Modern.az

Kəlbəcərsiz...

Kəlbəcərsiz...

Ədəbi̇yyat

11 May 2013, 12:34

Vaqif Kəlbəcərli

Kəlbəcərsiz...

Ömrümün ağacı sınıq bitibdi,
Yanıma düsübdü qolum, qanadım.
Ata, sən qoyduğun o ad itibdi,
Bir qaçqın sözüylə başlanır adım.

Arımdan əriyib gedir varlığım,
Yer olub susmuşam, lala dönmüşəm.
Qalıb öz yurdumda o “сinarlığım”,
Burda bir yamacda kola dönmüşəm.

Çəmənə, çiçəyə dönsə dörd yanım,
Yenə çürüyəcək ürək qəfəsdə.
Gedim o torpağa tökülsün qanım,
Cinara dönəcəm kökümün üsdə.

Minvod, 2011.

Dağlar…

Yuxularda görürəm mən,
Gəlmişdiniz dünən dağlar.
Dərdləşmişik səhərəcən,
Doludur bil, sinəm dağlar.

Mən bir qərib, sən bir qonaq,
Yadlaşmışıq taleyə bax.
Səndə əlac tapar ancaq,
Mənim kimi “sönən” dağlar.

Bir gözələ göz düşəndə,
Ürəklərə köz düşəndə,
Gözəllikdən söz düşəndə,
Səni deyir dinən dağlar.

Birdə gəlsən bir arzum var,
Mümkün olsa, məni apar.
Harda gedib qərar tapar?
Zirvənizdən yenən dağlar.

Kimsəsiz sizsizdə, mən də,
Kim gəzəcək o cəməndə?
Xoşbəxt imiş Vaqif səndə,
Əfsanəyə dönən dağlar.

Minvod, 25.03.2013.

Geriyə boylanarkən...

Dünyaya bir azca məndən gec gələn,
Hardan biləcək ki, gəlib-getmişəm.
İnsan var min ildi ölüb,yaşayır!
Mən də ölməmişdən ölüb getmişəm.

Hər gün keçmişimi alt-üst edirəm,
Qəribə bir yaşa gəlib çatmışam.
Mən nəyə gəlmişdim, nəyə gedirəm,
Yadigar qalası nə yaratmışam?

Nə şair deyiləm, nə də bəstəkar,
Nə də kağızlarda sözüm qalacaq.
Mənim ürəyimdə, mənim nəyim var,
Dünyanın nəyində gözüm qalacaq?

Minvod-30.03.2013.

Eyhamlar…, etiraflar…

Saçlarınız ağardımı, ay qızlar,
Bağışlayın, günahkaram-günahkar.
Əlli ildi korladığım kağızlar,
Bağışlayın günahkaram, günahkar.

Qıymadım ki, sizi dərəm, bənövşə,
Öpmədim ki, qısqanmaya o meşə,
İstəyirdim uşaq qalam həmişə,
Bağışlayın, günahkaram-günahkar.

Əllərimdən buraxdığım ay ellər,
Qorxdum, görüb evinizdə deyərlər,
Mən yaşaya bilmədiyim ay illər,
Bağışlayın, günahkaram-günahkar.

Gözləyirəm geri dönə o bahar,
Qucaq dolu çiçəyiynən gələ yar,
Nə qarğışdı saclarıma yağır qar,
Bağışlayın, günahkaram-günahkar!!!!

Minvod-25.03.2013.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar