Modern.az

Xalq şairinin Ayaz Mütəllibova cavabsız sualları…

Xalq şairinin Ayaz Mütəllibova cavabsız sualları…

Ədəbi̇yyat

12 May 2013, 22:37

Mayın 12-də Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ad gününü qeyd edib, onun 75 yaşı tamam olub. Modern.az saytı keçmiş prezidentin yubiley günündə onunla bağlı 23 il əvvəl yazılmış bir məktubu dərc edir.
24 sualdan ibarət bu məktub 19 oktyabr 1990-cı il tarixində xalq şairi Qabil İmamverdiyev tərəfindən Ayaz Mütəllibova yazılıb. Sovet dövründə yazılmış bu məktub 1990-cı ildə fəaliyyət göstərmiş Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinə ünvanlanmışdı.

O vaxt da Azərbaycan hələ SSRİ-nin tərkibindəydi. M.S.Qorbaçov SSRİ prezidenti,     Ayaz Mütəllibov da Azərbaycan SSR-in prezidenti idi. O zaman 20 yanvar hadisələrinə görə, Bakıda fövqəladə vəziyyət rejimi idi. Moskvanın türmələrində isə yüzlərlə azərbaycanlı həbsdə saxlanılırdı. Beləliklə,
 
AZƏRBAYCAN SSR PREZİDENTİNƏ SUALLAR

Hörmətli redaksiya, mən Azərbaycan SSR prezidenti Ayaz Niyaz oğlu Mütəllibova məktub yazmışdım. Yazmışdım ki, mən camaatın içində çox gəzib-dolanıram. Xalqın, millətin sözlə, arzuyla, intizarla, qəzəblə, sorğu-sualla dolu, yaralı ürəyi az qalır ki, partlaya... Yazmışdım ki, mən bu sorğu-sual yağmurunda itib-batıram. Mülahizə edirəm, fikirləşirəm ki, mənim yaşım, yazı-pozum, fəxri adlarım, geniş kütlənin bəndəyə göstərdiyi səmimi münasibət ixtiyar verir ki, Sizi mavi ekranda fikir mübadiləsinə, açıq dialoqa çağırım.
Yazmışdım ki, məqsədim odun üstünə yağ tökmək, sensasiya azarıyla Sizinlə söz güləşdirmək, camaatın qabağında xal yığıb “yaxşı kişi” olmaq deyil. Yazmışdım ki, faydalı ola biləcək bu dialoqa, bu fəal, canlı, lap mübahisəli mükaliməyə gəlib-gəlməmək Sizin öz işinizdir. Yazmışdım ki, dialoqa Sizin məsləhətinizlə kimi istəsəniz dəvət edilə bilər.
Görünür, prezidentin belə görüşə vaxtı və imkanı yoxdur. Ona görə də suallarımı qəzetinizdə (“Azərbaycan” qəzeti, Qarabağa Xalq Yardımı Komitəsinin orqanı, baş redaktor Sabir Rüstəmxanlı-red.) çap etmənizi xahiş edirəm ki, bəlkə Ayaz müəllim vaxt tapsa oxuyub tanış olsun. Hörmətlə Qabil.

Möhtərəm prezidentimiz Ayaz Niyaz oğlu!

Məni belə bir fikrə salan, dialoq təklifinə ürəkləndirən Sizin öz sözlərinizdir. Ayaz müəllim, belə ki, Siz birinci katib və prezident seçiləndən sonra çıxış, yazı, məruzə, müsahibə və bəyanatlarınızda bildirmisiniz ki, biz hamıyla söhbətə, müzakirəyə, mükaliməyə, dialoqa hazırıq. Ancaq diktatsız, hədəsiz, əmrsiz, ultimatumsuz!
Çox əcəb. Təbii ki, mən də “hamı” deyilən kütlənin bir nümayəndəsiyəm. Nə birinciyəm, nə sonuncu.

1. Azərbaycan SSR-in iqtisadi cəhətdən müstəqil yaşaya bilib-bilməməsi barədə fikriniz, mütəxəssis olmadığım üçün, mənə tam aydın deyil. Bəziləri deyir, müstəqil yaşaya bilmərik. Nə üçün? Bəs neft, özü də necə neft, pambıq, yerin altı-üstü, kürü-balıq, üzüm, təbii sərvətlər və bunların alqı-satqısı?
Moskva bir gözü hər şeyimizdə ola-ola deyir: “Get başını saxla”. Biz isə deyirik: “Yox! Amanın bir günüdür, əlimizi ətəyinizdən üzsək, acından öllük”. Niyə?
Bir var mübadilə, bir də var asılılıq. Mübadiləsiz heç Amerika da yaşaya bilməz, nəinki Azərbaycan. Bu barədə fikrinizi bir qədər də konkret deyə bilərsinizmi?

2. Mən lap əvvəlcədən də Qanlı Yanvar hadisələrinin səbəbkarını, günahkarını, baisini öz içimizdə axtarmağın əleyhinə olmuşam. Nemətlərin, Etibarların, Rəhim Qazıyevlərin, Xəlil Rzaların, qeyri formalların, müxtəlif təmayüllü birlik və təşkilatların şəxsində, timsalında “daxili düşmən” obrazı yaratmağın əleyhinə olmuşam. “Özümüz-özümüzü...” söhbətinin əleyhinə olmuşam. Bu mənada Sizin də bir sözünüz mənə haqq qazandırıb: “Əliboş adamları, yüzləri, minləri küçələrə tökən, tankların qabağına çıxaran Vətən eşqi idi”.
Dağlıq Qarabağdan başlanan bütün bu məlum əhvalatlarda hətta, bir qayda olaraq, bizim həqiqətlərimizi, faktlarımızı təhrif edən, xalqımıza qarşı amansızcasına qeyri-obyektiv olan “Moskovskiye novosti” qəzetində çıxan “Bakıda yanvar faciəsi” adlı məqaləni oxuyandan sonra Sizin sözlərinizə də, öz qənaətimə də inandım.
Bu qanlı həqiqətləri açıb-tökən məqalə barədə fikriniz? O hadisələrə bu saatkı münasibətiniz? Prezident Ayaz Mütəllibovun Nazirlər Sovetinin sədri Ayaz Mütəllibova münasibəti?

3. Dağlıq Qarabağ Muxtar Vilayətindəki konkret şərait, vəziyyət Sizin yadınıza “Ad mənim, yar özgənin” məsəlini salmır ki?
Bakı şəhər Partiya Komitəsinin birinci katibi Rüfət Ağayev fəhlələrlə görüş zamanı camaatı, xüsusən gənclərimizi Qarabağa getməməkdə, oranı qorumamaqda günahlandırıb “qorxaq” adlandırdı… Sizin bu sözlərə və bu sözün sahibinə münasibətinizi bilmək istərdik. Əliboş, nizamsız, fərmansız neyləmək olar? Söz yox ki, bərk ayaqda olar, olacaq da.

4. Ayaz müəllim, Siz Ermənistanla sərhədyanı rayonlarımızın birində dediniz ki, bizim qoşunumuz yoxdur. Düz! Bəs onda neyləyək? Namərd, naxələf, ikiüzlü, “dovşana qaç, tazıya tut” deyən mərkəzdən, nüfuzsuz fərman sahibindən nə gözləyək?

5. Azərbaycanda fövqəladə vəziyyətə iki münasibət var, iki mülahizə var:
a) Ermənilərin kütləvi hücumundan qorunmaq üçün...
b) Əlimizi-qolumuzu bağlayıb, silahlanmağa qoymamaq üçün, qəflətən, günlərin bir günündə qoşunu çıxarıb ermənilərin bizi müqavimətsiz, asanca qırmağına şərait yaratmaq üçün...
Bu mülahizələrə münasibətiniz?

6. Əgər qaradan o yana rəng yoxdursa, bəs onda nə üçün biz “milli ordu” sözündən ilan vuran ala çatıdan qorxan kimi qorxuruq! Məgər Mərkəz, SSRİ üdafiə naziri, əlləri xalqımızın qanına boyanmış Yazov səfərbərlik normasını yüz faiz yerinə yetirməyimizə əl çaldı? Bununla əlaqədar yenə də Sizin öz sözlərinizi yadınıza salıram. “... yeddi milyonluq Azərbaycan xalqı öz sözünü deməlidir”. Desin də... Daha doğrusu, imkan verin desin də... Bəs haçan?

7. Siz Vəzirovla çiyin-çiyinə işləyirdiniz, hökumətin başçısı idiniz. Hər şeyi görür və bilirdiniz. Onun xalqı bəd ayaqda, qəsdən heç bir şeydən xəbərdar etmədən qan içində qoyub hərbi təyyarədə aradan çıxmağına necə baxırdınız və necə baxırsınız?

8. Azərbaycan elan edilməmiş qeyri-bərabər maharibə, od-alov içindədir. Qurbanlar, qırğınlar, qarətlər, qətllər, girovlar, partlayışlar, dağıntılar... Bu vəziyyətdə, bu Kərbala müsibətli günlərdə radio və televiziyada verilən şit, yüngül, hırıltılı verilişlərə, adamların ətini tökən əsəblərini alt-üst edən dəf-dumbullu, zurna-balabanlı, çırtmalı, diringəli konsertlərə necə baxırsınız? Xoşunuza gəlirmi?

9. Ayaz müəllim, camaat məndən tez-tez, intizar və həyəcanla Etibar Məmmədovun, Xəlil Rzanın taleyini xəbər alır. Soruşur ki, məgər DTK-nın mərkəzi aparatı bu adamları şəxsən, çoxdan, yerli-yataqlı tanıyırdı ki, gəlib əliylə qoyubmuş kimi tutub apardı da? Bu məsələdən, bu terrordan, yəni Sizin heç xəbəriniz olmayıb?

10. KİV bəzi sovet respublikalarında Leninin heykəl və abidələrinin demontaj edilməsini, götürülməsini xəbər verir. Yaxşı, Lenində hələ işimiz olmasın. Bəs Kirovun, 11-ci Qızıl Ordunun şəhərimizin ən görkəmli yerlərindəki monumental abidələrinə necə baxırsınız? Xüsusilə bu gün – tarixin açılmamış səhifələri açılandan sonra necə baxırsınız? Mətbuatda açıq-aşkar yayılmış sübutlar, faktlar, sənədlər göstərdi ki, bu abidə sahibləri xalqımızın, torpağımızın başına nələr gətiriblər. Alovlu tribun adlandırdığımız Sergey Mironoviç Kirov və 11-ci Qızıl Ordu – “Azadlıq ordusu”.

11. Tez-tez belə bir söz eşidirik: “Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin çoxmillətli kollektivi”. “Çoxmillətli” nə deməkdir? Yəni həmin kollektivdə erməni də ola bilər, var? Ümumiyyətlə, belə bir şübhəli fikir var ki, Bakıda azərbaycanlı ad-familiyası ilə ermənilər yaşayır, fəaliyyət göstərir. Belə olduğu halda, Bakıda baş verə biləcək hər cür partlayış, yanğın və qeyri-qanlı əhvalatların qabağını almağa kim və necə zəmanət verə bilər? Bu barədə fikriniz!

12. Prezident Şurasının tərkibində nə üçün yazıçı olmasın? Nikitin həqiqətən çox yaxşı təsərrüfatçıdır. Ancaq nə üçün o, həmişə, hər yerdə “harda aş, orda baş” olmalıdır? Məgər Azərbaycanda Nikitindən başqa nüfuzlu təsərrüfüt başçısı yoxdur? Belə beynəlmiləlçilik indi kimə lazımdır!

13. Bərk ayaqda Azərbaycan parlamenti BMT-yə, sovet respublikalarına kömək üçün müraciət edə bilərmi? Bəlkə buna tələsmək lazımdır!
14. Camaat Ykraynadan, Belorusiyadan respublikamıza gələn yeməli-içməli şeylərə, hətta pal-paltara radiasiya mənasında şübhəylə yanaşır. Bu barədə Sizin mütəxəssislərlə söhbətiniz olubmu? Bu şəkk-şübhəyə əsas varmı?

15. Ayaz müəllim, mən ümidsiz deyiləm. Məhəmməd Hadi deyib:
 
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Namərd diləksiz yaşar.
Millətim qəhrəmandır.
 
Biz yeddi milyonuq (Cənubi Azərbaycanı bura qatmırıq). Onun yarım milyon yaxşı övladı torpağımıza, qeyrət və namusumuza təcavüzə gələnlərin cavabını tarixin yadında qala biləcək şəkildə verə bilər. Bir şərtlə: bəzi zavod və fabrikimiz təcili surətdə öz iş, istehsalat və istehsal... rejimini dəyişsələr. Allah eləməmiş, əlimiz hər yerdən üzülsə, bu şərti Siz qəbul edirsinizmi? Şər deməsən, xeyir gəlməz!

16. Siz prezident kimi, rəsmən Dövlət dili elan edilmiş Azərbaycan dilinin-ana dilimizin təbliğində praktik, canlı nümunə göstərməlisiniz. Təəssüf ki, məruzə və çıxışınız bunun əksinədir. Nə üçün? Hələ dövlət idarələrində, hətta bəzi rayon mərkəzlərindəki aparatlarda yenə də ana dilimiz işlənmir. Yenə də Mərkəzi Komitə və Nazirlər Soveti və üzü aşağı nazirlik və baş idarələrin telefonları rus dilində səslənir. Nə üçün?

17. Maraqlıdır, Sizin sərəncamınızla böyük vəzifələrə irəli çəkilən adamların şəxsiyyətinə, konkret qabiliyyətinə, bacarığına hərtərəfli bələdsinizmi, yoxsa kimlərinsə zəmanətiylə təsadüfən onları irəli çəkmisiniz? Bilməmiş olmazsınız ki:
 
Qeyrətsiz oluruq biz
Səhv düşəndə yerimiz
 
18. Azərbaycan SSR Ali Sovetinə deputatların seçilməsi yenə də əsasən köhnə üsulla, köhnə normativlərlə gedir. Nə üçün? Parlament kəlləli adamlardan ibarət olmasa, heç nə. Zəhmətkeşə qurban olaq. Siz də, mən də. Ancaq, məsələn, Sizin yerinizə bir traktorçu gətirib qoysaq, Sizi əvəz eləyə bilər? Raykomun birinci katibi də namizəd göstərilə bilər? Ancaq ucdantutma, təşkil yoluyla yox! Nə üçün belə şeylərə son qoyulmur?

19. Xalqımızın hüquqi taleyini, sabahını həll edən parlamentimiz yüz faiz intellekt sahiblərindən, dili topuq çalmayanlardan ibarət olsa, bunun prezident nüfuzuna kölgəsi düşər?

20. Heydər Əliyev, onun müsahibələrinə münasibətiniz?

21. Ayaz müəllim, oğrunu, qarətçini, qatili tərksilah etmək başqa söhbətdir; özünü açıq, həyasız, qanlı düşməndən müdafiə üçün tir-tüfəngini də tutub xalqın əlindən almaq başqa söhbətdir.

22. Yoldaş prezident, ermənilərin Azərbaycana – Qazax rayonuna kütləvi hücumlarının başladığı bir dövrdə Sizin əlacsızlıqdan müttəfiq respublikanın Ali Sovetinə gecikmiş müraciətiniz barədə qorxaq və yaltaq “müxbirlərin” camaatın dilindən kəlbətinlə çəkdiyi dırnaqarası “müsbət rəylərə” necə baxırsınız? “Prezidentimizin şəxsində, timsalında...” sözləri xoşunuza gəlirmi? Belə təriflərə Sizin nə ehtiyacınız!

23. Polyaniçko (Moskvanın Azərbaycandakı nümayəndəsi-red.) sözün hərtərəfli, dərin, incə mənasında kimdir, axı? Mahiyyət etibarilə o da volskilərin biri deyilmi?

24. Ayaz müəllim, siyasi icmalçı Qabil Hüseynov Ermənistanda fövqəladə vəziyyətin    elan edilməsini, çox haqlı olaraq, obrazlı şəkildə tüfəngi bir çiynindən o biri çiynə götürmək kimi, xalqımız üçün qurulan yeni qanlı, ssenari üzrə qurğu kimi qiymətləndirir, şəhərimizin hərbi komendantı, polkovnik Valeri Ziyayeviç Bünyadov isə bu münasibətlə bakılıları Azərbaycan xalqını təbrik edir. Buna necə baxırsınız? Ümumiyyətlə, tez-tez “Ya komendant” deyən bu adam barədə fikirləşmək lazımdır.
Hərbi komendant bizim məşhur və çox gərəkli akademikimiz Ziya Bünyadovun oğludur. Lakin onun xalqı az qala barmaqla hədələyici çıxışları mənim xoşuma gəlmir! Sizin necə?

Möhtərəm prezidentimiz Ayaz Niyaz oğlu, məgər mən başa düşmürəm ki, mənim və mənim kimi fikirləşənlərin başa düşdüyündən də Siz on dəfə artıq başa düşürsünüz?!
Bu saat, bu dəm, yaltaqlardan, qorxaqlardan, rüşvətxorlardan başqa hamı, hamı, hamı xalqın taleyi uğrunda mübarizədə Sizə kömək etməyə hazırdır. Səməd Vurğunun müharibənin ilk günlərində dediyi sözləri xatırlayıram:
 
Gəl ana yurdumun qızı-gəlini,
İndi hünər vaxtı, qeyrət dəmidir.
 
Böyük şairin cəbhəçi şəfqət bacılarına dediyi söz bu saat necə də yerinə düşür. Mən isə Sizin dilinizdən deyirəm:
 
Gəl ana yurdumun əri-ərəni,
Amandır, tək qoyma meydanda məni!
 
19 oktyabr 1990-cı il

Məktub Qabilin 1998-ci ildə “Şirvannəşr”də çapdan çıxmış “Neyləməli, göz görür, ağlım kəsir” kitabından (səh.129) götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir