Modern.az

“Bəli, azərbaycanlı Saedi dahi Markesin ustadıdır” – İddia

“Bəli, azərbaycanlı Saedi dahi Markesin ustadıdır” – İddia

14 May 2013, 11:25

AYB-in Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruzun Modern.az-a verdiyi müsahibədə güneyli yazıçı Qulamhüseyn Saedinin Markesin ustadı kimi qeyd olunması mübahisəli fikir kimi qarşılanıb. Bəzi ədəbiyyatşünaslar bu iddianı ümumiyyətlə yanlış və ya şişirdilmiş hesab edir.

Modern.az-a növbəti Sayman Aruz bu məsələyə aydınlıq gətirib: “Bu gün Azərbaycan Respublikasında Qulamhüseyn Saedini tanımırlar. İkincisi, cəmiyyətdə psixoloji baxımdan özünü kiçik bilmə kimi bir ənənə var. Elə bilirik ki, Azərbaycanda o qədər böyük yazıçı ola bilməz ki, hətta Markes də ondan bəhrələnsin. Mən müsahibəyə şərh bildirənlərin arasından bir yazı oxudum ki, interneti ələk-fələk etdim, amma bu haqda bir məlumat çıxmadı. Amma mən sizin gözünüzün qabağında bu barədə xeyli məlumat tapdım. Markeslə Qulamhüseyn Saedini müqayisə edirlər. Hətta yazırlar ki, Saedi cadu-realizmi (magiyalı realizm) janrında Markesdən daha qabaq yazıb. Həmin dövrdə onun “Belə yas tutanlar” romanı Markesin “Yüz ilin tənhalığı” romanından Nobel mükafatına daha layiqli əsər hesab edilib. Onun “Belə yas tutanlar” əsərini Elqar Allen Ponun bir yox, iki kitabı ilə oxşadırlar. Bunun özü onun nə dərəcədə böyük yazıçı olmasının sübutudur. Saedinin “İnək” adlı ssenarisi həm İranda, həm Azərbaycanda, hətta Hollivudda ekranlaşdırılıb. Bu onu göstərir ki, yazıçı dünya səviyyəsində sayılıb-seçilən şəxslərdəndir. Ustad o adama deməzlər ki, mütləq gedib onun sinfində oturub ondan nəsə öyrənəsən. Mənim özümün də qiyabi ustadlarım çoxdur. Onlar heç özləri bilmirlər ki, mən onun tələbəsiyəm. Kimdən ki, insan təsirlənir deməli həmin adam onun ustadıdır. Mənə elə gəlir ki Markes Saedidən sonra həmin janrda yazmağa başlayıbsa, deməli, Saedi avtomatik olaraq onun ustadı sayılır. İndi heç kim deyə bilməz ki, Viktor Hüqodan qabaq mən romantizmi yazmışam. Çünki o janr Hüqonun adı ilə tanınır. Biz də öz yazarlarımızı tanımalıyıq. Saedi dünyada roman və hekayə janrında böyük dəyişiklik etmiş bir yazıçıdır. Onu məşhur yazıçısı Asturiasla da müqayisə edirlər. Bunlar dünyanın ən tanınmış yazıçılarıdır. “Yüz ilin tənhalığı”nda da Markes Saedinin istifadə etdiyi formalardan yararlanmışdı. Mənə elə gəlir ki, buna ironiya ilə yanaşmaqdansa, öz Qulamhüseyn Saedini oxusaq daha yaxşı olar. Saedini oxuyaq və onu daha sonra Markeslə müqayisə edək. Məhəmmədəli Atəşso və Əzəm Təvəlla adlı iki müəllif Markesin əsəri ilə Saedinin əsərinin qarşılıqlı əlaqəsi barədə böyük bir kitab yazıblar. Kitabda Markesin “Yüz ilin tənhalığı” ilə Saedininin “Belə yas tutan”lar romanının müqayisəsi gedib. Mənim nəzərimdə o, Nobelə Markesdən daha layiqli bir yazıçıdır. Mən bunu konkret sübut və mənbə ilə göstərdim. Kim də istəyirsə mən əlavə mənbə də göstərə bilərəm. Tehranda “Karnamə” adlı jurnal çıxır. Həmin jurnalın Qulamhüseyn Saediyə həsr ölümünə həsr olunmuş xüsusi buraxılışında Markesə Qulamhüseyn Saedi barədə danışıb və onun öldüyünü deyiblər. O da bildirmişdi ki, mən onun yazılarından təsirlənmişəm, onu tanıyıram, çox böyük yazıçıdır. Mən o yazını öz gözlərimlə oxumuşam. Hazırda əlim Tehrana çatmır, amma nə vaxtsa jurnalın həmin buraxılışını əldə etsəm oxuculara təqdim edəcəyəm. Markes Saedini çox yaxşı tanıyırdı, onu çox yaxşı oxumuşdu. Bizim öz xalqımızın tanımadığı yazıçını Markes tanıyır və oxuyurdu”.  

Elmin Nuri
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir