Modern.az

Heydər Əliyev şairlər üçün kim idi?

Heydər Əliyev şairlər üçün kim idi?

9 May 2013, 20:48

Zəmanəsinin görkəmli şairlərindən birini şah hüzuruna çağırır. Amiranə şəkildə “Mənim şərəfimə bir poema yazmalısan! Hər misrasına da bir qızıl verəcəyəm!” deyir. Şair də bu əmrdən qeyzlənib həmən “yox!” deyir. Şah əsəbiləşir, şairi atdırır zindana. İşgəncə verdirir. Bir aydan sonra şairi  yenidən gətirirlər şahın hüzuruna. O yenə “yox!”  deyir. Bu dəfə  də şah ona qızıl, mal-mülk təklif edir. Şairsə “sifarişlə yazmıram” deyə bunlardan da imtina edir. Şah əsəbiləşib yenidən onun zindana atılmasını əmr edir. Bu minvalla şairi düz bir il zindanda saxlayır. Bu bir ildə o zindanda tək qalır, çox şeir, poema yazır. Amma şahın ona sifariş etdiyi əsərdən başqa. Nə zülm edirlərsə, inadından döndərə bilmirlər ki, bilmirlər.

Əslində şah sənəti, şeiri, musiqini sevən, yüksək qiymətləndirən adam idi. Amma neyləsin ki, şah idi. Və əmr verməyə öyrəşmişdi. Şahın ağıllı bir vəziri vardı. Şeir-sənət vurğunu idi. Şairi də, sənətini də sevən adam idi. Deyir ki, “şah sağ olsun, şairə işgəncə-zad vermə. Mənə həvalə et, 10 gün ərzində yola gətirim onu”. 
Padşah vəzirin bu sözünə inanmasa da, əlacsız qalıb razılıq verir.

Elə həmin gün vəzirin tapşırığı ilə şairin yatdığı zindana bir çoban  salırlar. Sənətkar çox sevinir. Axı şairlər şeir yazdıqdan sonra onu kiməsə oxumağa daha çox ehtiyac duyurlar. Bundan zövq alırlar. İradlar olanda nəzərə alırlar. Təriflənəndə xoşhal olurlar.

Ən əsası isə təzə yazılan şeiri isti-isti  kiməsə oxumaqdır. Bu işi də düzəlmişdi. Saçı-saqqalı uzanmış, ağarmış şair çobanı otuzdurur qabağında və başlayır təzə yazdığı,  bədbin notlarla dolu olan poemasını ona oxumağa. Əruz vəznində, fars dilində, özü də xüsusi avaz və aramla. Çoban da qulaq asdıqca təsirlənir, kövrəlir. Başlayır ağlamağa. Bu şairə lap ləzzət edir. Deməli gör poeması nə qədər güclü və təsirlidir ki, hətta şeirdən, sənətdən uzaq olan bir çoban da ona qulaq asanda hönkür-hönkür ağlayır. Nəhayət ki, şair poemasını oxuyub qurtarır. Çoban da güc-bəla ağlamağını kəsir. Şair soruşur:

- Hə çoban, necəydi?
- Nə?
- Poemam.
- Bilmirəm. Poema nə deməkdir ki?
- Necə yəni bilmirəm?
- Bilmirəm də. Mən çoban adamam nə başa düşürəm ki, şeir nədir, sənət nədir, poema nə?
- Bəs onda niyə mən oxuyanda gözünü üzümə dikib diqqətlə qulaq asırdın? Hətta mən oxuduqca təsirlənirdin, kövrəlib ağlayırdın da.
- Nə təsirlənmək, nə kövrəlmək. Ay şair, mən qulaq asmırdım e... Sənin saqqalına baxıb ağlayırdım. Şeir oxuduqca tərpənirdi.  Lap mənim sürümün önündə gedən ağ keçimin  saqqalı kimi. O yadıma  düşmüşdü. Ona görə ağlayırdım. İndi görəsən mənsiz neyləyir?

Çoban başlayır təzədən hönkürməyə. Şair hər şeyi başa düşür. Başa düşür ki, şeiri çobana yox, xiridara, sərrafa oxuyarlar. Şeiri başa düşənə oxuyarlar. Şahın hüzuruna gedir və təklifini qəbul edir. Beləcə hər misrası qızıla bərabər qiymətli bir əsəri dünyaya gəlir. Özü də onu qiymətləndirənin şərəfinə.

Bu bir rəvayətdir, olan hadisədir – bilmirəm.  Deyilənə görə böyük şair Firdovsinin başına gəlib, yaranan əsərin adısa “Şahnamə”dir.  Amma bu hadisə hər dəfə yadıma düşəndə  Heydər Əliyev canlanır gözümün önündə.

Ağlım kəsəni Azərbaycanda 9 rəhbər görmüşəm. Amma sənətkarlara rəğbəti, hörməti  baxımından onun kimi ikinci dövlət başçısı tanımıram. 1969-cu ildən 2003-cü ilə qədər Azərbaycanda  yaşayan hər bir sənətkarın, o cümlədən dünya şöhrətli klassiklərimizin həyatında onun silinməz sərraf izi var.  Atam mənə daha yaxın olduğu üçün təkcə onu deyəcəyəm.

Mərhumları əsasən ildə iki dəfə xatırlayırlar. Doğum günündə, bir də ölüm günündə. Hər dəfə də atamı televiziya, radio, qəzet və saytlarda xatırlayanda belə təqdim edirlər: Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət”ordenli Qabil.
Bura bir cümlə də əlavə olunmalıdır: Xiridarı, sərrafı  Heydər Əliyev. Atamın son illərində bu siyahıya bir təltif də əlavə olundu - “İstiqlal” ordeni. Xiridarı isə sərraf  nəslinin davamçısı İlham Əliyev. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi