Modern.az

Fikrət Qoca və Ədalət Əsgəroğlu! Qabil öldü, Siz ki sağsınız!

Fikrət Qoca və Ədalət Əsgəroğlu! Qabil öldü, Siz ki sağsınız!

23 May 2013, 19:27

13 fevral 2007-ci il.  Atam -  şair Qabili Prezident Aparatına apardım. Təqdimetmə mərasimi idi. Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni alan atamı dəvət etmişdilər. Mərasimdə Mövlud Süleymanlı, Fərhad Xəlilov, Zakir Qaralov, rəssamlar və digər tanınmışlar da var idi. İki saatdan sonra atam zəng etdi ki, gəl dalımca. Ömrünün son ayları idi. Əsayla gəzirdi. Ölümünə düz 50 gün qalırdı. “Xalq yazıçısı” fəxri adı alan Mövlud Süleymanlı da yanında idi.  Maşına oturub evə gəldik. Yolüstü cərəyan edən hadisələri danışdı. Təqdimetmə mərasiminin lent yazısının nüsxəsini gətirmək üçün məni azad buraxdı. Az.TV-də işləyirdim. İşə çatanda dost-tanış artıq məni təbrik edirdi. “Hansı vəzifəyə gedirsən?”, “Yəqin icra başçısı olarsan”, “Arifin  - Alışanovun müavini də olsan  pis deyil”.  Videotekaya qalxdım. Lentin nüsxəsin çıxara-çıxara hər şey aydın oldu. Demə təqdimetmə mərasimində atam prezidentə “bir də görüşməyəcəyik. Son görüşümüzdür. Səndən 3 xahişim var” deyə müraciət edib. Bunlardan birincisi mənim daha yaxşı işlə təmin olunmağımla bağlıdır. Bunun toxunacağım mövzuya dəxli olmadığı üçün üstündən keçirəm. Məqsədim bu deyil.

2-ci xahiş: “Abbas Abdulla, Kələntər Kələntərli, Yusif Həsənbəy, Firuzə Məmmədli, Bahar Bərdəli, Sona Xəyala prezident təqaüdünün verilməsi”.

3-cü xahiş: “Şüvəlanda yerləşən Yaradıcılıq Evində məskunlaşan qaçqınların evlərlə təmin olunması və oranın təmir edilərək yazıçıların ixtiyarına verilməsi”.

Prezidentimiz İlham Əliyev Xalq şairinin son 2 xahişinə daha çevik və qlobal reaksiya verdi.  12 mart 2007-ci il tarixli üç ayrı-ayrı sərəncamıyla (“Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları) nəinki yazıçılarımız, həm də rəssam və bəstəkarlarımız üçün də “Xüsusi Təqaüd Fondu” yaratdı. İndi də gənc və  yaşlı yazıçı, rəssam və bəstəkarlarımız bundan yararlanırlar. 

Prezidentimiz İlham Əliyev Xalq şairi Qabilin 3-cü xahişinə də xüsusi həssaslıqla yanaşdı. 12 mart 2007-ci il tarixli həmin sərəncamlarıyla Abşeron  yarımadasında həm yazıçılar, həm də bəstəkar və rəssamlarımız üçün ayrı-ayrı Yaradıcılıq evlərinin tikilməsinə qərar verdi. Sərəncamlarla daha yaxından tanış olmaq istəyənlər Prezident.az saytına müraciət edə bilərlər.

Çox hörmətli, Fikrət əmi və Ədalət qardaşım! Qabil bunları prezidentdən xahiş etdi. Mənimlə bağlı xahişinə reaksiya verilmədi. Amma prezident atamın 2  xahişinə 100 qat artıqlamasıyla cavab verdi. 3 prezident sərəncamı imzaladı. 12 mart 2007-də. Atamdan da müsahibə götürdüm.  “Xəbərlər” proqramında prezidentimizə minnətdarlığını bildirdi.  (Ədalət müəllim, 16 avqust 2007 sərəncamı haqda məlumatım yoxdur? Bilmirəm. Varsa, çap edin tanış olaq. Axtardım tapmadım.)

Atamın dəfn mərasimində söhbət əsnasında  mən də prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirdim. Özü də təsdiq etdi ki, “Qabil müəllim dedi. Mən də xəbər tutdum bu problemlərdən. Bundan sonra da nə desələr həll etməyə hazıram”.

Üstündən 6 il keçib. İndi ayılmısınız? Qabil yoxdur. Axı Siz varsınız. Modern.az-a yox, prezidentə müraciət edin, hörmətli Yazıçılar Birliyinin rəhbərliyi. Çətini sərəncamın verilməsidir. Bunun icrasına nəzarət etmək belə çətin işdir? Ədəbiyyat fondunuz görəsən nə işlə məşğuldur?

Fikrət müəllim, arvaddan qorxan, qovulmuş, atılmış  yazıçılarımız üçün “Umbaki Sığınacağı”nın  tikilməsinin isə bu sərəncama heç bir dəxli yoxdur.  Amma uzaqgörən adamsınız. 36 yazıçı ailəsini 9 mənzillə təmin edəndən sonra bu məsələnin qaldırılmasına doğurdan da ehtiyac duyulacaq. 



Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir