Modern.az

Gerçək Misir Mərdanov

Gerçək Misir Mərdanov

6 May 2013, 13:54

Adamlar adətən vəzifədə olan şəxs haqqında yaxşı sözlər deyərlər. Bu halda, təbii ki, onların çoxu səmimi olmaz. Ancaq bəzən vəzifə başındakı həqiqətən yaxşı sözlərə layiqdirsə belə sözünü deməkdən çəkinirsən. Çünki düşünürsən ki, düzgün başa düşməzlər, elə bilərlər ki, yarınmaq, yaxşı görünmək üçün belə edirsən. Elə bu gerçəyi nəzərə alaraq artıq keçmiş təhsil naziri olan Misir Mərdanov haqqında fikirlərimi uzun müddətdir ki, yazmağa tərəddüd edirdim. İndi isə rahat bir şəkildə yazmaq istərdim.

Dərhal bir məqamı da qeyd edim ki, bu yazını yazmaqda məqsədim heç də yeni təhsil naziri Mikayıl Cabbarovun karyerasına, imkan və bacarıqlarına kölgə düşürmək deyil. İnanıram ki, Prezident İlham Əliyev düzgün seçim edib və bu gənc kadr təhsil sahəsində ona bəslənən ümidləri doğruldacaq. Hər halda, adam işə yeni başlayıb, bir az gözləyək, görək nə olur, ondan sonra fikirlərimizi deyərik. İndi isə Misir Mərdanov haqqında.

Misir müəllimi mən Bakı Dövlət Universitetində tələbə olduğum zamanlardan tanıyıram. Onunla ilk görüşüm, səhv etmirəmsə, 1994-cü ildə olmuşdu. Mən Universitet Azad Tələbə Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü olmaqla bərabər öz qrupumuzun da həmkarlar sədri idim. Hamıdan fərqli olaraq qrupumuzdakı 20 tələbəyə izah edirdim ki, həmkarlar ittifaqlarına üzvlük könüllüdür və kim ərizə ilə müraciət etməsə rahat ola bilər, onun adı həmkarların siyahısında olan deyil. Bunu ona görə edirdim ki, universitetdə bütün tələbələr özlərindən xəbərsiz həmkarlar ittifaqının üzvü hesab edilir və onlardan hər ay üzvlük haqqı tutulurdu. Mənim təhsil aldığım qrupda isə bu işi qanun çərçivəsində həll etməyə girişmişdim və nəticədə prorektor Misir Mərdanovla görüşməli olmuşdum.

Əhvalat isə belə olmuşdu: hər ayın sonunda tələbələrin təqaüdündən həmkarlar ittifaqına üzvlük haqqı tutulurdu. Bizim qrupdakı həmkarlara üzv olmayan 10 nəfər tələbədən də bu pulu tuturdular. Mən də onlara deyirdim ki, şikayət edin, pulunuzu geri alın. Gənclər bir az bu məsələlərdə çəkingən olduqları üçün, üstəlik də “tutulan pul nədir ki, ondan ötrü şikayət edilsin” kimi zərərli kompleksə sahib olduqlarından heç bir addım atmaq istəmirdilər. Durum belə olunca universitetin mühasibatlığına gedib olayı anlatdım və pulların geri qaytarılmasını, bir daha tutulmamasını tələb etdim. Lakin orada əyləşən xanım dedi ki, bu məsələ bizlik deyil: “Bizə siyahı daxil olur, onun əsasında da pul tutulur”.

Hal belə olunca rektor Murtuz Ələsgərova şikayət etmək qərarına gəldim. Geri qayıdıb bir təhər uşaqlara bir şikayət ərizəsi yazdırdım və hamısının altına imza qoymasına nail oldum. Ərizəni götürüb Murtuz müəllimin qəbuluna getdim. Katibə dedi ki, “rektor bu gün səni qəbul edə bilməyəcək və istərsən, get prorektorla görüş”.

Prorektor Misir Mərdanov dərhal şikayətə gələn tələbəni qəbul etdi. Özümü təqdim edib məsələni anlatdım. Təəccüblə üzümə baxıb, “vay dədə, belə şey də varmış”, deyə sual etdi. Sonra da əlavə etdi: “Qanunsuzluğun qarşısı mütləq alınacaq. Get, arxayın ol”.

Doğrudan da növbəti ay üçün təqaüd alanda həmin 10 nəfərdən əvvəlki 3 ay ərzində qanunsuz olaraq tutulan pullar geri qaytarıldı və onlardan universiteti bitirənədək bir daha pul tutulmadı.

Daha bir olay isə biz hərbi kafedranı bitirəndə baş verdi. Mən taqım komandiri idim. Tarix Fakültəsinin rus bölməsinin oğlanları ilə birlikdə dərs keçirdik. Hardasa 30 nəfərə qədər gəncdik. Hər şey də yolunda gedirdi. Yalnız buraxılış imtahanı zamanı bizə görüm-baxım işarələri edildiyi üçün hamımız imtahandan kəsilmək qərarına gəlmişdik.

İmtahan başlayan kimi bizdən imtahan götürən və sonradan Müdafiə Nazirliyində işə düzələn bir zabit mənə him-cim elədi ki, “komandir, bax, gör nə edirsən”. Yəni adam işarə verirdi ki, “gör, uşaqlardan bir şey qopara bilirsənmi?” Bunu eşitcək dedim, “tamam, indi həll edərik”. Bayıra çıxıb uşaqları başıma topladım və dedim: “Bu adam bizdən rüşvət gözləyir. Ona görə də hər kəs imtahandan 2 almalıdır ki, bunun ağzının payını verək”. Sağ olsunlar, dostlar bir ağızdan, “baş üstə” dedilər və imtahan başladı. Düzdür, sonra söz verənlərin hamısı, daha doğrusu Tarix Fakültəsinin rusdilli balaları sözlərinin üstündə durmadılar. Ancaq mənim təhsil aldığım Kitabxanaçılıq Fakültəsinin mən də daxil olmaqla 12 nəfər oğlanı bir nəfər kimi 2 alıb imtahandan çıxdı. İmtahan götürən zabit isə lap sonda, mən imtahan verəndə məsələdən duyuq düşdü. Ancaq gec idi artıq. Onu da əlavə edim ki, bu 12 oğlandan 5-i, mən də daxil olmaqla, əlaçı idi.

Bu olaydan bir müddət sonra, artıq rektor olan Misir Mərdanov bizim fakültəyə gəlmişdi. Ümumi bir şəkildə bizi zala topladılar və rektorla qısa bir görüşümüz oldu. O, kimin nə probleminin olması ilə bağlı sual verəndə ayağa qalxmaq istəyirdim ki, dekanımız Xəlil müəllim məni qabaqladı: “Misir müəllim, bizim uşaqların hamısı hərbi imtahandan kəsilib. Üstəlik də 5 nəfəri əlaçıdır. Hamısı 2 alıb”.

“Necə yəni? Yəqin burda nəsə iş var. Ola bilməz ki, hamı 2 alsın”, – deyə təəccübünü ifadə edən rektor, “mən məsələni araşdıraram” deyərək bizdən ayrıldı.

Düz iki gün sonra dekan məni çağırıb oğlanların hərbi imtahan üçün ərizə yazmasını istəyəndə etiraz etdim. Ancaq o dedi ki, “narahat olma, sadəcə ərizənizi yazın, qalanı sizlik deyil”. Yazdıq. Ərizələr hərbi kafedraya göndərildi. Bir müddət sonra dekan məni göndərdi ki, “get, nəticələri al, gətir”. Bəli, rektor Misir Mərdanov olayı araşdırıb imtahan götürəcək şəxsi necə danlamışdısa, adam bizdən imtahan belə götürmədən qiymətimizi yazmışdı. Biz, 5 nəfər əlaçıya 5, yerdə qalanlara 4 və 3 qiymətləri yazılmışdı. Bu, Misir müəllimin məsələni ədalətli həll etməsi idi.

Misir Mərdanovla tələbəliyim bitdikdən sonra da qarşılaşmışdım. 1998-ci ildə yenicə nazir təyin edilmişdi. Mən də “Azadlıq” qəzetinin müxbiri idim. Təhsil Nazirliyi isə hökumət evində yerləşirdi. Bir gün mətbuat konfransına çağırdılar, getdim. Misir müəllim jurnalistlərlə çox açıq bir ünsiyyət qurmuşdu. Bir sual verdim ki, “özəl universitetlərin bağlanması üçün ciddi əmək sərf edirsiniz, ancaq bəzilərinin məsələsini, deyəsən, həll etməkdə çətinlik çəkirsiniz”. Açıq cavab verdi: “Etiraf edirəm ki, bəzi məsələlər məndən asılı deyil. Bəzən belə universitetlərin arxasından elə adam çıxır ki, mən də bacara bilmirəm”. O dövrdə bu sözü etiraf etmək hər nazirin işi deyildi.

Bütün bunları ona görə yazıram ki, yeri gəldi-gəlmədi məktəblərdə yığılan süpürgə puluna görə də naziri ittiham edənlər Misir Mərdanovun necə birisi olduğunu bilsinlər. Dəfələrlə müşahidə etmişik ki, cənab Mərdanov bəyan edib: “məktəblərdə hər hansı ad altında pul yığılması qanunsuzdur və belə hallarla üzləşənlər şikayət etsinlər”. Ancaq kimsə şikayət etmir, əksinə, “əşi, 3-5 manat nədir ki, ondan ötrü şikayət edək” deyib keçirdilər.

Şəxsən iki azyaşlı uşağımız orta məktəbdə oxuyur və heç vaxt bir qəpik olsun belə bizdən pul alan olmayıb. Cəhd ediblər, ancaq cavabını vermişik, ona görə də qanun qarşısında heç bir müəllim cürət edib bizdən pul istəmir. Və təbii ki, şikayətimiz də yoxdur. Ancaq sağda-solda belə şikayətləri tirajlayan neçə valideynlə şəxsən danışmışam ki, “şikayətini nazirliyə ünvanla”. Cavab bu olub ki, “kimdir şikayətə baxan?”. “Elə isə pul vermə”, dedikdə isə “axı uşağı gözümçıxdıya salacaqlar” cavabını eşitmişəm. “Onda bizimkiləri niyə gözümçıxdıya salmırlar”, – deyə soruşduğumda isə, “yəqin səndən qorxurlar” cavabını eşitmişəm. “Niyə, nə üçün qorxurlar?” Bu suallarım həmişə cavabsız qalıb.

Əslində, bu yazını yazmaqda məqsədim təhsil sahəsindəki problemlərdən daha çox Misir Mərdanovun çıxışlarında nə qədər səmimi və açıq olmasını göstərmək idi. Biz, bir qayda olaraq vəzifədən gedənlərin gününü qara etməyə alışmışıq. Bu isə cəmiyyətimizi geri atan amillərdən biridir. Ona görə bunları yazdım ki, nümunə olsun, vəzifədən gedənlərimizi məhv etmək yerinə onları millətin ehtiyat fondu kimi qoruyaq. Axı belə adamların illər boyu topladığı zəngin təcrübəyə hər zaman ehtiyacımız ola bilər…

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi