Modern.az

Həmid Herisçi: “Xalq mistikləri xüsusi bir şəbəkədirlər” - MÜSAHİBƏ

Həmid Herisçi: “Xalq mistikləri xüsusi bir şəbəkədirlər” - MÜSAHİBƏ

Mədəni̇yyət

10 May 2013, 10:12

Tanınmış publisist Həmid Herisçi ilə müəllifi olduğu “Gizli Azərbaycan” verilişi mövzusunda söhbətləşdik.  Müəllif  proqramda  səsləndirdiyi müəmmalı məqamları, sensasion informasiyaları özünün elmi araşdırmalarında və bədii yaradıcılığında işıqlandıracağını bildirdi. Modern.az saytının Həmid Herisçidən aldığı müsahibə həmin informasiyalar üçün anons xarakteri daşıyır.

- Əvvəl gördüyümüz “Gecə kanalı” ilə “Gizli Azərbaycan” arasında böyük fərqlər var. Səbəbi nədir ?

- Düzgün müşahidədir. “Gecə kanalı”nda mən həyat yoldaşım İlhamiyyə Rzayeva ilə birgə xalqın şüur aləminə güzgü tutmuşduq. Millətin ziyalılarını, aydınlarını bu telegüzgüdə cəmiyyətə təqdim edirdik. Deyərdim ki, yeni yazarların, siyasətçilərin, elm, mədəniyyət xadimlərinin   böyük bir qismi orada hətta özləri üçün “pasport” da qazandılar. Lakin “Gizli Azərbaycan”da mən öz oxum ətrafında 180 dərəcə dönüş etdim. Bu dəfə xalqın altşüuruna, onun mistisizminə güzgü tutdum. Bu dəfəki qəhrəmanlar ziyalılar deyil, xalq mistikləri idi. Məncə hər iki layihə müəyyən mənada bir-birini tamamlayır.

- Həmin xalq mistikləri kimlər idi?

- Onların bir-qismini cəmiyyətə tanıtdırdım. Xalq mistiki “pasportunu”  müəyyən mistik təcrübə sahiblərinə vermək olar. 50-yə yaxın pir, ziyarətgahı öyrəndikdən sonra axır qənaətim belə oldu:  xalq mistikləri dar çərçivədə xüsusi bir şəbəkədirlər. Bu şəbəkənin iştirakçıları hərdən cəmi 2-3 nəfərlə məhdudlaşır.

- Onlarla bizim aramızda fərq nədir?

- Biz eyni reallığı görürüksə, xalq mistikləri isə bir başqa aləmi görürlər. Onların bir qismi eyni yuxular görür. Məhz, bu fənd vasitəsilə mistik aləmə də girə bilirlər. Məsələn, Qobu kəndindəki mərhum xalq mistiki Səriyyə xanım özü kimi 3-4 nəfər başqası ilə birgə eyni yuxular görürmüş. İnanın ki, Azərbaycan xalq mistisizmini öyrənərkən tapdığımız ən böyük müəmma məhz bu fakt idi. Pirşağıdakı Tatas piri 3 qardaşın gördüyü eyni yuxu əsasında aşkar edilib.  
Müasir  Azərbaycan mistikləri bu eyni yuxu vasitəsilə, bir növ sirlər xəzinəsinə daxil olar, Dədə Qorqud kimi həmin qeyb dünyasından nadir, dürlü xəbərlər gətirərlər.

-Bəs dünya mistikasında bu üsullardan  istifadə olunurmu?

- Bəli, oxşar nümunələr var. Məsələn, XV- XVİİ əsr İngiltərə mistiki, kimyagəri Con Di öz tələbəsi Edvard Kelli ilə eyni yuxular görərmiş. Məhz, bu  möcüzəli yuxular vasitəsilə onlar “aləmi məlaküt”ə birbaşa daxil olmağı bacarmış, ordan ingilis kəşfiyyatı üçün çox ciddi xəbərlər gətirirmişlər. Məsələn,  ispan kralı Filipp İngiltərə üzərinə məşhur “Böyük armadası”nı yəni, gəmi donanmasını göndərərkən yalnız Con Dinin mistik təcrübəsi işə yarayır. Con Di Edvard Kelli ilə gördüyü eyni yuxuda həmin ispan donanmasının dəqiq yerini müəyyən edirlər. Nəticədə Britaniya dəniz admiralları düşmənə dənizdə pusqu qurmağı bacarır, həmin yerdə düşməni darmadağın edirlər. Qeyd edim ki, ilk Agent-007 ləqəbi məhz Con Diyə məxsus olub. Britaniya kəşfiyyatı Mi-6 bəlkə elə indi də həmin “eyni  yuxu” ənənəsini yaşadır. İngilis yazarı Piter Akroydun “Doktor Dinin evi” romanını oxusanız bu mövzu sizin üçün daha da dolğunlaşar. Şərqdə isə “eyni yuxu” mövzusu Şəms Təbrizi ilə Cəmaləddin Rumi arasında  mövcud imiş. Qeyb aləminə onlar da bu mistik üsul vasitəsilə daxil olub ordan xəbərlər gətirərdilər.

- Bayaqdan dedikləriniz hamısı mücərrəd söhbətlərdi. Xalq mistiklərinin əlində maddi nəsə olurmu? Məsələn nağıllarımızda olan sehirli çubuq yaxud uçan xalça?

- Bəli, bu  mücərrəd mövzuları maddiləşdirən vəsaitlər xalq mistiklərində həqiqətən mövcuddur. Adətən pirlərdə şəfaverici “tutiyə” olur. Tutiyə-bitki çürüntüsü ilə müqəddəs torpağın qarışığından alınmış məlhəmdir. Xalq mistiklərimiz öz pirlərinin kəramətini tutiyə vasitəsilə  təsdiqləyərlər. Pirlərdəki ruhları  maddiləşdirən ən vacib, ən nadir vəsait isə əlkimyadır. Tutiyə ilə əlkimya arasında fərq var. Tutiyə bu dünyanın, bu torpağın cövhəridirsə əlkimya isə o dünyadan gəlmiş cövhərdi. Azərbaycan mistikləri içində qeyb dünyadan öz əlkimya payını alan yeganə kəs Neftçalanın Kürqarabucaq kəndindən olan Seyyidə nənə idi. Deyilənə görə, günlərin bir günü ətrafda bərk uğultu düşüb, at kişnərtisi ildırım səsinə qarışıb. Araya sükut çökdükdən sonra isə Seyyidə xanım görür ki, göydən onun payı gəlib. Evinin arxasındakı daşın üstündə bir ovuc şəfaverici, bənzərsiz maye maddə-əlkimya var. Sonradan o, həmin maddə ilə öz ziyarətçilərini müalicə edərmiş.

- Həmin maddi möcüzələrin başqa hansı nümunələri var?

- Botanikada belə bir anlayış var: Endemik növ. Yəni, çox kiçik, dar ərazidə bitən çiçək, ot,  yaxud ağac növü. Endemik növlərin başqa yerdə təkrarı olmur. Endemik növlü bitkilər müqəddəs yerlərdə, pirlərdə bitərək kosmik enerjini  mənimsəyir, onu bəzi seçkin insanlara ötürür. Qazaxın Şıxlı ocağında bitən dovşanqulağı çiçəyi məhz,  bu cür növlərə daxildir. Həmin bitki vasitəsilə ən yaxın zamanlara qədər Artıx adlı bir qadın öz xəstələrini müalicə edərdi. Sonradan internetdə bu bitkini soraqlayanda bir daha əmin oldum ki, həqiqətən də həmin gül elmdə endemik növ kimi tanınıb. Lənkəranda isə kosmik enerjini mənimsəyən bu cür endemik ağac növü şimşar adlanır. Tərkibində fosfor çox olduğundan ay işığı altında par-par yanır. Bu ağac çox müqəddəs yerlərdə, ziyarətgahlarda bitir. Lənkərandakı bütün pirlər şimşar ağacının əhatə dairəsində olan məkanlardı.

- Pirləri bu qədər gəzmisiniz. Sizin üçün ən möcüzəli hadisə nə olub?

- Azərbaycanda möcüzələri adətən gecə vaxtı ay işığında gəzən xanımlar, qızlar aşkarlayır. Xalq arasında onlara “Qəmər xanımlar”, elmdə isə “somnanbula” deyilir. Gecə vaxtı ay işığının təsiri ilə yuxudan duran bu xanımlar bir də görürsən getdi hansısa itmiş xəzinənin üstündə dayandı. Sonradan belə yerləri qazanda ordan mütləq nəsə aşkarlanır. 1959-cu ildə Cəlilabadın Dələli kəndində Zərifə adlı 12 yaşlı qızcığaz bu halda olarkən, özü də bilmədən möcüzə aşkar edir. Deyir: “taxıl zəmisinin içində bir dairə cızdım, oranı  mütləq qazın. Orda imam övladları yatır”. Əhvalat sərhəd bölgəsində baş verdiyi səbəbdən olaya SSRİ “KQB”si qarışır. Qazıntı aparılır, torpaq altından 3 insan mumiyası çıxır. Onların əti də, dərisi də çürüməyibmiş. Dövlət əmr verir ki, mumiyaları təzədən torpağa tapşırın. Bu vaxt vəhşi külək qalxır, məzarları yenidən torpaqdan azad edir. Dələli kəndində aşkarlanmış bu mumiyalar əslində, Azərbaycanın digər yerlərində də rastlanır.  Məsələn, Şamaxıda məşhur Diri baba məqbərəsində oxşar mumiya varmış. Şirvanşahlar o mumiyanı eyniadlı  məqbərədə saxlayırdılar. Yalnız XVİİİ əsrdə Şıx Eyyub adlı bir başqa kəramət sahibi o mumiyanı islama zidd elan edir, onu torpağa basdırır. Şərqi Sibir buddistlərinin başçısı İtigelovun mumiyası indi də tərləyir, gözlərindən yaş axıdır. Belə bir fikir var ki, bu cür “diribabalar” heç ölməyiblər də. Elmdə bu hadisəyə anabioz deyilir.

- Deməli, Mirzə Cəlilin “Ölülər”i həqiqətən də dirilə bilərmiş? Bəlkə onlar heç ölülər yox elə dirilər imiş?

- Naxçıvanın Əshabi-kəhf mağaralarında bu cür  “yeddi kimsənə” varmış. 300 illik yuxudan sonra onlar anabiozdan ayılıb yenidən həyata qayıdıbmışlar. Qurani- Kərimin 18-ci “Əl Kəhf” surəsində bu mağaraların dəqiq coğrafi koordinatları göstərilib. Mağaranın böyründəki bulağın suyu hər 18 dəqiqədən bir dolub-daşır. Quranın 18-ci surəsinə işarə edir.

- Siz bunlarla  “Gizli Azərbaycan”  vasitəsilə tanış oldunuz?

-Yaradıcılığımda əvvəllər də həmişə bu cür mistik mövzuları izləmişəm. Romanlarımda, şeirlərimdə bu barədə çox yazmışam. Telelayihədə həmin mövzunu sadəcə inkişaf  etdirdim.


Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?