Modern.az

Yanındakı zirvəni hiss etmək

Yanındakı zirvəni hiss etmək

11 May 2013, 12:18

və ya həyat lotereyadırsa, onda ən böyük uduş əsl dostdur

Dostum Məsiağa Məhəmmədinin 50 illiyinə

Azərbaycan xalqı bəşər elminə bir çox alimlər, filosoflar, mütəfəkkirlər bəxş edib. Bu alimlərdən biri də əziz qardaşım Məsiağa Məhəmmədidir. Dostum, xeyirxah və tanınmış alim, həyatda  ən çox sevdiyim insanlardan olan Məsiağa Məhəmmədi haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Məsiağa müəllim elə bir zirvədir ki, o zirvəyə çatmaq, o zirvəni fəth etmək və o zirvədə qalmaq hər kəsə nəsib olmur. Bu zirvəni hiss etmək, yanında görmək isə heç nə ilə ölçülməyəcək dərəcədə böyük bir zənginlikdir.

Bizim şəxsi münasibətlərimizin xarakteri birmənalı deyil. Məsiağa müəllimlə yaxınlığımız, dostluğumuz özünəməxsus cəhətlərə, mənəvi dəyərlərə söykənir. Onunla ilk tanışlığımız "Cahan"  jurnalının nəşrə hazırlandığı zamana təsadüf  edir. Və elə həmin gündən tanışlığımız zaman-zaman dostluğa yol gələrək sonda etibara çevrilib.

K.Marksın şəxsi və ədəbi dostluq barədə belə bir fikri var: "Dostluqda təmənnasızlıq azad münasibətləri nəzərdə tutur və bəzən öz şəxsi maraqlarının zərərinə biri-birinə kömək etmək əsasında təşəkkül tapır. Dostun sadiqliyi insanın öz qüvvəsinə inamını artırır".

M.Məhəmmədi ilə dostluğumu mənəvi zənginlik və olduqca nadir dəyər kimi qiymətləndirirəm. Bir sözlə, dostluq  dərin şəxsi bağlılılq, maraqların və həyatdakı məqsədlərin eyniliyinə köklənmiş yaxın əlaqələrdir ki, bunu da biz şəxsi münasibətlərimizdə görürük.

Zənnimcə, Məsiağa müəllimlə dostluq insana məhəbbətin, insanlar arasında birliyin və mənəvi yaxınlığın təzahürlərindən biridir. Bu şəxsiyyətlə birlikdə mütaliə etmək,  onun şəxsi keyfiyyətlərindən bəhrələnmək, bu gün və sabahla bağlı fikirlərini bilmək insana gələcəyə daha böyük ümidlə addımlamağı aşılayır. Psixoloqların  "Dostluq yalnız müəyyən qanunlara riayət edildikdə mümkündür" deyimini Məsiağa müəllimin dostluq anlamına qətiyyən aid etmək olmaz. Bu insanın dostluğu heç bir qanun, heç bir sərhəd tanımır. El dilində desək, qəlbi sənə  uyuşdumu, bil ki, sərhədsiz-filansız sənin dostundur.

Xatirimdədir, "Elita" qəzetində işlədiyim ilk günlərdə Məsiağa müəllimin işimə heç bir irad tutmadığını müşahidə edir və doğrusu, bunu çaşqınlıqla izləyirdim. Amma günlər keçdikcə, bu şəxsiyyəti tanımağa, daha dərindən anlamağa başladım. Və sonda əmin oldim ki, o, elə bir insandır ki, iradını yalnız  baxışlarından oxuya bilərsən. 

Əsl dost sizin əhval-ruhiyyənizi, düşündüklərinizi hiss edən, çətin vəziyyətdə sizə dayaq duran və təmənnasız kömək edən insandır. Məsiağa müəllim özlüyündə elə bir meyardır ki,  fərqi yoxdur, dostu və ya tanımadığı olsun, savadına və qabiliyyətinə əmin olduğu hər bir kəsə yaxşılıq etməkdən zövq alır. Məsiağa müəllimin yaşam prinsipi məhz belədir.

Etibar dostluğu daha da möhkəmləndirir, onu güclü edir. Dostluğun gücünün sınağı, əslində, etibar səviyyəsinin sınağıdır. Mən ona öz mülkiyyətimi, həyatımı etibar edə bilərəmmi? Çox vacib bir sirri və ya əhəmiyyətsiz bir məsələni ona aça bilərəmmi? Şəxsən mən nə vaxtsa bu suallarla üz-üzə gəlsəm, tərəddüd etmədən dostum Məsiağa müəllimlə etibar edə,  onunla bölüşə bilərəm. Çünki əminəm ki, dostum hətta fikrimə şərik olmasa, hərəkətlərimi yersiz hesab etsə belə, məni darda qoymayacaq, istənilən vəziyyətdə kömək əlini uzadacaqdır.

Dostluqda hansısa sərhəddən danışılarsa, demək ki,  söhbət əsl dostluqdan getmir. Fikrimcə, əsl dostluğa nə zaman təsir edir, nə də məsafə. İnsanlar nadir hallarda görüşər, uzun illər bir-birindən ayrı düşər, amma olduqca yaxın dost qala bilərlər. Çünki dostluq, məhəbbətdən fərqli olaraq, kor-koranə, zahiri parıltı deyildir. Dost ağ atlı cəngavər yox, məhz bütünlüklə güvənə biləcəyimiz insandır. Və yaşadıqca, yaşlandıqca bir daha əmin olursan ki, əslində, insanın bu həyatda ən böyük qazancı da elə insandır. Özünə dost bildiyi, həmişə yanında hiss etdiyi insan. Demək ki, həyat lotereyadırsa, ən böyük uduş əsl dostdur... Məsiağa Məhəmmədi kimi bir dost!

İbrahim Nizamioğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir