Modern.az

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı modeli

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı modeli

6 May 2013, 18:27


22 il bundan öncə dünya səhnəsində yeni yaranan Azərbaycan dövlətinin müstəqilliyi düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı".

Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:

1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;

2. inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;

3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.

Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.

İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər.

Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyllərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.

Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Deyilənləri yekunlaşdıraraq göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial-mədəni proseslərə də dinamizm verir, Azərbaycanın "mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır".

Sürətli iqtisadi inkişaf Azərbaycanın beynəlxalq aləmdə diqqət mərkəzində olmasını təmin etmişdir. Bütün dünyanı sarsıdan qlobal böhran zamanı ölkəmizdə iqtisadi artım sürətinin 9,3 faiz səviyyəsində olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin, onun perspektivli inkişaf trayektoriyasının uğurlu olduğunu əyani şəkildə bir daha sübut etdi. Mürəkkəb böhran dövründə Azərbaycan modelinin uğurunun sirrini cənab İlham Əliyev özü belə izah edir: istehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflyasiyaya nəzarət; milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət; təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi; sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət; sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair.

Müşfiq Tükanov
iqtisad elimləri namziədi

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir