Modern.az

Müasir dövrdə ibtidai icma quruluşunda yaşayan insan

Müasir dövrdə ibtidai icma quruluşunda yaşayan insan

26 Mart 2010, 12:51

Bir vaxtlar doğma vətənində arzuladığı kimi yaşayan 59 yaşlı Kamil İmaməliyev indi düşdüyü duruma nifrət edir. Kamil İmaməliyev Kəlbəcər rayonundan məcburi köçkündür. Biricinci qrup əlil, həm də şəhid ailəsidir. 10 ildir ki, Mingəçevir şəhərindəki 4 saylı bağçada yaşayır.

“Bayırda da çətir tuturuq, içəridə də” deyən həmsöhbətimizin sözlərinə görə, yağış yağanda yaşadığı yer gölməçəyə dönür.

“Bağçanın ikinci mərtəbəsində yaşayırıq. Binanın üstü təmir edilməyib. Bütün yağış suları içəri axır. Neçə illərdi ki, bu vəziyyətdəyik. Qaçıb gizlənməyə də  yer yoxdu. Yatanda da çarpayının  üstünə “klyonka” salıb yatırıq. Vedrə, ləyən hamısı evin ortasındadır. Yağış yağmayanda da tavanın suvağı başımıza tökülür. Hara müraciət etsək də, xeyri yoxdur. Baxıb gedirlər, bir şey də etmirlər”.

Məcburi köçkün bildirir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinə, “Dövlətqaçqınkom”a, Mingəçevir şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət edib, amma ona kömək olunmayıb:

“Demədiyimiz yer qalmayıb. Dəfələrlə ərizə yazmışıq. Baxan yoxdu. Bu nə bəladır bilmirəm. Bu yaxınlarda da Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhər müəllim gəlimişdi. Nə olsun “hi-hi” edib getdi. Palçığa, kif qoxusuna görə qaldığımız yerə gilə bilmədi. Görün, onda biz burda necə yaşayarıq”.

Kamil İmaməliyevin sözlərinə görə, bağçada yaşayan digər 4 ailənin qaldığı yerin damı təmir edilib:

 “Bircə mənim evim bu vəziyyətdədir. O gün bir “Kamaz” “tol örtök” gətirmişdilər. Bağça müdiri Məhəbbət müəllim qışqırıb dedi ki, “bunun sizə dəxli yoxdur. Ancaq bağça üçündür, özümüzünkini düzəldəcəyik, sizinkini yox”.  Belə də insafsızlıq olar. Qaçqınsan deyə ölməlisən. Bir ayağım narahatdı, işləyə də bilmirəm. Ancaq pensiya alıram. Pensiya ilə də güclə dolanırıq. Bu pulu təmirə versəm, onda necə yaşayacam?!”

Kamil İmaməliyev deyir  ki, ayağının kəsilməsinin səbkarı iş yeridir. “Elimizdən köçkün düşəndən sonra Mingəçevir şəhər Xəstəxanasında fəhlə kimi çalışırdım. İş zamanı balaca bir daş sıçrayıb ayağıma girdi. Bu da  ayağımın kəsilməsinə səbəb oldu. Belə vəziyyətdə də iş yerinə qayıda bilməzdim. Bülletenə çıxdım. Di gəl, sonra nə bülleten pulu ala bildim, nə də aylıq əmək haqqımı. Bir qəpiyin yiyəsi deyiləm. Mənim ərizəm olmadan öz başlarına işdən çıxardıblar. İşdən çıxana görmüşük ki, 3 - 5 ay özünə iş tapana kimi iş yerindən maaş verilməlidir. Eh, dərdini kimə deyəsən ki. Heç dinləyən də yoxdur”.

Onu da qeyd edək ki, bayram günləri olduğu üçün müsahibizin problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət edə bilmədik.

 

 

 

 

 

 

Təhminə Paşayeva Mingəçevir

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu