Azərbaycan Televiziya və RadioVerilişləri
QSC-nin Özbəkistan Respublikası və Mərkəzi Asiya Ölkələri üzrə
müxbir postunun rəhbəri
Ötən bir həftəni üzərimə düşən missiya və işimlə əlaqədar Tacikistanda keçirməli oldum. Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi bu ölkədə Heydər Əliyevin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçiridi. Bu tədbirlərin davamı olaraq, Tacikistanın Sədrəddin Ayni adına Dövlət Opera və Balet Teatrında böyük Uzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsəri səhnələşdirildi.
Üzeyir Hacıbəyovun adı və əsərləri dünyanın hansı ölkəsində göstərildisə, ölkəmizə vurğunluq gətirdi. Azərbaycanın və SSRİ-nin xalq artisti, xalqımızın sevimlisi Zeynəb xanım Xanlarovanın bir mahnısında oxuduğu bu bənd elə bil ki, fikirlərimin təsdiqidir: “Gəzir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada”.
İnanın ki, Azərbaycan vətəndaşı dünyanın harasına öz mahnısını, nəğməsini eşitsə, orada özünü bir anlığa, bir günlüyə də olsa xoşbəxt hiss edir.
Həmin gün Düşənbənin səhər havası gah tutulub, gah açılırdı. Jurnalist həmkarım Emin Musəvi də “Leyli və Məcnun” əsərini Düşənbə səhnəsində lentə almaq üçün gəlmişdi. Opera teatrının qapısını açıb içəri girəndə Azərbaycan tarının və kamnının yanqılı səsi, “Leyli və Məcnun”un Üzeyir Hacıbəyovun notlarında olan tanış melodiyaları bu qədim binanın divarlarına dəyib, ruhumuzdan keçirdi. Sözlə ifadə edə bilməyəcəyim bir hiss keçirirdim. Ya qərib ölkədə doğma musiqimizin təsiri idi ya da ki, bilmirəm... o hissin və yanqının adını hələ tapa bilməmişəm, qəlbimin içində əriş-arxac yollar açdı. Bəlkə də qəlbimdəki əriş - arxac yaraların közünü qopardı... nə idisə, yandırırdı...
Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev bir az həyəcanlı, bir az əsəbi şəkildə səhnədəki tacik aktyorlarına mizan qururdu, onlara nəyi isə başa salırdı. Bizim aktyor müğənnilər - xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovadan fərqli olaraq, səhnədə son məşqlərini edən tacik Opera və Balet Teatrının artistləri, tamaşanın başlamasına 5 saat qalmasına baxmayarq, artıq səhnə paltarlarını geyinmişdilər. Elə bil ki, belə bir möhtəşəm səhnəni paylaşmaq üçün tələsirdilər.
Düz bir həftə əvvəl rejissor Hafiz Quliyev və Azərbaycanın digər xalq artisti, musiqi dünyasında ən müasir sehirli insan saydığım , sənətinə, əslinə və nəslinə böyük hörmət bəslədiyim, Azərbaycanın görkəmli dirijoru Yalçın Adıgözəlov ölkəmizin bu ölkədəki hörmətli səfiri Abbasəli Həsənovun təşəbbüsü ilə Düşənbəyə gələrək, burada tacik orkestr musiqiçilərinə və xor ifaçılarına Azərbaycan dilində “Leyli və Məcnun” əsərindən böyük parçalarıni ifa etməyi və oxumağı öyrətmişdilər. İndi biz Eminlə Opera Teatrının tamaşa zalında bu məşq prosesinə heyranlıqla baxırdıq. Qısa zaman kəsiyində böyük bir iş görülmüşdü.
... Axşam saat 5-də tamaşa başladı. Bizim tamaşaçılar indi az-az teatr salonlarına gedirlər. Mərkəzi Asiya Respublikalarında isə hər yeni tamaşa, hər yeni teatr sezonu insanlar üçün bayram olur. Teatra böyük bir tamaşaçı axını var idi. Gələn qonaqlar arasında Tacikistanın birinci sabiq prezidenti Kaxxar Maxkamov, nazirliklərin mötəbər şəxsləri, parlament deputatları çoxluq təşkil edirdi. Bu həm də dost ölkədə Azərbaycana və musiqimizə veriləm qiymət idi. Tacikistan Respublikasının mədəniyyət naziri Mirzo Şaxrux Asrori böyük Üzeyir Hacıbəyovun əsərinə milli səhnələrində baxmaqdan böyük zövq aldığını, Azərbaycanın əsrarəngiz muğam məktəbinin Tacikistanla bağlılığından, respublikamızda keçirilən “Muğam” festivallarında ölkəsinin musiqiçilərinin ifalarından və onlara verilən yüksək qiymətdən danışdı.
... Taciklərin milli bəzəkləri ilə bəzənmiş səhnənin qırmızı pərədəsi Üzeyir Hacıbəyovun musiqisi ilə açılırdı. Səhnəni tarın, kamanın və tacik orkestrinin ifasında Üzeyir bəyin musiqisi açdı... Bir azdan, taciklərdən ibarət xor ansamblı “Şəbi Hicranı” oxudu. Tamaşa başlamazdan əvvəl Mənsum İbrahimovun dediyi sözü bir daha xatırladım: “Çox qürur duyuram, “Şəbi Hicran”ı taciklər bizim dildə oxuyurlar. Ürəyim köksümə sığmır”.
İnanın ki, salonda səssiz-əmirsiz tamaşanı izləyən çoxsaylı azərbaycanlılarımızın hər biri bu hissi keçirirdilər. Onlar burda uzun illərin qəribanlarıdırlar. Ana musiqini dinləmək qərib eldə lap şirin olur. Çoxlarının isə “Leyli Məcnunla” bağlı, Vətəndə qoyub gəldikləri illərin xatirəsi yaşayır qəlblərində. Həm Üzeyir bəydən dünyaya yadigar qalan bu möhtəşəm əsəri dinləyir, həm də, qəriban Vətəni xatırlayıb, kövrəlmişdilər. Əksəriyyətinin yanaqlarından yaş süzülürdü...
Məcnun yenə Leyli sorağında “Get... sən Leyli deyilsən ey pərizad...”,-deyə haray çəkirdi. Üzündə həmişə bir peyğəmbər nuru, simasından gülüş əksik olmayan, Allahın əziz balası Mənsum İbrahimov bu qədər qəmi- kədəri səsinə haradan yaığmışdı, ey böyük yaradan?! O səsə kim biganə qala bilərdi?! Həsrətli Leyli isə ... Ay Nəzakət xanım Teymurova, sənin səsindəki qəm, haray, nalə, Rübabə Muradovanı xatırlatdı mənə. O, da həsrətli idi, sənin kimi, o Təbrizə həsrət idi... fərqiniz nədir ki, səndə əldən gedən Qarabağımızın qızısan. Sən də bir Qarabağ həsrətlisisən. Və bu zaman fikirləşdim ki, Üzeyir Hacıbəyov, bəlkə bilirdin ki, başımıza gələn bəlalar hər əsrdə var, yazdın ki, bu musiqilərlə uyumayan dərdlərimizi ağlayaq?!
Azərbaycandan gələn bütün musiqiçilərimiz elə bil havalı idi... Elçin Həşimov tarın, Elnur Əhmədov isə kamanın səsini zəbanə çəkmidilər. Qarabağlı balası Yalçın Adıgözəlov isə özü bilirdi harada olmağını... Sehrli çubuğu ilə taciklərin orkestrini özünə ram etmişdi. İnanın bir olan Allahımıza ki, heç bir ladda, heç bir alətdə səhv vurğu, səhv çalğı getmirdi. Bu idi Yalçın Adıgözəlov sənətin möhtəşəmliyi...
1 saat 20 dəqiqəlik “Leyli və Məcnun” musiqili kompozisiyası bitdi... Alqışlar isə bitmək bilmirdi... Bu həm də iki xalqın bir-birinə ruhən bağlı olan musiqisinin, ədəbiyyatının təntənəsi idi. O gün Tacikistan-Azərbaycan mədəni tarixinə sözün əsil mənasında 19 may 2013-cü il kimi yazıldı.
Yuxarıda qeyd etmişdim ki, ötən bir həftədə Tacikistanda Azərbaycan səfirliyi çox mühüm işlər gördü. Onlardan biri, Xucənd şəhərində Azərbaycandan gələn digər muğam qrupunun verdiyi möhtəşəm konsert, digəri, isə Tacikistanın Milli Konservatoriyası ilə Azərbaycan Milli Konservatoriyası arasında imzalanan tələbə, müəllim və musiqi layihələri mübadiləsi oldu. İmzalanma mərasimindən sonra Mənsum İbrahimov, Nəzakət Teymurova, Elnur Əhmədov və Elçin Həşimov konservatoriya tələbələri üçün ustad dərsləri keçdilər. Həmin ustad dərsində baş verənləri isə Mənsum İbrahimovun öz dili ilə yazmaq istəyirəm.
“... Və sonda təklif olundu ki, birgə bir musiqi ifa olunsun. Taciklərin saz aşığı ilə Elçin, Nəzakət xanım və taciklərin Azərbaycandakı muğam festivalında iştirak edən gənc muğamat ustası Gülçöhrə Kurbanova birlikdə “Qarabağ şikəstəsi” ifa etdik. Çox möhtəşəm bir səhnə alındı. Bilirsiz bu əslində siyasi bir haray idi... Bilirsiz də ... Başı bəlalı Qarabağ ... işğaldadır da... (Qarbağlı balası Qarabağın adını hər çəkəndə bütün vücudu və səsi titrəyirdi) . Mən öz qrupumun adını da “Qarabağ” qoymuşam, ona görə ki, xaricə səfərlərimdə belə səslənsin. Hara gediriksə, proqramımızın sonunda “Qarabağ şikəstəsi” oxuyuruq. Bu bir musiqiçi siyasətidir. Bu mənim Qarabağım, bu da mənim musiqim... Bizim musiqiçi kimi əlimzdən bundan başqa nə gəlir ki...”
Əlindən gələni Azərbaycan diplomatı Abbasəli Həsənov etmişdi. Əslində, musiqimizi xarici ölkələrdə təbliğ etmək, diplomatiyamızın müsəlləh əsgəri Abbasəli müəllimin iş metodundan biridir. Bir təcrübəli diplomat kimi o bilir ki, böyük mədəniyyət ilə böyük dostluqların təməli qoyulur. O, hansı ölkədə işləyibsə, Vətənimizi layiqincə təmsil edib, ölkəsindən qonaq gələn hər bir vətəndaşı Diplomat ləyaqəti ilə qarşılayıb, yola salmağı bacarıb. Oturduğu ölkədə Vətənimiz üçün dostlar qazandırıb. İndi də bu ənənəni Tacikistanda davam etdirir. Bu ölkədə isə bizim haqq işimizin dünyaya çatdırılması üçün çox görüləcək işlər var. O yolun yolçusu Azərbaycandan dünyaya uzanan yolların haradan və hansı simdən keçdiyini yaxşı bilir.