Modern.az

Qabilin o dünyadan növbəti məktubu: “Oğlum Mahirə”

Qabilin o dünyadan növbəti məktubu: “Oğlum Mahirə”

13 May 2013, 17:25

Mahir, salam! Necəsən? Soruşmağım artıqdır. Bilirəm ki, yaxşısan. Artıq böyümüsən. Baba olmusan. Atan yox idi, o da dünyaya gəldi. Nəvən Qabilə “atam” deyirsən. Nəsil davam edir.

Artıq yay da gəlir. “Yayda paltarlar dəyişir, nazilir, cavanların tunc bədənləri, qızların gül əndamı, adamı dəli-divanə edən tərpənişi, titrəyişi, yolunu gözləyən qızıl qumlu, qartal qayalı çimərliklər, uca yaylaqlar, qalın meşələr, bağlardan-bağçalardan bazarlara axışan dadlı meyvələr”. Vallah, ölməyimizə də peşman olmuşuq. Əsl cənnəti tərk edib Sizin hər vəchlə layiq olmaq istədiyiniz virtual Cənnətinizə gəlmişik.



Əvvəllər heç olmasa Sizə baxıb, etdiklərinizi görüb, müdaxilə edib başımızı bir təhər qarışdırırdıq. İndi o da çətinləşir.
Prezident seşkiləri gəlir. Payız gəlir. Yazı, yayı bitirməmiş payızı göz önünə gətirirsiniz,    ağzınız isti yerdədir. Təzə-təzə cücərirsiniz, çiçək açırsınız. Payızda kim saralıb quruyacaq, kim meyvə yığacaq? Onu sonda deyəcəyəm. 
Fani dünyada çox qəribə bir tendensiya yaranıb. İnsan insanı yeyir. İnsan insanı qurban verir. İnsan insanın qanına, malına, vəzifəsinə, dövlətinə susayıb. Cavan insanlar qoca insanlara hücuma keçib. İnsan insanı bəyənmir. İnsan insan üçün marığa yatıb.

Seçkilərə az qaldıqca vəziyyət daha da gərginləşir. Rüstəm o yandan, Əkrəm bu yandan. Eldar bu yandan, Elşad o yandan. Gizli ocaqları, hər şeyi olan milyarderlərimizi, “Çingiz İldırım”ları demirəm. Amma Səməd Mənsur deyir ki, Qabil, narahat olma, bunlar hamısı “Rəngidir”. Sükan etibarlı əldədir.

Qoca deputatlarımız da dil açıb. O gün biri deyir ki, cavan adamın təhsil naziri qoyulmasını dəstəkləyir. Yəqin hansısa qohumunu təhsil şöbəsinin müdiri qoydurmaq istəyir. İkincisi də ki, dəstəkləyirsənsə, onda özün niyə nümunə göstərmirsən. Əl çək də 20 illik mandatından, nə olsun ki, seçicilərin səninçün ölür. Sənsiz yaşaya bilmirlər. Ay oğul, bilirsən niyə əl çəkmirlər? Yox, fani dünyada heç kim toxunulmaz deyil. Lazım olsa, yarım saata alarlar adamın toxunulmazlığını.
Günah bir xalq yazıçımızdadır. Deyim sən də bil. Günlərin bir günü bu yazıçıdan fəxri adlar haqqında müsahibə götürürdülər. Əlbbəttə ki, bütün fəxri adlara layiq görülən bu şəxs bunun əleyhinə çıxdı. Razıyam, sözündə həqiqət də var, amma almamışdan qabaq desəydi. Öz işidir. Buna sözüm yox. Amma sonda bir söz dedi. Loru dildə desəm, xalq şairi və yazıçısı kimi ölən    adamın bir üstünlüyü var ki, öləndə Fəxri Xiyabanda basdıracaqlar. İndi başa düşdün də? Amma   Əkrəmə də demişdim, dəxli yoxdur. Aeroportun harda olmasından asılı olmayaraq, mənzilbaşı eynidir.

Oğlum Mahir! Bir müddət jurnalistlik eləmisən. Həmkarlarına denən ki, kiməsə, nəyəsə istinad edib başqaları haqqında hədyanlar yazmasınlar. Gözləriylə gördüklərini yazsınlar. Necə deyərlər “aşıq gördüyünü çağırar”. İkincisi də istinad sözünün başqa mənası “deyirlər”dir. Məsələn,    jurnalist girir bir vəzifəli adamın kabinetinə müsahibə almağa. Sözü də bu olur: “Deyirlər ki, sizin filan bankda bu qədər pulunuz, filan xarici ölkədə bu qədər mülkünüz var. Doğrudur?”. Müsahibi ondan soruşur ki, ay jurnalist, bunu siz gözünüzlə görmüsünüzmü, bu faktları hardan götürmüsünüz? Şəxsən özünüz buna inanırsınızmı? 
Jurnalist də deyir ki, “Filan xarici sayt, filan beynəlxalq təşkilat, filan filanlar deyirlərsə, deməli doğrudur”. Vəzifəli adam da “ay jurnalist, deyirlər ki, Sizin qanınızda erməni qarışığı var, indi buna da inanmalıyıq? Axı belə deyil. Amma deyirlər”. Bu məmurlarımızın jurnalistlər üçün hazırladığı yeni “söyüş modeli”dir. İstənilən təhqiri buna tətbiq etsələr, “popuqay”la “ölü” toyagetməli olacaq. Bu fikirlərimi həmkarlarına çatdır. Bilsinlər ki, belə ağıllı məmurlarımız da var. Olmayanlar da yəqin ki, ağıllandılar.

Eşitmişik  ki, internetə nəzarəti artırırlar. Saytların rəhbərləri bunu azadlığı məhdudlaşdırmaq kimi qiymətləndirirlər. Biz də çox baş işlətdik. Azərbaycan dilini gözəl bilən ölülər kimi “azadlığı məhdudlaşdırmaq” sözünün dərinliklərinə vardıq. Sizin keçirdiyiniz debatlardan bir şey anlaya bilmədik.  

“Azadlıqdan məhrumetmə” – bu aydındır. Basırlar türməyə gedirsən çala-çala. Bir azdan ağlın gəlir yerinə. Özün, ailə üzvlərin növbəylə prezidentə məktub ünvanlayırlar ki, “Xahiş edirik, əfv edin”.   
Amma elə də olur ki, cinayət törədirsən, qaçıb gizlənirsən, tuta bilmirlər. Bilirsən ki, tutsalar 10 il iş kəsəcəklər. Qaçıb Moskvada gizlənirsən. Beləcə 10 il. Sonra da gəlirsən, məhkəmə səni azadlığa buraxır. “Azadlıq”da keçirdiyin 10 ili türmədəki 10 ilə bərabər sayırsan. İndi bilmirəm, amma bizim vaxtımızda belə bir qanun vardı. Görəsən saytlarçun hansı yaxşı olar? Azadlıqdan məhrum etmək, yoxsa azadlığı məhdudlaşdırmaq? Onu ancaq Eynulla Fətullayev bilər. Ciddi deyirəm, gözəl məntiqi var. ANS-də özüm görmüşəm.

Eynulla, o gün dedin ki, türmədə bir sözə görə 12 il yatanlar var. Deyəndə mənim də sözümü öz sözünə əlavə elə: Bu dünyada da bir sözə görə o qədər yatan var ki... Özü də 12 il yox, həmişəlik. Sözü işlədəndə ehtiyatlı olun. Nə siz yatın, nə də onlar. Nə azadlığınız məhdudlaşdırılsın, nə də azadlıqdan məhrum olun.

Elə, Mahir, sən özün də. Mənə olar, qoca kişiyəm. Sən deyəndə düzgün başa düşməzlər. 
Fazil Musatafa da əsgərliyə gedib qayıdandan sonra məntiqi formalaşdı. Təsirdən çıxıb öz partiyasını yaratdı, millət vəkili seçildi. Bunu bil ki, fani dünyada kişilərçün iki həyat məktəbi var. Biri əsgərlikdir, biri də həbs. Birində azadlığı məhdudlaşdırırlar, birində də azadlıqdan məhrum edirlər. Ay oğul, əgər məntiqin formalaşmayıbsa, sən də bu yolla get. Əsgərliyini çəkmisən, bəs etməyibsə türməyə düş, 3 il yox, bircə ay yatsan bəsin olacaq, sonra lap bəraət al.  Yatıb bəraət almaq  bilirsən də nəyə oxşayır? Əsgərlikdə ustav – nizamnamə deyilən bir şey vardı. Onun 1-ci maddəsində yazılıb: “Komandir həmişə haqlıdır!” İkinci maddəsində isə bu cümlədir: “Əgər Komandir haqlı deyilsə, onda birinci maddəni oxu!”.
Həyat budur, mənim balam. Həmişə birinci maddəni oxu, birincidə qal. İkinci maddəyə keçsən də, əvvəl-axır birinci maddəyə qayıdacaqsan. Öz xoşuna qayıtmasan da qaytaracaqlar. Heç qaytarmasalar da. Əvvəl-axır özün də başa düşəcəksən - insan bu dünyaya 3 şeyə görə gəlir:    Yemək, içmək, nəsli artırmaq – vəssalam, şüttəmam. Azadlıq da, demokratiya da, mitinq də, inqilablar da hamısı bu üç şeyin başındadır, buna nail olmaqçundur. Bərkdən ağlayanın payı çox düşür, ağlamağı bacarmayan isə acından ölür. Rza bəy Məşədibada demişkən: “Çelovek obşestvennoe jvotnoe”. 
 Bir də ki, ustav, maddə-zad niyə axtarırsan? Mənim oğlumsansa, mənim də yolumla getməlisən. “Hüseyn Cavid”lərin təsirinə düşmə, “Mikayıl Müşfiq” olarsan. “Oğlum sənə deyirəm, kürəkənlərin də eşitsin”.

Payızda hər şey yaxşı olacaq. Keçən payızdakı kimi. “Payızda təbiət filosof, şair olur, müdrikləşir, dalğın-dalğın xəyala dalır. Meşələr qızıllaşır, dərələr-təpələr, yamaclar, düzlər axırıncı dəfə gözəlləşir, yaşıllaşır. Zirvələrin saçına təkəm-seyrək dən düşür. Bulud-bulud üzüm bağları, sərgi-sərgi meyvə bağları öz barını, bəhrəsini insanlara bəxş edir, dükan-bazarı doldurur, süfrələrə düzür. Toy-düyünlər bir-birinə calanır. Həyat, mühit, təbiət, gözəllərin çöhrəsi yeddi rəngdə bərq vurur, cilvə göstərir”. Belə həyatı bəyənməmək olarmı?

O gün görürəm ki, biri ağlayır. Yuxusuna girib soruşuram ki, ay qızım, nə olub, niyə ağlayırsan? Deyir ki, “ay baba, maşın yolunu düzgün keçmədim, polis nəfəri də məni cərimə etdi. Nə az, nə çox düz 20 manat. Mən də tələbə adamam axı, stependiya alıram. Səhəri gün tezdən getdim banka ki, cəriməni tez verim, heç olmasa 2 manat qabaq düşüm, qəbul eləmədilər. Dedilər ki, kompüterdə cərimə 40 manat göstərir. Zəng eləyib aydınlaşdırdım ki, cəriməni qeydə alan aprellə yanvarın yerini səhv salıb. 4-ü 1 kimi başa düşüb. Kompyuter də avtomatik olaraq 20 manatın üstünə 20 manat da 3 aylıq faiz gəlib. Nə olardı ki, bir dəfə də çaşıb 20 manatı 5 manat yazsınlar da. Elə artıra-artıra gedirlər. Məqsədləri nədir axı, bizi maarifləndirmək, tənbeh eləmək, yoxsa müflisləşdirmək? Kompüterləri də öz tərəflərinə çəkiblər”. Yenə də şükr edir ki, baldan-zaddan yazmayıblar.

Tələbə qız deyir ki, “sürücülər avtomobilini piyada səkilərində saxlayırlar. Piyada yollarında mağazalar, obyektlər tikilir. Yeraltı piyada keçidlərində mağaza, dükanların əlindən keçmək olmur. O sataşır, bu sataşır. Biz onlara heç nə demirik. Amma biz yolu səhv keçən kimi tutub cərimələyirlər. Özü də 3-4 polis birdən şığıyır adamın üstünə. Sanki cinayətkarsan. Sənədin yanında olmayanda vay halına”.

Dedim ki, a bala ağlama. Olur da. Bilməmisən, yolunu azıbsan, maşın yolunu səhv keçibsən, təki həyatda yolunu azma. Bunun cəriməsi daha böyük olur. Yəqin ki, ştorka, pərdə kimi bir azdan yolu hardan gəldi keçməyə də icazə verərlər - bütün yay ayını. Düz payızacan. Axı, yaydan sonra payız gəlir.
Hələ “Azərsu”nun prezidentini demirəm. Deyir ki, supulu qaldırılmalıdır. Çünki bu sahəyə qoyulan investisiyaları ödəyə bilmir. Mən başa düşmədim... Cibinin puluyla çəkdirib? Dövlət öz əhalisi üçün su çəkdirib. İllər, on illiklər ərzində bu sudan istifadə etdikcə xərci ödənəcək də.   
Sən bu cür xırda hislərlə yaşama. Cərimə belə gəldi, supulu belə getdi. Hamınız prezidentinizə arxa olun. Sülhsevərliyinizi saxlayın. Heç kimin torpağında gözünüz olmasın. Amma yadınızda da saxlayın ki, heç kimin torpağında gözümüz olmaya-olmaya, artıq öz torpağımızda da gözümüz olmayan xalqa çevrilmişik. Artıq 25 ildir, 93 ildir, 2 əsrdir, 10 əsrdir.
Ay oğul, mən    səni əzilən yox, qəhrəman xalqın nümayəndəsi kimi görmək istəyirəm. Mən istəmirəm ki, ilin 10 ayı - 20 Yanvardan Zəngilanın işğalının ildömünə qədər - 13 dəfə ağlayasınız. İstəyirəm ki, ermənilər ildə bir dəfə yox, 13 dəfə ağlasınlar. Mən istəmirəm ki,    təkcə dövlətimiz başqalarına hörmətlə yanaşsın. Mən istəyirəm ki, Siz digər dövlətlərə, onların Sizə göstərdiyi ehtiramın müqabilində hörmətlə yanaşasınız. Yaxşı yanaşmayanı isə əzib, keçəsiniz.
Mən istəmirəm ki, dövlətimiz dünyanı lərzəyə salan monqol-tatarlar, ərəblər, Türk İmperiyasının varislərinin aqibətini yaşasın. Çünki, artıq dünyada müstəmləkələrin qaytarılma prosesinə başlanılıb.

Prezidentin Ehtiyat Fondundan ayrılan milyon manatlarla rayonlarda aparılan abadlıq-quruculuq işləri əlbəttə ki təqdirəlayiqdir. Arzu edirəm ki, Siz, Azərbaycan ordusunun geri aldığı qədim Azərbaycan torpaqlarında yaşayan yadellilərdən yığılan bac-xaraclardan şəhərlər, yollar salasınız, xarüqələr yaradasınız.

Nə isə. Səndən nigaranam. Dediklərimi qulağında sırğa elə. Ağıllı ol. Təsirə düşmə. Azadlıqdan məhrum da olma, azadlığını məhdudlaşdırma da. Sadəcə azad ol. Ye, iç, nəslimi davam etdir. Bir az da ictimai ol. Bəs edər. Yolunu azma. Eləcə öz yolunu tut get – mənim yolumu.
Allah prezidentinizə də, Sizə də kömək olsun.

Hörmətlə: atan Qabil.   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir