Modern.az

Məlihənin mübhəm şeirləri - cənublu yazarlar Modern.az-da - LAYİHƏ

Məlihənin mübhəm şeirləri - cənublu yazarlar Modern.az-da - LAYİHƏ

20 May 2013, 14:37


Modern.az
.elektron mediada ilk dəfə olaraq müasir Cənubi Azərbaycan ədəbiyyatının təqdimatına başlayıb. Azərbaycan Yazıçılar Birliyinin Cənub ədəbiyyatı şöbəsi ilə birgə, ortaq layihə çərçivəsində oxucular cənublu yazarların yeni nəsli ilə tanış olmaq imkanı qazanır. O tayla bu tay arasında qarşılıqlı ədəbi körpü yaradacaq bu layihədə ikinci qonağımız güneyli şairə Məlihə Əzizpurdur.

Məlihə xanım 1979-cu ildə Əhər şəhərində anadan olub. Təbrizdə boya-başa çatıb və psixologiya sahəsində magistr dərəcəsi (yüksək lisans) alıb. O, 17 yaşından şeir yazır, 13 kitab müəllifidir. Məlihə Əzizpur şairliklə yanaşı, Təbrizdə nəşr olan mətbuatın böyük əksəriyyətində yazılarla çıxış edib. “Əsri Azadi”, “Mehri Binab”, “Əhrar”, “Ulduz”, “Asan”, “Nəsimi Qaradağ”, “Afitabi Azərbaycan” və “Avayi Meşov” adlı həftəlik nəşrlərdə də yazılar dərc etdirib.

Xanım Əzizpurun “Mənə bir küçə bağışla” adlı son kitabı Azərbaycan Respublikası Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə Bakıda nəşr olunub. “Mənə bir küçə bağışla”dan əvvəl isə onun “Su pıçıltısı” şer məcmuəsi işıq üzü görüb. Bu iki kitabda onun İranda çapına icazə verilməyən şerləri toplanıb. Eyni zamanda xanım Əzizpurun “Yağmur”, “Dəmir sevgi”, “Yasaq duyğular”, “14 qələm bəzənmiş ay”, “Göy göz tanrı” şer məcmuələri və “Ağ gecə” hekayələri İranda nəşr olunub.   “Mənə bir küçə bağışla” adlı şeir kitabından bəzi nümunələri sizlərə təqdim edirik.

                         ***

Pəncərədən boylanırdı iki kölgə!
Şəhər, mehlənirdi lampaların közərtisində.
Hər kəs öz bucağına çəkilmişdi
Və köpəklər
Bir birlərinin südüklərini qoxlayırdı
Aysız gecədə!
Pəncərədən iki kölgə boylanırdı .   

               ***

Gecədir!
Duyğularıma səslənirəm əfyun sözcüklərlə.
Sən, sonsuzluğu davam edirsən
Ruhumun dolanbac yollarında . . .
Könlüm axır sənə,
Qutsanıram,
Tam içimə qapanıram,
Qap qaranlıq,
Yop yorğun,
Sam sakit
Bir gecə kimi . . .

                                   ***

Dolu gedir, boş qayıdır gəmilər.
Boş gedib, dolu dönür gəmilər.
Ürəyimi aparırlar - gətirirlər gəmilər.
Və, haradasa batmış
Bir balıqçının xəyalına dalmış
Qoca körfəz . . .

                        ***

Gözləri;
Nəhəngləri ölmüş dəniz.
Ürəyi; Yuvası odlanmış göyərçin . . .
Siqarası, damağında olardı həmişə.
Torpağa yoldaş,
Çörəyə qardaş!
Kimsə qonaq çağırmazdı onu
Əziz günlərdə.
Görüşünə kimsə gəlməzdi,
Bayramlarda.
Təvəkkül qoxuyardı səhər tezdənləri.
Şükürlə boyanardı gün batanları.
Əlləri tikanlı-qabarlı.
Saçları pıtlaşıq-torpaqlı . . .
Beli bir az bükülü
Və yorğun yerişi . . .

 * * *

İndicə çıxardılar qoca fəhləni
Çökmüş divarın altından . . .
Sən o yana, payız gəldi.
Qarqalar doluşdu küçəmizin yuxusuna.
Və, quruyub töküldü
Bütün sarmaşıq butaları . . .
Bilirəm;
Səhərlərim alma qoxumayacaq daha
Və, quşların xatirəsi
Dığladacaq məni . . .

           ***  

Bugün,
Bağçama əkirəm səni.
Böyüyüncə bəlkə də;
Atama çəlik olasan,
Anama tabut,
Balama beşik,
Özüm üçün dar ağacı . . .
Ancaq ki,
Səni bağçama əkirəm bugün;
Balaca ağac! . . .

               ***

Təbriz,
Buz bağlayıb yenə də. . .
Sərçələr - pişiklər
Və, xiyabanda qəzetə satan qoca kişi
Üşüyür . . .
Əllərim donub.
Ayaqlarım züyüldəyir,
Yıxılıram birdən.
Və sən,
Bu ortamda deyirsən;
Mənim qadınım olarsanmı?" .  . .

                    *** 

Gecədir!
Sükut həyəcanla axır
Sən,
Ay işığında dayanıbsan
Mən,
Gizli bucaqlarımdan boylanıram sənə.

                ***

Sənə xəstələnmək mütləq sərxoşluq
Nə yaxşı ağlım başımda deyil
Seviş mənimlə!
Nəfəsini udarkən, qərənfil qoxuyuram.
Gecədir...  ay işığı...
Gözlərin, günəşlə dəniz qarışığı
Mən, gic damla.
Baxışından qaçınmaq, pinti səfsətə
Seviş mənimlə!...
Gecədir!
Dəliliyim , faciə ortası!
(Səninlə rəqs etmək istəyirəm
Bakirə bulutların doğuş anında
Yağış altında . . .)
Qoynuna al məni sakitləşdir
Ölü köksündə, ürək kimi...
Seviş mənimlə . . .!

Hazırladı: Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir