Modern.az

Gözlədiyim zəng

Gözlədiyim zəng

17 May 2013, 14:53

Anar Yusifoğlu

Möcüzəyə inana-inana, bu xəbəri almayacağımı arzulaya-arzulaya saniyələri sayırdım. Bir gözüm telefonun ekranında, qulağım səsdəydi. Hər gələn zəngdən diksinirdim, doğma səslərin salamını eşidənə qədər ölüb-dirilirdim.

Hər dəfə telefonu açanda «salam»ı o qədər intizarla gözləyirdim ki! Çünki bilirdim, o zəng salamsız, kəlamsız olacaqdı, sadəcə iki söz deyiləcəkdi: «Təcili gəl!»

Söz yükünün çox ağır olduğunu həmişə hiss eləmişəm. Ancaq heç inanmazdım ki, cəmi iki sözün ağırlığını daşımağa aylarla hazırlıq kifayət eləmir.

***

Səksəkə içində yaşamaq olduqca çətindir. Amma insanın özünü tanımasına bir ömür yetmirmiş: bu həyəcan, demə, həyat tərzimə çevrilibmiş; bu səksəkə Anamın nəfəsinin, varlığının təsdiqi kimi əslində mənim təsəllim imiş…

***

Gözləyirmiş – adını ürəyinə yazdığı balalarının intizarındaymış…

Anam bizsiz hara getmişdi ki!

Ağır-ağır nəfəs aldığını görüb, bir il öncəni xatırladım. İndicə yaxınlaşacam, üz-gözümü zamanın naxışladığı ovcunda gizləyəcəm və gözünü açıb, «Gəldinmi» deyəcək, çöhrəsindən yağan nur bütün ruhumu saracaqdı…

Gözünü açmadı bu dəfə: amma nəfəsi aramlaşdı, üz cizgilərinin gərginliyi azaldı… Beləcə, «danışdıq».

Sözün bitdiyi yerdəydik… Yox, Yer deyildi, hara olduğunu, yəqin ki, heç vaxt bilməyəcəyəm. Bəlkə ona görə deyəcəklərimizi sözə çevirə bilmirdik?

Səssiz-sözsüz vidalaşırdıq… Günlərini, aylarını, illərini verdiyi balalarına ömrünü də bağışlayırdı…

***

Bütün günlərimi dostlar bəzədi: hər gələn özüylə bir udum hava, bir çimdik təsəlli gətirdi, acılarımı bölüşdü…

Amma gün ərzində bölüşdüyünü aparmaq insanın imkanı xaricindədir, axı! Hər şey günəşin dağın arxasına keçməsindən, əl-ayağın çəkilməsindən sonra başlayır: heç nə azalmır, əksinə, hər keçən gün öz ağrısını Ana Həsrətinin üstünə yükləyir…

***

Yenə səksəkə içindəyəm, yenə gözləyirəm - Anamın «Gəldinmi» sözünü,  «Səni gözləyirdim» sevincini!

Bu söz mütləq deyiləcək – hər keçən gün, hər keçən gecə məni bu sözə bir addım da yaxınlaşdırır…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir