Modern.az

Aşıq Əhlimanın ov hekayətləri: “Ceyrana güllə atmasam da, ceyran əti yemişəm” - MÜSAHİBƏ

Aşıq Əhlimanın ov hekayətləri: “Ceyrana güllə atmasam da, ceyran əti yemişəm” - MÜSAHİBƏ

20 May 2013, 11:12


Modern.az
 “Məşhurların ov sərgüzəştləri” silsiləsindən aşıq Əhlimanla söhbəti təqdim edir.

– Necə oldu ki, ova marağınız yarandı?

– Haradasa 12 yaşımda əlimə tüfəng götürmüşəm. Mənim ova olan həvəsim rəhmətlik Səməd Vurğunun şeirindən başlayıb:

Ovçuluğa meyil saldım, 
Gecə-gündüz çöldə qaldım, 
Dağ başından enib düzə, 
Bir ox kimi süzə-süzə, 
Neçə ceyran nişan aldım, 
Cavab gəldi güllələrdən: 
Şair, nə tez qocaldın sən? 

Eyni zamanda məktəbdə müəllim Səməd Vurğunun Ovçu Piri ilə görüşünü bizə necə danışmışdısa, o vaxtdan məndə ova qarşı xüsusi bir heyranlıq var idi. Hətta Səməd Vurğunun ovda bir uşaqla görüşməsi barədə olan xatirəsini bir dastana çevirmişəm. Bütün toylarda danışıram. Bunun hamısı ova olan maraqdan irəli gəlir. Mənim aləmimdə ov o deyil ki, elə qırım, kəsim, tutub, gətirim, yeyim. Ov birinci növbədə bir idmandır, sağlamlıqdır. Bəzi adamlar olur e, iki addım qaçır tənginəfəs olur. Mən 10 km qaçaram, amma yorulmaram. Bunun hamısı ovun mənə olan təsirdir. Eyni zamanda, anamın atası İsmayıl kişi də yaxşı ovçu olub. Düz 105 yaş yaşadı.

– Sizin üçün ovda ən maraqlı məqam hansıdır?

– Pusquda durmağın ayrı ləzzəti var. Quş ki, uçanda yerində pırıldayıb qalxır, oğul lazımdır ki, ona uçduğu yerdə güllə ata. Səməd Vurğun xatirələrindən birində nəql edir ki, ovçular ova çıxıblarmış. Bir də görürlər ki, birinin əlində iki kəklik gəlir. Deyirlər, tüfəng səsi eşitmədik axı, bunları haradan aldın? Deyir, elə gördüm yerdə dənlənirlər, atdım. Deyirlər, bu hesabdan deyil. Onu gərək uçurdub atasan. Yerdə dənlənən quşla ev toyuğu arasında fərq yoxdur. Bir misal var e: su içən adamı heç ilan da vurmur. Gərək ovu uçurdub atasan, onda ovçunun hünəri bilinir.

Ova başladığınız ilk günləri necə xatırlayırsınız?

– İlk günlər ova başlayanda anam mənə görə tüfəngi gizlədirdi. Mən də dərsdən gələndən sonra tüfəngi götürüb qaçırdım çölə. Bu da haradasa 6-7-ci siniflərdə oxuduğum vaxta təsadüf edir. Birinci su şüşəsini nişan alıb atmışam. Sonra yavaş-yavaş ova başlamışam. Əvvəllər səriştəm yox idi. Quş ayağımın altından uçanda qorxurdum. Püxtələşəndən sonra isə dovşan, qaban ovuna gedirdim. Görürdüm ki, artıq sərrast atmağı öyrənirəm. Hətta düzgün nişan aldığıma görə əsgərlikdə də qiymətləndiriblər.

– Yəqin bilməmiş deyilsiniz, ovçuluğun da öz qaydaları var. Heç elə olubmu ki, təzə ova başlayanda bu qaydaları bilməmisiniz və ya pozmusunuz?

– Uşaqlıq illərində uşağın hər addımı səhvdir. Düşüncəsi də, yerişi də, duruşu da səhvdir. Qarğıdan at düzəldib onu sürən uşaqda nə dərin düşüncə olar?! Ovda isə qayda-qanunları özüm qətiyyən pozmamışam. Çünki tüfəngi ayaqda saxlamamışam. Tüfəngi həmişə ayağa çəkəndə atmışam. O da adamdan diribaşlıq istəyir. Bəzi adamlar var ki, tüfəngi ayağa çəkir. Bircə tətiyi çəkmək lazımdır. Yadından çıxır tüfəng ayaqda qalır. Bir də görürsən yol gedəndə yadından çıxır, odunluğa, yovşanlığa girəndə nə isə dəyir ona qəfildən açılır. Hadisələrin çoxu belə olur. Mən də ona vərdiş etmişəm ki, tüfəngi ayaqda saxlamayım. Ovçuluq illərini çox təhlükəsiz keçirmişəm.

– Ova neçə nəfərlə getməyi xoşlayırsınız?

– Şəriətdə də deyilir ki, təkcə yola çıxmaq düzgün deyil. İstər ov, istərsə də səfər olsun. Mən həyatı başa düşəndən sonra təklikdə ova getməmişəm. Bütün rayonlarda ovçu dostlarım var. Məsələn, quş ovuna Neftçalaya gedirəm.

– Bəs sənət adamları ilə necə ?

– Sənət adamlarından xanəndə Babək Niftəliyevlə ova getmişəm. Aşıqlardan isə ov ilə maraqlananlar indi yoxdur. Aşıq Əhməd, aşıq Şakir yaxşı ovçular olublar.

Ovda sizi təsirləndirən məqamlar da yəqin ki olub...

– Əlbəttə. Bir dəfə dostlarla 1987-ci ildə ova getmişdik. Məni İsmayıllıda böyük bir çayın yaxınlığında pusquya qoymuşdular. Yuxarıdan isə ovçular heyvanları qovub həmin çaya doğru göndərirdilər ki, mən orada şikarımızı vurum. Çünki heyvanlar mütləq gəlib çayın içindən keçməli idi. Çayın da digər üzü sıldırım qaya idi. Nəinki heyvan, heç qarışqa da oranı qalxa bilməzdi. Bir də gördüm ki, nə isə donqultu kimi səs gəlir. Fikirləşirəm ki, ay Allah, görəsən, bu nədir belə? Ovçuların da hərəsi bir yerdə idilər. Gördüm bu səs nəsə mənə doğru yaxınlaşır. Baxdım ki, bir ana ayıdır və yanında da iki balaca balası var. Düz mənim tuşuma gəliblər və aramızda 25 metr qalıb. Atsam, onu vuracam. Mənim də təzə-təzə dağ ovlarına gedən vaxtlarımdır. Mənə tapşırıblar ki, ayı gəlsə atma, yaralayarsan, onun fəndini bilməzsən, səni parçalayar... Bu ayı çaya qabaq ayaqlarını qoydu, fırlandı balasının birini yıxdı daşı qoydu üstünə. O birisi balasını aldı ağzına sudan keçirtdi. Sonra yenidən bu birisi balasının üstünə daşı qoyub, daş altında qalan o biri balasını götürdü. Üçü də birlikdə yavaş-yavaş getdilər. Deməli, bunu bir neçə yerdə misal gətirmişəm ki, ayının düşüncəsi bəzi insanlardan çoxdur. Fikir verin, indiki oğlanlar var e, burada evlənir, arvadını qoyur bura iki-üç uşaqla, özü isə çıxıb Rusiyaya-filan gedir. Arvadı əl açıb ona-buna dilənir. Bu ayının düşüncəsi, o da insanın düşüncəsindən yaxşıdır. Allah rəhmət etsin şair Şücaətə.

Qəlbə toxunmasa yaşaya bilməz,
Zülmün çırağının yağıdır insan.
Könül ehtiyatlı dolan onunla,
Onunla zəhərdir, ağıdır insan.
Qurd girib qəlbinə dolana dəyməz,
On yüz yol çapıla talana dəyməz.
Əqrəbə toxunub ilana dəyməz,
Ancaq bir-birinə yağıdır insan.

Götürdüm tüfəngi ki, atım ayıya, amma əllim titrədi, ata bilmədim.

Ov günah deyil. Günah ondadır ki, ova mövsümündə çıxmazsan. Balalı quşa atarsan, boğaz heyvana atmaq günahdır. O qədər qarşıma çıxıb ki, atmamışam.


– Bu yeganə hadisədir?

– Yox. Heyvanların balalı vaxtını biləndən sonra ova çıxmamışam. Lap qabağıma çıxsa belə,  güllə atmıram. Çünki elə heyvanlar var ki, kökü kəsilir. Onların nəslini çoxaltmaq lazımdır...
Bir dəfə Salyan qoruğu tərəfdən gələndə, yolun qırağında ceyranları gördüm. Atalar deyir ki, ovçunun nəfsi həzrəti Əlinin qılıncından da itidir. Ceyranların qoruqdan çıxdığını gördüm, amma güllə atmadım.

– Heyvanın baxışı “ovçu, insaf eylə” deyirmi?

– Eh, o qədər olub ki! Cüyürdə, ceyranda bunu müşahidə etmişəm. And olsun Allaha, baxmışam, baxmışam, baxa-baxa qalmışam.

– Oda, suya düşdüyünüz vaxt olub?

– Ad olsun Allaha ki, buz partlayıb, sinəmə qədər düşmüşəm suya (gülür). Tonqalı qalayıb güc bəla ilə özümüzə gəlmişik.

– Əsas ovu vurmaqdır, yoxsa onun ətini yemək?

– Vurmaq...

– Hansı vəhşi heyvanı ovlamaq çətindir?

– Sıldırım dağlarda dağ keçiləri var, onları ovlamamışam. Amma eşitmişəm ki, keçi ovlamaq elə çətindir... Qar yağanda ağ rəngli kombenzon var geyirəm, tüfəngimin lüləsini də ağ rəngdə parçaya bükdürmüşəm. Üzümü də örtürəm, bircə gözlərim qalır. Quş gəlib durur böyrümdə. Məni hiss etmir...

Şikar adamı havadan asılı olaraq aldadır. Küləyin əsməyindən də çox şey asılıdır. Bəzən kağız yandırırıq ki, görək külək hansı səmtə əsir. Çünki külək onun əksinə tərəf olsa, şikar iyini alır.  

– Deməli, heyvanların xarakterinə də bələdsiniz?

– Bəli, baxır hansına. Məktəbi təzə qurtardığım vaxtlar canavara güllə atmışdım. Bir səs çıxartdı ki, qorxdum. Amma özümü itirmədim. Qorxulu heyvanlar çoxdur. Səriştəsiz ovçuya çölə çıxmağını məsləhət görmürəm. Yaralı heyvan çox təhlükəlidir, adamı parça-parça edər.

– Vəhşi heyvanların ən çox hansının ovundan ləzzət alırsınız?

– Düzü, ayıya güllə atmamışam, amma canavara həmişə atacağam. Çox murdar və xain heyvandır. Zaman Zamanov heyvanlar haqqında kitabında yazır ki, kim deyirsə canavar gücünü bilmir, yalan söhbətdir, bilir. O, heyvanın erkək və ya dişiliyini də hiss edir. Hətta dişidirsə, qarnında balası varsa, onu da hiss edir. Yaxınlaşır heyvana, görür ki, onu yıxa bilməyəcək, sakitcə çıxır gedir .

– Tülkü ilə necə rastlaşmısınızmı?

– O qədər rastlaşmışam ki. O qədər bic, o qədər kələkbaz heyvandır ki. Bir dəfə tülküyə atmışam, dedim yəqin öldü də. Durub o tərəfə getmişəm, görürəm durub qaçır. Çox fırıldaq heyvandır.

– Ekologiya işçiləri ilə probleminiz olubmu?

– Yox. Allah rəhmət etsin Səməd Vurğuna, şeirlərinin birində deyir ki, bizdə şeir də vardır, sənət də vardır, şairə, sənətə hörmət də vardır...

– Ceyrana güllə atmağa qıymırsınız, bəs ceyran əti yemisiniz?

– Axırıncı dəfə 5 il bundan qabaq yemişəm. Qonaqlıqda.

– Ovdan pay verməklə necədir aranız?

– Əvvəllər aparardım, indi isə elə də ov yoxdur axı... Hər şeyin dadı, bərəkəti qaçıb... Bir dəfə tarzən Həbib Bayramov, xanımı Tükəzban İsmayılovanı rayonda qonaq çağırmışdım. Yaxşı bir plov dəmlədik. Turaclı plov...

Qəlbə yatar şirin sözün gödəyi,
Çox danışmaq bulandırar ürəyi...



Şəhanə RƏHİMLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!