Modern.az

"Səməd Vurğunun Əkrəm Əylisli ilə müqayisəsi gülməlidi"

"Səməd Vurğunun Əkrəm Əylisli ilə müqayisəsi gülməlidi"

11 May 2013, 16:18

Qüdrət İsaqov

Fizika-riyaziyyat elmləri doktoru, professor,
AMEA Fizika İnstitutunun əməkdaşı,
Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı
baş redaktorunun müavini,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki,
Avropa Təbiət Elmləri Akademiyasının  fəxri Rentgen medalı laureatı
  



Səməd Vurğun M.Ə. Rəsulzadəni yüksəklərə ucaldıb!

Dahi şairimiz Səməd Vurğun Stalin repressiyaları dövründə Rəsulzadəni “Millət rəhbəri”, “Türkiyə sevdalısı”, “Millətin şərəfini göylərə ucaldan” şəxsiyyət kimi tərif edib: 

İndi xəbər verim oxucuma mən,
O, “Millət rəhbəri Rəsulzadədən,
Toplamış məclisə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları.
Deyir: Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət
Ucalsın göylərə şərəfi millət”…..
- Şarlatan! - Afərin!
– Rəhbərə bir bax!
– Vətəni yadlara bunlar satacaq!
- Bir dayan!
– Nə dedin?
– O bir xaindir,
- Sözünün pərdəsi millətdir, dindir

Səməd Vurğunun Rəsulzadəni təhqir etdiyini deyən insanların savadına şübhəm var. Onlara bir daha və dönə-dönə bu şeiri oxumağı məsləhət ğörürəm. Bu şeirdəki “- Şarlatan!  - Afərin! –  Rəhbərə bir bax! –Vətəni yadlara bunlar satacaq! - Bir dayan! – Nə dedin? – O bir xaindir, - Sözünün pərdəsi millətdir, dindi” ifadələrinin hamısının qarşısında defis işarələri qoyulub. Bu işarələr ğüstərir ki, bu fikirlər Səməd Vurğuna məxsus deyil. Bu ifadələr Rəsulzadə çıxış edən zaman onu dinləyən kütlənin içərisindən gələn səslərdi. Səməd Vurğun dühasının qüdrəti ilə incə bir fənddən istifadə edərək həmən bu səslər içərisində yenə də Rəsulzadəni tərif edir, ona “- Şarlatan!  –Vətəni yadlara bunlar satacaq! –O bir xaindir” deyənlərlə yanaşı, ona “-Afərin! –  Rəhbərə bir bax! - Bir dayan! – Nə dedin?                 - Sözünün pərdəsi millətdi, dindi” deyənlərin olduğunu da həm özünün yaşadığı zamanın insanlarına, həm bu günkü, həm də gələcək nəsillərə çatdırıb. Şükürlər olsun ki, o zamanın cəlladları da indi Səməd Vurğunun M.Ə. Rəsulzadəni aşağıladığını deyən qərəzkar, yaxud da savadsız insanlar da eyni dərəcədə kəlləmayallaq şəkildə bu şeri başa düşüb.

Əlirza Turan xatirələrində qeyd edir ki, "Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, “görün Səməd Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu "Çağdaş Azərbaycan ədəbiyyatında" millətçi bir şair kimi təqdim etmisiniz". Onda Əmin bəy deyir ki, "Mən yanılmamışam. Əgər, o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq".

Allahımıza min şükürlər eləməliyik ki, Stalin dövrünün cəlladları məhz Səməd Vurğunu o zaman anlaya bilmədilər. Nəticədə Səməd Vurğun sağ qaldı və son nəfəsinə kimi Azərbaycan poeziyasını zirvədən-zirvəyə yüksəltdi.

Səməd Vurğun Qacar haqqında çox az deyib

Səməd Vurğunun “Vaqif” pyesində Qacarı aşağıladığını deyənlərə Qacarın əməllərindən 3 misal göstərirəm.

1. Ağa Məhəmməd şah Qacar özünün bütün qardaşlarının ğözlərinə mil çəkdirib kor elədi və öldürdü.

2. Ağa Məhəmməd şah Qacar Kirman şəhərini alanda Kirmandakı bütün kişilərin hamısının gözlərini çıxartdırdı.

3. Kirman şəhərinin kişiləri öz arvadlarını, qızlarını və bacılarını öz əllərilə öldürdülər ki, Qacar əsgərləri onları zorlamasınlar.

Bu göstərdiyim misallar onlarla tarixı mənbəılərdə yazılıb. Bu gün də İranda kor Kirmanlılar məsəli işlənməkdədi. Səməd Vurğunu Qacara görə tənqid edənlər, Qacarı xilaskar hesab edənlərə gətirdiyim misallar kifayətdi. Bu tarixi faktlara istinad edib deyirəm. Səməd Vurğun Qacar haqqında çox az deyib və Qacarın iç üzünü tam çılpaqlığı ilə açmayıb.  

İlyas İsmayılov Səməd Vurğuna qarayaxanlara faktla cavab verib

İlyas İsmayılov: “Böyük şəxsiyyətlər haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı bu cür düşünməyə yönləndirir. Səməd Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə daha çox yayılıb. Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər.

Səməd Vurğunun Əkrəm Əylisli ilə müqayisəsi gülməlidi


Səməd Vurğun “26-lar” poemasında Şaumyanı və digər 26 Bakı komissarlarını tərifləyən zaman Azərbaycan tarixi də Şaumyanı və digər 28-ları böyük bir qəhrəman kimi göstərirdi. Mənim də Sərdar Calaloğlunun da, digər bütün Azərbaycanlıların da oxuduğumuz tarix Şaumyanı və 26-ları Azərbaycanın xilaskarı kimi bizə sırımışdı. Mənim ata-babam da,  Sərdar Calaloğlunun ata-babası da, bütün Azərbaycan xalqı da həmin dövrün tarixinə əsaslanaraq Şaumyanı tərifləyirdi. Bütün Azərbaycan xalqı Şaumyanı Azərbaycanın xilaskarı hesab edirdi. 
Bu gün biz tamam başqa bir zamanda yaşayırıq. Bu gün Əkrəm Əylisli "Daş yuxular" əsərində ermənilər üçün əlinə yaylıq götürüb ağlaşma qurur. Bu gün Azərbaycanlılar turkləri Azərbaycanın xilaskarı hesab edirlər. Əkrəm Əylisli türkləri lənətləyir. Mən də Sərdar Calaloğlu da ermənilərin bu gün Azərbaycan torpaqlarını işgal etməsini, 1 milyon insanı öz yurdlarından didərgin salmasını lənətləyirik. Əkrəm Əylisli isə öz əsərində bu gün Ecmiədzinə gedib qriqoryanlığı qəbul etmək ücün sizildayir! 
Yuxarida dediklərimə əsaslanaraq deyirəm! Sənətkara tarixi situasiya və dövr baxımından qiymət vermək lazımdır! 
Əslində Səməd Vurğunla Əkrəm Əylislinin müqayisəsi ümumiyyətlə gülməlidi. Bu insanların ranqları başqadır. Bu nəhəng bir zirvə ilə 1,5 metr hündürlüyündəki bir təpəciyin müqayisəsindən başqa bir şey deyil. Belə müqayisə aparmaq düzgündüsə, onda Əkrəm Əylisli ilə "Sizi deyib gəlmişəm ey mənim uzunqulaq müsəlman qardaşlarım" deyən Mirzə Cəlili də müqayisə eləyib gülməli duruma düşmək olar! 

Hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, Səməd Vurğunun “Komsomol” poemasının 80%-dən çoxu Azərbaycan poeziyasının inciləridi və 26-lara heç bir dəxli yoxdu. Adı “26-lar” olan bu poemada Səməd Vurğun daha çox Azərbaycan poeziyasını yaradıb.

Səməd Vurğun şerimizin Prometeyidi

Səməd Vurğuna qədərki bütün poeziya ya tamamilə ərəb, ya da tamamilə fars dilli olub, yaxud da ərəb və fars tərkibləri ilə dolu olub.

Səməd Vurğun şerimizi ərəb və fars tərkiblərindən xilas etdi!

Səməd Vurğun müasir Azərbaycan türkcəsində poeziyamızı yaratdı!

Səməd Vurğun Azərbaycan poeziyasında bulaq suyu kimi dumduru, sadə və gözəl azərbaycan dilində ən sadə elementlərdən möhtəşəm konstruksiyalar yaratdı.

Prometey odu insanlara verdiyi kimi Səməd Vurğun da şölə saçan poeziyasını Azərbaycana və dünyaya bəxş etdi.

Səməd Vurğun öz poeziyası ilə dünya ədəbiyyatının inkişafına töhfə verdi.

Böyük Fransız yazıçısı Lui Araqon deyib: “Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır.”

Səməd Vurğun dünya mədəniyyətinə töhfələr vermiş bir dahidir. Bu xüsusda XX əsrin dahi yazıçısı Çingiz Aytmatov deyib: “Dünyanın mədəniyyət irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur”.

Səməd Vurğun şeirləri başdan- başa musiqidir. Bu xüsusda dahi bəstəkarımız Üzeyir Hacıbəyov deyib: “Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin şerləri əvəzsizdir.”  

Səməd Vurğun bütün türk dünyasının nəhəngidi. Nazım Hikmət belə deyib: Səməd Vurğun poeziyamızın planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir. Səməd Vurğun - qardaş dillərimizin böyük xalq şairi, dillərimiz yaşadıqca əbədi yaşayacaqdır.”

Azərbaycan poeziyası deyəndə ilk növbədə müasir poeziyamızın yaradıcısı olan Səməd Vurğun obrazını görürük: Rəsul Hımzətov deyib: Səməd Vurğun Azərbaycan poeziyasının ağ saçlı qartalıdı...  Azərbaycan və Səməd Vurğun bir-birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni məfhumdur, çünki Səməd xalqının ən yaxşı xüsusiyyətlərini – onun sadəliyini, cəsarətini dərin zəkasını və istedadını təcəssüm etdirir”. 

Məhəmməd Əmin Rəsulzadə Səməd Vurğunun vətənpərvər və qüdrətli şair olduğunu deyib

İndi şairlərimiz və yazıçılarımız günümüzün əsərlərini yaratmırlar. Vətənpərvərlik ədəbiyyatımızdan uzaqlaşıb. Vətənpərvərlik olmasa vətənimiz inkişaf edə bilməz, vətənpərvərlik olmasa Qarabağı qaytara bilmərik. Vətənpərvərlik olmasa böyük Azərbaycanı yarada bilmərik. Səməd Vurğun öz əsərləri ilə vətənpərvərliyə rəvac verən ən böyük şairdi. Bunu Məhəmməd Əmin Rəsulzadə «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində Səməd Vurğunu qüdrətli söz ustadı kimi təqdim etməklə belə dilə gətirir: ““Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır… Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi yerləri birgə gözdən keçirək…”. 

Səməd Vurğun olmasaydı poeziyanı belə sevə bilməzdim

Orta məktəbin aşağı siniflərində Səməd Vurğunun “Azərbaycan” şeiri istisna olmaqla poeziyanı o qədər də sevmirdim. Məktəbimizin zəngin kitabxanası vardı. Burada həm Azərbaycan ədəbiyyatının, həm də Dünya ədəbiyyatının inciləri olan kitablar toplanmışdı. Gecə-gündüz bu kitabları oxumaqla məşğul idim. Oxuduqlarımın demək olar ki, hamısı nəsr əsərləri idi.  Poeziyaya aid kitablardan ancaq Səməd Vurğunu oxuyurdum. Səməd Vurğunun “Vaqif” pyesini əzbərdən bilirdim.

Mən poeziyanı Səməd Vurğunu öyrənəndən sonra dərk etdim.

Mən Nizamini, Füzulini Səməd Vurğun poeziyasını öyrənəndən sonra dərk etdim.

Mən dünya poeziyasını Səməd Vurğunu öyrənəndən sonra dərk etdim.

Mənim tanıdığım insanlar da poeziyanı Səməd Vurğunla dərk ediblər!

Səməd Vurğun əsərlərinin energetikası

Səməd Vurğun əsərləri yüksək  energetikaya malikdi!

Səməd Vurğunun əksər əsərlərini həyəcansız oxumaq olmur!

Səməd Vurğunu şairlərimizin hamısından fərqləndirən həm də onun əsərlərinin energetikasıdı!

O kürsüyə sinə gərdi, danışmadı susdu bir an,

Çatıb qara qaşlarını fikrə getdi o bir anlıq,

Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq

Qarşısında baş əyərək səcdə qılır bütün aləm.

Fikir verin, hətta dinamika olmayan, yəni sükut olan bu bənddəki potensial enerjinin möhtəşəmliyinə.  

“Vaqif” pyesində Allaha dua edən Molla Vəli Vidadinin diliylə Səməd Vurğun  namaz ustə olan insanın duasında da  hər birimizə möhtəşəm energetika verir:

Xudaya insanın halı yamandı,
Nələr çəkdiyimiz sənə əyandı.
Mənası varmıdı min təriqətin
Aç-aç qapısını sən həqiqətin!
Nə olur bir yeni işıq ver bizə.
Biz də ilham alaq sevinək barı.
İşıqlat bu dibsiz qaranlıqları...
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən keç günahından
Qoyma ki, yerlərdə sürünsün bəşər
Dünyada qalmasın nə pislik, nə şər

Burada Səməd Vurğun insanlığa Allahdan yeni işıq və enerji istəyir!

Səməd Vurğunun təbiəti dahi rəssam kimi təsvir edən şeirlərində də böyük energetika görürük

Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar.
Yağış da isladır o göy çəməni,
Təbiət ilhama çağırır məni.

Səməd Vurğun əsərlərinin güclü energetikası şairin daxili enerjisinin gücünü göstərir. Şair öz əsərləri ilə özünə heykəl ucaltdığını bilirdi.

Yaxın gəl, oxuyub qıl tamaşa,
Əsərimdən görünən heykəlimi!

Səməd Vurğun bütün dahilər kimi şeir- sənət aləminə nur saçacağını görürdü:

Həyat üçün doğulmuşam yaranışımdan,
Şeir-sənət aləminə nur saçacağam!

Səməd Vurğun şəxsiyyətinə və poeziyasına məhəbbətimlə bu yazını birnəfəsə yazdım. Səməd Vurğun və onun poeziyası, Səməd Vurğunun heykəli hər bir Azərbaycanlının qəlbindədi!

Ey poeziyamızın prometeyi Səməd Vurğun!
Allah sənə rəhmət eləsin! 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir