Modern.az

Müsavat facebook məsələsini müzakirəyə çıxardı

Müsavat facebook məsələsini müzakirəyə çıxardı

6 May 2013, 18:50

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda ötən həftəyə dair verilən qərarların icrası dinlənilib, görülən işlər haqqında məlumat verilib, partiyadaxili məsələlər, seçkilərə hazırlıq, ictimai-siyasi duruma dair müzakirələr aparılıb.

Görülən işlərə dair bölümdə mayın 5-də Müsavat Partiyasının Binəqədi, Səbail və Nəsimi təşkilatları fəallarının Atatürk bağında Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədovun və həbsdəki N!DA Vətəndaş Hərəkatı üzvlərinin azadlığa buraxılması tələbilə keçirilən flaşmob haqqında fikir mübadiləsi aparılıb. Divan sözügedən aksiyanı müsbət qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Partiyadaxili məsələlərin müzakirəsi zamanı bildirilib ki, milli azadlıq hərəkatının fəalları olmuş Qazax bələdiyyəsinin üzvü Azər Məmmədli və hərəkatın öncüllərindən olan Ağamalı Sadiq Əfəndinin qardaşı Rüstəm Əyyubov Müsavat Partiyası sıralarına daxil olmaq üçün Divana müraciət ediblər. Divan hər iki şəxsin Müsavat Partiyası üzvlüyünə qəbuluna dair qərar qəbul edib.

Daha sonra bölgələrdə zona müşavirələrinə hazırlığa dair müzakirələr keçirilib.

İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılı seçki qərargahının fəaliyyət proqramını Divana təqdim edib. Divan seçki qərargahının fəaliyyət proqramını təsdiqləyib. Daha sonra seçki qərargahının tərkibinin genişləndirilməsinə dair təklif verilib. Divanın qərarı ilə Rafiq İsmayıl, Arifə Hüseynli, Cavid Hacıbəyli, Şakir Abdulla, Kərimxan Zeynalov, Fərəc Kərimli seçki qərargahına daxil edilib.

İctimai-siyasi duruma dair müzakirələrdə məhkəmələrin aksiya iştirakçılarına (Tural Abbaslı və digərləri) verilən və ödənməyən cərimələrinin ictimai işlə əvəzləndiyi bildirilib. Divan bu əsassız qərara etirazını bildirib və qeyd edib ki, sərbəst toplaşma azadlığı hüququndan istifadə edən şəxslərin yüksək məbləğlərlə cərimələnməsi, cəriməni ödəmək imkanı olmayan şəxslərin ictimai işlərə cəlb olunması absurddur. Divan bu məsələ ilə bağlı hüquqi prossedurları davam etdirməyi tövsiyə edib.

Divanda aprelin 30-da keçirilən aksiyalara görə sutkalıq həbsə məhkum olunan gənc fəallara qəzet, kitab və ərzaq verilişinə yasaq qoyulmasına da münasibət bildirilib. Divan bu hadisəni əsassız ittihamlarla azadlıqdan məhrum edilən şəxslərin hüquqlarının kobud şəkildə pozulması və həbsdəki fəalların yenidən cəzalandırılması kimi dəyərləndirib.

Divan AXCP fəallarının Şəkidə keçirilən toplantısına qarşı tətbiq olunan polis zorakılığını pisləyib. Bildirilib ki, hakimiyyətin hətta ev şəraitində təşkil olunan toplantılara da davam edən müdaxiləsi yolverilməzdir.

Divanda bu günlərdə verilən amnistiya aktı da müzakirə olunub. Bildirilib ki, hakimiyyət humanist addım hesab olunan amnistiyanı da siyasi ayrıseçkilik mexanizminə çevirib. Belə ki, amnistiya nə aksiyalara görə cərimə olunanlara, nə də siyasi məhbuslara şamil edilib.

Divanda bildirilib ki, sosial şəbəkələrdə yazılan yazılara görə cinayət işinin açılmasına dair qanun layihəsi hazırlanıb. Belə ki, sözügedən layihənin Milli Məclisin müzakirəsinə çıxarılması planlaşdırılır. Bundan başqa “Azercell” və “Bakcell” mobil operatorlarının “facebook” sosial şəbəkəsindən ödənişsiz istifadəni dayandırdığı qeyd olunub. Divan sözügedən şirkətlərin də siyasi sifariş alətinə çevrildiyini bildirib, bu qanun layihəsinin və mobil rabitə vasitələri ilə sosial şəbəkələrə ödənişsiz çıxışın dayandırılmasını cəmiyyətin fəal kəsimini çəkindirməyə hesablanan addım kimi qiymətləndirib.

Divan Azərbaycan Respublikasının Baş Prokurorunun təşəbbüsü ilə Milli Məclisə təqdim olunan İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsinə əsasən sərbəst toplaşma azadlığına görə nəzərdə tutulan cəzaların artırılması, xüsusilə inzibati həbs müddətinin 15 gündən 60 günə qaldırılmasını və polis işçisinin tələbinə tabe olmamağa görə inzibati həbs müddətinin 15 gündən 30 günə qədər artırılmasını iqtidarın cəmiyyətin fəallaşmasından çəkinməsinin etirafı kimi qiymətləndirib.

Daha sonra Divanda Milli Şuranın yaradılması istiqamətində aparılan danışıqlara dair məlumat müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?