Modern.az

Düşmənlərimin düşmənləri

Düşmənlərimin düşmənləri

22 May 2013, 15:04

Nəvələrimə, bütün nəvələrə

 

Nəvə. Bu söz dilə gələndə ilk olaraq “Övladda nəvə, dövlətdə dəvə” məsəli yada düşür. Amma bu sözü dərk etmək hər adama qismət olmur. Bircə bunu deyirlər: “Baba və nənə böyük addır. Onların həyatda daddığı ən şirin nemətsə nəvə”.

“Övladda nəvə, dövlətdə dəvə”. Əslində isə bu atalar sözünün çox çaları var. Amma heç kim bunun dərinliklərinə varmır. Baba, nənə hey deyir: “Deyirdilər ki, nəvə şirin şeydir. Başa düşmürdük. Doğurdan da nəvə nə yaman şirin şeymiş. Allah Sizə də qismət eləsin”. Hamı da bir ağızdan deyir: “Amin”. Əvvəllər mən də, həyat yoldaşım da “Amin” deyirdik, indi isə bizə “Amin” deyirlər.

Çox qəribədir ki, nəvə də nənəni, babanı çox istəyir. Amma ağlı kəsənəcən. Ağlı kəsəndə baxır, əgər baba və nənənin pulu çoxdursa, yaxın gedir. Mirasına göz dikir. Bəzən susayır da. Nəyə? Baba, nənə qanına.  Nənəsini, babasını Qocalar evinə atanlar da olur.  Mənzilinin mirasa çevrilməsini gözləmir də. Bu sonra olur. Bu hallar az da olsa, təəssüf  ki, var.

Amma bütün bunlara baxmayaraq, baba, nənə nəvəsini axıracan istəyir. Övladlarından da çox. Niyə?

Günlərin bir günü  padşahın oğlu olur. Vəzir də qaça-qaça bu şad xəbəri ona çatdırır. Muştuluq istəyir. Padşah neyləsə yaxşıdır? Cəllada əmr eləyir ki, vəzirə 100 zopa vursunlar. 10 gün vəzir bu zopalardan özünə gələ bilmir. Muştuluğunun qızıl, ənam yerinə 100 zopa olmasının səbəbini də soruşa bilmir. Əlbəttə ki, qorxusundan.

Üstündən illər keçir. Padşahın bu oğlundan bir nəvəsi olur. Xəbəri çatdırmaq missiyası yenə də bu vəzirin  üzərinə düşür. Qorxa-qorxa, ehtiyatla padşaha yaxınlaşır. Ehtiyatla “Padşah sağ olsun, nəvən olub” deyir. Muştuluq zad da istəmir. Qorxusundan. Padşah bu xəbəri eşitcək tökür qızılı vəzirin başından.
“Məni istəyənlər vəzirə ənam versin” qışqırır. Yaşına, adına uyğun olmayan tərzdə uşaq kimi atılıb, düşür. Vəzir də məəttəl qalır. Bu dəfə ürəklənib soruşur: “Padşah sağ olsun, oğlun olanda muştuluq istədim, 100 zopa qazandım. İndi nəvən olub. Heç nə istəmədim. Dünyanın qızılını tökdün başımdan. Niyə?”. Padşah cavab verir: “Onda düşmənim olmuşdu, indi isə düşmənimin düşməni dünyaya gəlib”.

Hörmətli nəvələr,  bu sözlərin hərfi mənasına varmayın. Müdrikliyinə varın. Sizin atanız, ananız dünyaya gələndə babanız, nənəniz də cavan idi. Sosial problemlər də çox idi. Bilmirdilər ki, uşaqların qeydinə qalsınlar, yoxsa oxusunlar, pul qazansınlar. Gecələr yuxusuz qalırdılar, kirayələrdə sürünürdülər. Dişlərində böyüdürdülər balalarını. “Pampers” yox idi. Uşaqlarının batırdıqları əskiləri qaynadıb, qurudub, ütüləyirdilər. İndiki kimi hazır kaşalar yox idi. Səhər tezdən növbəyə dayanıb, süd alıb, qaynadıb, “mannı kaşa” bişirirdilər. Süd çürüyəndə dilxor olurdular. Nə “Park bulvar” var idi, nə də “Meqafan”. Balaca övladları dondurma, yenicə satışa çıxan, 1 kiloqram ətin qiymətinə “Snikers” istəyəndə “Kıxx”, zəhərlidir,  boğazınız ağrıyar deyirdilər. Babalarınız, Nənələriniz  beləcə atanızı, ananızı, dayı, əmi, bibi, xalalarınızı böyüdürdülər. İstədiklərini onlara verə bilmirdilər. Onları böyütdükcə çəkdikləri bu zəhmətin əvəzin də görmürdülər. Övladlar qədirbilən olmurlar. Hələ utanmaz-utanmaz üzlərinə də dururlar ki, “Sizdən xahiş eləyən var idi ki, bizi dünyaya gətirəsiniz? Gətirmisinizsə, deməli borcunuzdur - nə desək almalısınız”. Ta öz övladları  - siz nəvələr - dünyaya gələnəcən.  

Hamımız belə olmuşuq. Lap çox istədiyiniz babanız, nənəniz də... Siz də belə olacaqsınız.

Nəvələr, siz dünyaya gələni hər şey düzəlir. Tərəzinin mizanı tarazlanır.  Atanız, ananız nəhayət  başa düşürlər ki, babanız, nənəniz nə çəkib. Başınızın üstündə laylay deyəndə. Siz soyuqlayıb qızdırmadan səhərəcən yatmayanda. Apteklərin qapısından əskik olmayanda. Həkimlərə yalvaranda. Siz “Obba” deyib  zəhlə tökəndə. Şkafları açıb içindəkiləri çölə vızıldadanda, divar kağızlarının üstündə şəkillər çəkəndə, əlinizə keçəni balkondan aşağı atanda, ayaqqabıları ağzınıza soxub yalayanda,  sinifdəki uşaqlarla vuruşanda, bir valideyn kimi müəllimin qarşısında durub qızaranda,  “ata, ana filankəsdə filan paltar var, mənimçün də alın” deyə ayağınızı bir başmağa dirəyəndə. Və sair, və ilaxır.

Siz bu  dünyaya gəlişinizlə valideynlərinizə qədirbilənlik dərsi keçirsiniz. Babanız, nənəniz  isə arzularına, istəklərinə çatırlar.  Atanıza, ananıza uşaqlıqda  verə bilmədiklərini,  sizə verirlər. Ürəklərində qubar olan köhnə xatirələrini sağaldırlar: Dondurma da alırlar, şokolad da. Obbaya da aparırlar, xaricə də. Rəqs, üzgüçülük, rəsm dərnəkləri də öz yerində. Hələ Sizə öz doğma övladlarını, onların atasını, anasını söydürüb  həzz də alırlar. Ad günlərinizi bahalı restoranlarda keçirirlər. Çoxlu-çoxlu şəkillər çəkdirirlər -  Sizin həmişəlik yaddaşınıza həkk olunmaq üçün. Amma bilirlər ki, dəxli yoxdur.  Baba, nənə ölür.  Nəvə babanın qəbri üstünə gəlmir. Qəbir də beləcə “yerlə yeksan” olur. Nə olsun ki, daşdan,  qranitdəndir

Hamının yanında bərkdən-bərkdən “bu balam tez böyüsün, məktəbi qurtarsın, instituta girsin, toyun görək” deyirlər. Amma beşiyinizin başında Qabilanə gizli laylalar da oxuyurlar.

Yox, yox, böyüməyə

Tələsmə, quzum!

Yellən yüyürükdə,

Yat, əsnə, quzum!

Bir beşik,

Bir məzar,

Bir əvvəl,

Bir axır.

İki nöqtə var.

Elə əvvəldə qal,

Axıra qaçma;

Ay təpiş-tüpüşüm,

Üstünü açma...

Dənizlər mavidir,

Meşələr yaşıl,

Yat  mışıl-mışıl.

Ərə gedəcəksən;

Qız alacaqsan,

Alçalacaqsan,

Ucalacaqsan,

Atılacaqsan,

Satılacaqsan,

Qocalar evinə

Qatılacaqsan.

Eşqin atəşində

Sönməyəcəksən.

Əskər gedəcəksən –

Qayıdacaqsan,

Əskər gedəcəksən,

Dönməyəcəksən...

Nacins olacaqsan,

Ya da ki salim;

Nadan olacaqsan,

Ya da ki alim.
Ya saymayacaqsan

Zinəti-zəri,

Ya da eşəcəksən

Zibillikləri...

Mənim süd qoxulu

Körpəm, a laylay,

Mənim gül yuxulu

Körpəm, ay laylay!

Hörmətlə: babanız Mahir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir