Modern.az

Elmira Süleymanova Füzulidə prezident seçkilərindən danışıb

Elmira Süleymanova Füzulidə prezident seçkilərindən danışıb

Aktual

6 May 2013, 14:19


Bu gün Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Füzuli rayonunda növbəti ictimai dinləmələr keçirib.

İctimai dinləmədə rayon İcra Hakimiyyəti və bələdiyyələrin, məhkəmə, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyalarının, habelə ictimaiyyətin, yerli QHT-lər və KİV nümayəndələri iştirak ediblər. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimai dinləmənin əhəmiyyətini vurğulayıb. O, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına müvafiq olaraq, respublikada, o cümlədən Füzuli rayonunda abadlıq-quruculuq işlərinin aparıldığını, sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, “Regionların sosial-iqtisadi inkişafı” Proqramı rayonda uğurla həyata keçirilir, yeni iş yerləri açılır, əmək haqları və pensiyalar, sosial müavinətlər vaxtında sahiblərinə çatdırılır.

Alı Alıyev rayonda keçirilən ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin prioritet məsələlərindən olduğunu vurğulayıb. A.Alıyev həmçinin insan hüquqlarının müdafiəsinin vacibliyini və MFP-nin əhəmiyyətini bildirib, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonda insan hüquqlarının təminatı və adı çəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib, MFP üzrə müvafiq Tədbirlər planının qəbul olunduğunu söyləyib. A.Alıyev vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönələn tədbirlər istiqamətində rayonda görülən tədbirlər barədə danışıb.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə edən E.Süleymanova “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat verib. Milli Fəaliyyət Proqramının Füzuli rayonunda da həyata keçirilməsi nəticəsində 2012-ci il ərzində görülən işlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Müvəkkil 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini söyləyib. Ombudsman eyni zamanda bəzi problemləri də qeyd edərək, rayonda MFP-nin icrası, insan hüquqlarının, o cümlədən seçki hüquqlarının daha səmərəli təmin olunması üzrə digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Müzakirələrdə rayon prokuroru, polis rəisi, müəllimlər və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, qızların təhsildən kənarda qalması probleminin olmaması, habelə məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi və digər məsələlər barədə məlumat veriblər.

Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulayıb. Sonda MFP-nin nüsxələri, təsisat tərəfindən hazırlanan digər maarifləndirici vəsaitlər təqdim olunub.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür