Modern.az

Qədim şəhərin köhnə ənənəsi

Qədim şəhərin köhnə ənənəsi

Ölkə

22 Mart 2010, 23:07

Köhnə Bakının cizgilərini özündə əks etdirən İçərişəhərin tarixən özünəməxsus şəhər mühiti, adət-ənənələri mövcud olub. Qala divarları ilə əhatə olunmuş bu qədim şəhərin Böyük İpək Yolunun üzərində yerləşməsi və ticarət karvanlarının buradan keçməsi karvansaraların tikilməsinə, bazar ənənələrinin formalaşmasına ciddi təsir göstərib. İçərişəhərin özünəməxsus xüsusiyyətlərindən biri onun «Şərq bazarı» ənənəsidir.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bazar günü Qoşa Qala Qapısı yaxınlığında reallaşdırdığı «Meydan bazarı» layihəsi köhnə şəhərdə mövcud olmuş «Şərq bazarı» ənənəsini bir daha yada salır. Bu ənənənin müsair dövrdə nümayiş etdirilməsi həm bakılılar, həm də şəhərimizin əcnəbi qonaqları üçün böyük bir tamaşadır. Layihə xalqımızın mədəni, tarixi, memarlıq və etnoqrafik irsinin incisi olan «İçərişəhər»in intibahı, populyarlaşması konsepsiyasının tərkib hissəsi sayıla bilər.

...«Meydan bazarı» mərasimi orta əsr Bakısını xatırladırdı. Bir tərəfdə çərkəzi geyimlilər var-gəl edir, o biri yanda dulusçular, pinəçilər, kustarlar, ipəkçilər, mahudçular, başqa bir tərəfdə isə tikmə və toxuma nümunələri satan qadınlar alış-verişlə məşğul idilər. Satış üçün ayrılmış yerlərə düzülən toxumalar, tikmələr, quramalar, araqçınlar, qurşaqlar, çarıqlar, butalar, xalça-palazlar, rəsm əsərləri, ağac fiqurlar, muncuqlar, milli geyimlər, taxta üzərindəki oymalar, misgərlik və zərgərlik əşyaları kimi müxtəlif tətbiqi sənətkarlıq nümunələri həm də «Meydan bazarı»nda açılmış böyük bir sərginin eksponatlarıydı. Bazara gələn insanlara bu və ya digər tətbiqi sənət növünün incəlikləri, habelə sənətkarların özləri ilə tanış olmaq, hətta həmin sənət əsərinin hazırlanmasında şəxsən iştirak etmək, milli yemək və içklərin dadına baxmaq imkanı da yaradılmışdı. Sehrbazlar, kəndirbazlar, pəhləvanların, Novruz bayramının atributları olan Kosa və Keçəlin nümayiş etdirdikləri əyləncəli şoular «Meydan bazarı»nın ziyarətçiləri arasında əsl istirahət ab-havası yaradaraq onlara zövq verirdi. Milli geyimli aktyorların yaratdığı obrazlar, Azərbaycan xalqının milli ənənələrini, mədəniyyətini və tarixini əks etdirən səhnəciklər qonaqlara bir anlıq da olsa, qədim Bakı bazarının ab-havasını yaşadırdı. Bu ab-havanın formalaşmasında bazara təşrif buyuran köhnə filmlərin personajlarının xüsusi rol oynamasını qeyd etmək lzımdır.

Peşəkar musiqiçilərin ifasında milli folklor və caz əsərləri, muğamların ifası bura gələnlərin ovqatına təsir etməyə bilməzdi. Azərbaycan sənətkarlığının hər bir istiqamətinin bu cür təbliği şübhəsiz ki, milli ruhumuzun formalaşmasında müsbət rol oynayacaq.

Bazarın təşkili xüsusilə turistlər üçüq göydəndüşmə idi. Turistlər bəyəndikləri əşyaları əldə etmək, habelə müəlliflərlə görüşərək onları maraqlandıran suallara cavab almaq imkanından razıydılar. Almaniya, İtaliya, İngiltərədən olan qonaqların həvəslə «Meydan bazarı»ndakı milli geyimli rəqqasələrə qoşulub oynamaları, Kosa və Keçəlin zarafatlarına cavab vermələri bundan xəbər verirdi.

Həmsöhbətimiz olan ingilis turistlər Ueyn və Sara Fletçerlər «Meydan bazarı»nın çox fəal iştirakçılarından idilər: «Burada Azərbaycanın milli mətbəx nümunələrindən dadmaq, qədimi tamaşaları seyr etmək, rəqqasələrə qoşulub oynamaq bizə özgə bir keyf verdi. Elə təkcə kəndirbazların və pəhləvanların şoularını görmək üçün bazara gəlməyə dəyərmiş. Biz dostlarımızla «Meydan bazarı»nda həm də yaxşı bazarlıq etdik, qədim fotoaparatlı fotoqrafa şəkil çəkdirdik. Vətənimizə qayıdanda burada gördüklərimiz barədə danışmaq üçün böyük təəssürata malikik».
«Meydan bazarı» təkcə qədim Bakıya deyil, bütün Azərbaycana xas olan xüsusiyyətləri, tariximizi yaşadır. Bir sözlə, baxmağa, gəzməyə, zövq almağa dəyərdi...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub