Modern.az

Salam, Zəlimxan qağa

Salam, Zəlimxan qağa

15 May 2013, 16:34

Mikayılsız Zəlimxanım...

Hər dəfə mətbuatda adın çəkiləndə səninlə bağlı bütün məlumatları diqqətlə oxuyuram. Elə bilmə ki, qardaşdan da əziz saydığın Mikayıl Mirzənin yadigarı-Mətin, səni unudub. Əksinə, səni görmək üçün yaman darıxmışam. Amma, yanına gəlməyə könlüm həvəsli deyil. Çünki səni həmişə ümman kimi dolub-daşan,  çay kimi kükrəyən, gürz kimi zərb endirən, şimşək kimi çaxan, telli saz kimi ruhumuzu oxşayan görmüşəm. Başqa cürə görə bilmirəm və istəmirəm də.

İllah da ki, Mikayıl Mirzə ilə qoşalaşanda, baş-başa verib yeni şer üzərində işləyəndə ürəyim dağa dönürdü. Millətin, dövlətin Sizi kimi oğulları ilə fəxr edirdim və edirəm. Siz meydana, şer salonlarına girəndə, o salon, o meydan Sizin olurdu. Telli saz kimi döşdüyürdünüz, sehrbaz kimi ovsunlayırdınız ora gələnləri.

Hərdən atamın ifasında sənin şerlərinə videoda diqqət kəsilirəm. Həm qürurlanıram, həm də təəssüflənirəm. Az qalıram bir anlıq Mikayıl Mirzəyə dönərək hayqırım, nərə çəkim, günəşi göydən oğurlayım. Böyük şairimiz Məmməd Arazın balaca bir cocuğun simasında günəşi oğurlamaq arzusu, hayqırtısı kimi.

         Deyirəm, allahın altında əlim çata,
         Bir kəmənd atam.
         Kometdən, şimşəkdən
         İşıq yallı bir köhlən oğurlayam.
         Çapıb-çapıb, günəşi, göydən oğurlayam.

Qürurlanıram ona görə ki, Siz əsl ziyalı yükünü daşımısınız. Heç bir təltif, təmənna ummadan bu xalqa, dövlətə, Ümummilli lider Heydər Əliyevə, hörmətli Prezidentimiz İlham Əliyevə dəstək olmusunuz, əsl vətənpərvərlik, həqiqi vətəndaş ideyalarının tərənnümçüsü, həqiqi yurddaş olmusunuz. Bir əqidəniz, bir üzünüz olub-kişilik, mərdlik, sədaqət. Hansısa Şəngülümlər Sizin Heydərçi olmağınıza rişxəndlə yanaşıb, Siz onun qaraguruh fikirlərini elə yerindəcə şeirlə boğmusunuz.

Təəssüflənirəm ona görə ki, bu gün Mikayıl aramızda yoxdur. Aramızda olsa idi bu gün dövlətə, dövlətçiliyə xor baxan, kor baxan, cəmiyyəti qarışdırmaq, nifrət toxumu səpmək istəyən bir para siyasət uşaqlarını sənin cəsur şerinlə yerində oturdardı və deyərdi ki,

         İndi gecə-bə-gündüz dolaşıb ayağına,
         Təpə ağıl öyrədir siyasətin dağına.
         Siyasət Dədəsinə durub ağıl öyrədir
         Siyasət uşaqları,
         Budur insan haqları?

Yadındadırsa Mikayılın vəfatı xəbərini eşidəndə mənə telefon açdın və dedin:

- Mətin, Mikayılsız yetim qaldım.

Sən yetim qalmamısan, Zəlimxan. Səni ürəkdən sevən, sözünə, sənətinə vurğun və heyran olan Azərbaycan xalqı var, ilhamı, gücü ondan aldığın və vəsf elədiyin dağları, dərələri, çayları, ormanları var, dərdinə şərik çıxdığın, “torpağı qaytarmağa birləş ey qoca millət”- deyə xitab etdiyin Qarabağın var, yaralarına şeirlərinlə məlhəm qoyduğun Xocalı nisgili var, səndən bu dünyada uman-küsən var, sənətə, sənətkara daima qayğı və diqqət göstərən Heydər Əliyev ənənələrinin, sədaqətinin davamçısı İlham Əliyevimiz var. Hələ qarşıda onun uğrunda, Heydər Əliyev ideyaları uğrunda mübarizələr səni gözləyir.

Yadındadırmı, Mikayıl Mirzə sənin qüdrətli şerinə söykənərək Heydər Əliyevə xitabən deyirdi:

         Qalibiyyət qatarı, şığı sabaha sarı,
         Doğra kəsafətləri, dağıt qaranlıqları.
         Göstər bu qaranlığın ardındakı işığı,
         Qoy elə işıq olsun dünyanın yaraşığı.

Sən bu mübarizələrdə həm Mikayılın əvəzinə, həm də öz  yerinə nərə çəkməlisən. Yeni-yeni şeirlərinlə dövlətçiliyimizə töhfə verməli, cəmiyyətdəki çəkişmələri yatırtmaq üçün, Şəngülümləri yerində oturtmaq üçün, şair və yazıçı ordusunu Prezident ətrafında fəal mövqeyə qaytarmaq üçün Zəlimxan Yaqub şeriyyatıyla haray çəkməlisən.

Bilirəm,  canın ağrayır- deyə ruhunu yorub. Ona görə də bu yazıynan sənə, içimdə olan Mikayıl Mirzə ruhundan yenidən alışmaq üçün od-alov bəxş edirəm. Götür, halal xoşun olsun. Amma əvvəlkitək dəniz kimi qabar, çaylar kimi coş, sel olub bəndləri dağıt, alov olub bizi qars,  xəyanətin başında şimşək olub çax, tilsimləri sındır, tufanları yar. Şair qardaşın Xəlil Rzanın dililə desəm:

         Çəkinmə, bu döyüşdə aləm sənə pənahdır,
         Sənin gül təmizliyin saflığın da silahdır.
         Qəlbində saflıq adlı daşqın ilə silahlan,
         Yurda məhəbbətinlə, eşqin ilə silahlan.
         Vur-çatlasın içində elə bilmə ki təksən,
         Yer də, göy də sənindir,
         Sən, qalib gələcəksən.

Bir vaxtlar Mikayıl Mirzə üçün yazdığın monoloqları eyni ruhda bu dəfə Mətin Mirzə üçün-onun içində alovlanan Mikayıl Mirzə ruhu üçün yaz.

Tezliklə, hamı bir ağızdan, Azərbaycan oxusun, deyəcək.

Amin.

Mətin Mirzə

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub