və Herseqovinalıyam dedi” və əlavə etdi ki, “Biz yerlərdə sadə insanlarla görüşəndə boşnak, serb, ya xorvat olmaqla aralarında hansı fərqin olduğunu, bu cür fərqləndirmənin onlara nə verdiyini soruşurduq. Çoxları bu suala cavab verə bilmirdi. Sadəcə sosialist ölkəsi olan Yuqoslaviyanı dağıtmaq lazım idi, buna görə də xarici qüvvələr insanlar arasında nifaq saldılar”.

***

Mostar adından da bəlli olduğu kimi çoxsaylı körpülərilə unikal olan bir şəhərdi. Müharibə tarixinə ən dərin iz salmış olaylardan biri də şəhərin əsas simvolu olan Qədim Körpünün partladılmasıdı. 1566-cı ildə osmanlı türkləri tərəfindən inşa edilmiş bu körpünün partladılmasıyla Mostar şəhəri 3 hissəyə bölünmüşdü, münaqişə tərəfləri olan 3 xalqdan hər biri öz hissəsinə nəzarət edirdi. Yalnız 2004-cü ildə Mostarı yenidən birləşdirmək mümkün olub.

Bosniya və Herseqovina müharibəsi haqda oxuduğum ən təsirli cənədli-bədii ədəbiyyat nümunəsi olan ispan jurnalist və yazıçısı Arturo Peres Revertenin “Kamançilərin ərazisi” əsərində bu körpünün partladılması səhnəsi anbaan canlandırılıb...

Biz o kördüdə olduq. Hər daşında bir tarix yatan Qədim Körpü həqiqətən möhtəşəmdi. Onu 2004-cü ildə Mostar yenidən vahid şəhər olandan sonra bərpa ediblər. Mostar şəhərinin meri Lyubo Beşlıçın dediyinə görə, partlama zamanı Neretva çayına tökülən daşları bir-bir çaydan çıxarıb, elə həmin daşlarla da yenidən əvvəlki körpünün eynisini inşa ediblər.

***

“Burada kimsə kimsəyə inanmır. Siyasilər jurnalistlərə, jurnalistlər siyasilərə, bir xalq digərinə... Amma siz bu şəhərə bir baxın. Mostar mənim doğma, sevimli şəhərim olmaqdan başqa yeganə şəhərdi ki, buranın qalibi yoxdu. Şəhərin multietnik olması bir tərəfdən gözəl bir şeydi. Digər tərəfdən isə çox çətin məsələdi. Bir-birinə etibar etməyən 3 etnik qrupun bir şəhərdə göz-gözə, barışıq içində yaşamasını təmin etmək... Çox çətin məsələdi...” – jurnalist Brankıç hesab edir.

Bəli, Bosniya və Herseqovina Federasiyasının tərkibindəki Herseqovina-Neretrva kantonunun  inzibati mərkəzi olan Mostar həmişə multimilli şəhər olub. Müharibəyə qədər bu şəhərdə 12 min qarışıq nigah qeydə alınıbmış. Ötən il ərzində isə cəmi 110 qarışıq nigah bağlanıb.

“Bu rəqəm keçmişlə müqayisədə həddən artıq az görünə bilər. Amma tökülmüş qanları, yaşanmış dəhşətləri nəzərə alsaq hələ də qarışıq nigahların qeydə alınması əslində olduqca müsbət göstəricidi”, - bunları isə Mostar şəhərinin meri deyir.

Müharibədən əvvəl Mostar həm də hərbi sənaye şəhəri olub. Şəhərin kənarlarında hərbi kazarmalar və aerodrom yerləşirdi ki, həmin aerodromda da hərbi pilotlar hazırlanırdı. Mostarın 137 min nəfər əhalisi vardı ki, bunlardan da 45 min nəfəri elə həmin şəhərdəcə işlə təmin olunmuşdu.

Hazırda isə əhalinin böyük əksəriyyəti şəhəri tərk edib. Kimi müharibə zamanı qaçıb sığındığı hansısa Avropa ölkəsində bu günə qədər yaşamaqdadı, kimi isə sülh bərqərar olandan sonra dolanışıq dalınca başqa ölkələrə getməyə məcbur olub. Bütün Bosniya və Herseqovinada olduğu kimi Mostarda da işsizlik çox yüksəkdi.

Ölkəni tərk edənlərin, qalanların sayı haqda isə dəqiq bir söz demək mümkün deyil. Çünki müharibədən sonra əhalinin siyahıya alınması prosesi həyata keçirilməyib. Hələ də 1991-ci ildə keçirilmiş son siyahıyaalmanın reallıqdan uzaq olan göstəricilərinə əsaslanmalı olurlar.  

***

“Mən xorvatam, amma məni mer vəzifəsinə xorvatlar seçməyiblər”, - deyən Lyubo Beşlıçdan da milli tərkibinin rəngarəngliyilə seçilən bir şəhərdə xalqlar arasında barışığa necə nail ola bildiklərini soruşduq. Cavab belə oldu:

“Xalqlar arasında etibar əskikliyindən başqa problem olmayıb heç vaxt. Ən çox zamanı da elə bu etibarın bərqərar olmasına sərf elədik. Əsasən də beynəlxalq qurumlar sayəsində bu, mümkün oldu. İlk dövrdə insanları bir masa arxasına toplamaq müşkül məsələ idi. İndi də müəyyən qədər inamsızlıq qalır. Amma bunun da öhdəsindən gəlməyə çalışırıq”.


(Ardı var...)

Samirə Əhmədbəyli

***

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - I HİSSƏ
//modern.az/articles/38230/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər