Modern.az

Heydər Əliyev Rəsul Quliyevə tapşırmışdı ki, “qaytar Qabilin 14 “şirvan”ını”

Heydər Əliyev Rəsul Quliyevə tapşırmışdı ki, “qaytar Qabilin 14 “şirvan”ını”

6 May 2013, 17:04

Ara yerdə orden köpəcək

70 yaşının tamamına bir həftə qalırdı. Hansı qəzetdən, xüsusilə də müxalifət qəzetlərindən    zəng edirdilərsə, müsahibədən, məqalədən imtina edirdi. Yox ki, yox. Sonra da əlavə edirdi ki, avqustun 12-dən sonra. (atam avqustun 12-də anadan olub). Birinə bu sözü dedi, ikisinə dedi. Axırda biri qır-saqqız olub yapışdı ki, bəs niyə indi yox, məhz avqustun 12-dən sonra? Atam da məcbur oldu sirrini açdı:
- Müsahibə verəcəyəm, bir də gördün getdiniz bir şeyi tərsinə verdiniz. Mən də onu sübut edənəcən ki, “yox bunu mən deməmişəm, jurnalistin səhvidir”, xeyli vaxt gedəcək. Ara yerdə mənim ordenim köpəcək. 
 
Qabil hava necə olacaq?”
 
70 illik yubileyinə az qalırdı. Evdə xırda bir ziyafət təşkil etməyi nəzərdə tutmuşduq. Bu ərəfədə atam dedi ki, “görəsən bu “Azadlıq” və ya “Yeni Musavat” qəzetlərinin redaksiyaları harda yerləşir? Bir şeir yazmışam “Hava necə olacaq?”, ora vermək istəyirəm çapa”. Dedim ki, “axı ora niyə? Yüz dənə iqtidar qəzeti var”. Cavabında “şeir elə şeirdir ki, çətin ki, iqtidiar qəzetləri onu çap edərlər”. Dedim ki, “sən onlara ver, çap eləməsələr digərlərinə müraciət edərsən”.
Elə də etdi. Şeiri qonşumuz, “Azərbaycan” qəzetinin baş redaktoru Əmir Mustafayevə verdi. Amma deyinə-deyinə də qaldı ki, nahaq mənim sözümə qulaq asdı, “Əmir suyu üfürə-üfürə içir, özü də Milli Məclisin orqanı, o bunu çap eləyər heç”.
Şeirin də məğzi bu idi ki, sən hava proqnozu məlumatı vermə ki, Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda hava necə olacaq, sən de işğal altında olan torpaqlarda dava nə vaxt olacaq, Qarabağ nə vaxt azad olunacaq? 
70 yaşı avqustun 12-də tamam olurdu. Bilirdi ki, Prezident Heydər Əliyev onun xətrini çox istəyir, evə zəng edəcək, təbriklərini çatdıracaq, dövlət təltifi də öz yerində.
Avqustun 11-də bu şeir “Azərbaycan” qəzetində çıxdı. Gözlərinə inanmırdı. Şeir rezonans doğurmuşdu. Səhəri günü evdə ziyafət idi. Emin Sabitoğlu, Nəbi Xəzri və digər dostları yığışmışdılar. Emin Sabitoğlu şeiri əzbərdən deyirdi. Artıq axşam 6 olurdu. Atamın da bir gözü  qalmışdı telefondaı. Hər telefona tərəf boylananda isə Emin Sabitoğlu və Nəbi Xəzri təkrar eləyirdilər: “Qabil, hava necə olacaq?”. Yəni ki, kişi artıq şeiri oxuyub, çətin ki, zəng edə.
Zəng və təltif o gün yox, avqustun 15-də oldu. Demə təqvimdə atamın doğum günü səhvən avqustun 15-i gedirmiş. Təqdimatı da elə həmin gün prezidentin stoluna qoyublar. Həmin gün telefon zəngi də oldu, rəsmi təbrik də, orden də. Həmin gün hava da çox yaxşı idi.
                                      
Avtoqraf
 
1991-92 –ci illərdə atam Heydər Əliyevi harada görürdüsə, ona böyük hörmət və ehtiramla yanaşırdı, söhbətləşirdilər. Milli Məclisdə ona qarşı hücumlardan sonra özünə yer tapmırdı.    Həm də hücum edənlərdən biri qapıbir qonşumuz, xalq yazıçısı Bayram Bayramov idi. Ertəsi gün o biri qonşumuz Bəxtiyar Vahabzadə Milli Məclisdə tarixi çıxışını elədi. Loru dildə desək,  ürəyimizdən tikan çıxartdı. Sonra atamla telefonla danışdı. Heydər Əliyevin qardaşı Cəlal Əliyevgildə yaşadığını söylədi. Telefon nömrəsini verdi. Atam əvvəl Cəlal müəllimlə, sonra isə Heydər Əliyevlə danışdı. Ürəyini boşaltdı. Xatirələri yada saldılar. Heydər Əliyevin də obrazını yaratdığı “Ömür həbləri” kitabına 16 misralıq avtoqraf yazdı. Və mən Cəlal müəllimgilə gedərək onu təqdim etdim.

Məsləhətdir, aç, oxu,
Sən bu kitabı, Heydər!
Çox suala tapacaqsan da
Cavabı, Heydər!
Görəcəksən quruluş –
Zay quruluşdur, a kişi,
Yandırır həm şişi o, 
Həm də kababı, Heydər!
Üstünə kim bu saat
Qalxdı, xoruzlandısa da,
Xoruzun uçmağa
Hardaydı ki, tabı, Heydər!
Hansı namərdin olub
Vicdanı, abrı-həyası,
Mərdə-mərdanəyə xas
Vicdan əzabı, Heydər!

Mən evə qayıdanacan Heydər Əliyev atama zəng etdi ki, “Qabil, mən axı səni gözləyirdim, uşağı göndərmisən?”. Atam da “Siz böyük adamsınız, Sizin yanınıza gəlmək belə asandır məgər?” demişdi...
 
Mən kimi məhkəməyə verməliyəm ki..?
 
Müstəqillik illərində, 1995-ci ildə deputat seçkisi keçirilirdi. Dedi ki, “mən də namizədliyimi verəcəyəm. Yəqin layiq görərlər seçicilər”. Özünə arxayın idi. Namizədliyini də Nəsimi rayonundan verdi. Dedilər ki, niyə məhz Nəsimi rayonundan, axı yüz dənə başqa rayon var? Cavab verdi ki, “mən Nəsimi haqqında poema yazmışam, ona görə də bu rayondan da deputat olmalıyam”. Həmin dairədən tanınmışlardan Mir Şahin və ukraynalı general Timoşenko da namizədliklərini irəli sürmüşdülər. Mir Şahin yox, Timoşenkonun adını eşidəndə dalağım sancmışdı. Nə isə imza toplamaq kampaniyasını başladıq. Bu əsnada o vaxt Sərhəd Qoşunlarının komandanı vəzifəsində olan, general-mayor, atamın bacanağı Abbasəli Novruzov atama zəng elədi:
- Bu gün Timoşenko yanıma gəlmişdi.
-  Nə deyirdi?
- Heç... İşi var idi.
- Mənimlə bağlı idi?
- Yox...
- Onda mənə niyə deyirsən ki, bunu?
- Heç... elə-belə...
- Abbasəli, sənin yanına gündə yüz adam gəlir-gedir. Bunları heç vaxt mənə deməmisən. Nə oldu ki, məhz Timoşenkonun gəlməyini deyirsən?
Nə isə... Abbasəli müəllim sözü dəyişib dəstəyi yerinə qoydu. İmza toplamaq kampaniyası başa çatdıqdan və sənədlər yoxlanıldıqdan sonra məlum oldu ki, imzaların çoxu demə düzgün yığılmayıb. Seçki dairəsinin sədri:
- Qabil müəllim, etirazınız varsa, məhkəməyə müraciət edin, onlar da yoxlasınlar.
Atam da gülümsəyərək “mən kimi məhkəməyə verməliyəm ki..?” dedi.
 Seçkilərin sonunda məlum oldu ki, deputatlığa namizəd Timoşenko qalib gəlib.
 
14 “şirvan” və ya “etiraz”


1995-ci ilin deputat seçkilərindən sonra qalib gəlməyən bəzi yazıçılar bunu faciə kimi qəbul edirdilər. Biri infarkt oldu, biri ordenini qaytarmaq fikrinə düşdü, biri... və sairə ilaxır. Atam çox sakit görünürdü. Bu da mənə qəribə gəlirdi. Necə yəni, Qabilin üzünə deyələr ki, “imzalar səhv toplanıb” və ya Timoşenko qalib gələ, o da bu proseslərə münasibətini bildirməyə? Nəsə onun bu hövsələsinə, səbrinə mat qalmışdım. Qırışığı da açılmırdı. Namizədliyini irəli sürəndə isə 140 min manat da rüsum ödəmişdi. Pul da batmışdı. 
Günlərin bir günü dövlət tədbirində idi. Sevinə -sevinə evə qayıtmışdı. Soruşduq ki, nə olub? Dedi ki, Heydər Əliyev keyfimi soruşdu:
- Necəsən, Qabil?
- Necə olacağam? Ömrümdə bircə dəfə deputat olmaq istədim. Namizədliyimi də Nəsimi rayonundan verdim. Deputat seçilmədim e, bu heç... Ara yerdə 14 “şirvan”ım batdı.
Bunu eşidən Heydər Əliyev və yanındakılar gülüşürlər. Ulu öndərimiz o vaxt Milli Məclisin sədri Rəsul Quliyevə tapşırır ki, qaytar Qabilin 14 “şirvan”ını. O da vaxtı uzatdı, sonra da Amerikaya qaçdı. Bu söhbət Heydər Əliyevə də ləzzət eləmişdi. Atamın 70 illiyində “14 şirvan”  məsələsini özü bir daha xatırlatdı, televiziya da efirə verdi.
Həmin gün çox sevinirdi – ürəyini boşaltmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir