Modern.az

Kənd əhalisinin içməli su problemi həllini tapdı

Kənd əhalisinin içməli su problemi həllini tapdı

6 May 2013, 12:20

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) içməli sudan əziyyət çəkən ucqar kənd və qəsəbələrdə  su təchizatının  yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Tədbirlər Planı çərçivəsində içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni layihələr icra olunur. 

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, mayın 4-də Balakən rayonunun Sarıbulaq kəndinə içməli suyun verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirib və əlavə edib ki, su təchizatının yaxşılaşdırılması istiqamətində  görülən işlər kəndin sosial-iqtisadi inkişafına töhfə verəcək: “Sarıbulaq kəndinin sakinləri uzun  illərdir içməli sudan əziyyət çəkirdi. “Azərsu” ASC-nin həyata keçirdiyi layihə üzrə işlər qısa müddətdə yekunlaşıb və kənd əhalisinin içməli su problemi həllini tapıb”.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “MöhtərəmPrezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün daha bir kəndə içməli suyun verilməsi təmin edilir. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcək. Bu tədbirlərin davamı olaraq yaxın gələcəkdə respublikanın digər rayonlarının içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcək”.
Açılış mərasimində çıxış edən kənd sakinləri içməli suyun verilməsini böyük sevinclə qarşılamış, içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildiriblər.    Balakən rayonunun Sarıbulaq kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 2400-dən çox sakinin su təchizatının yaxşılaşdırılmasına  hesablanıb. Layihəyə uyğun olaraq  kəndi içməli su ilə təmin etmək üçün nəzərdə tutulub 2 ədəd artezian quyusunun 1-i artıq istismara verilib, digəri isə yaxın vaxtlarda işə salınacaq. Artezian quyulardan kəndə 110 mm diametrli polietilen borularla 700 metr uzunluğunda magistral su xətti çəkilib.

Qeyd edək ki, indiyə qədər Balakən  rayonunun Sarıbulaq  kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada, bir neçə kilometr uzaqlıqda yerləşən bulaqlardan gətirirdi.  



  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir