Modern.az

“Nə təhər olur, xaricdə “quş baraxan” cavan müğənniyə ev verilir, amma yazıçılar kənarda qalıb?”

“Nə təhər olur, xaricdə “quş baraxan” cavan müğənniyə ev verilir, amma yazıçılar kənarda qalıb?”

24 May 2013, 10:30

Azərbaycan Respublikası Prezidentinin yaradıcı təşkilatlara yaradıcılıq evlərinin tikilməsi ilə bağlı müvafiq sərəncamı var. Yazıçılar üçün də belə yer Qalaaltı adlanan ərazidə müəyyən edilib. “Bu, Şabranla Xızı rayonları arasında olan bir ərazidir. Bizə orda yer  ayrılıb. Amma hansı işlərin görülməsindən məlumatımız yoxdur”. Bunu Modern.az-a AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Birliyin katibi, xalq şairi Fikrət Qoca da onun sözlərini təsdiqləyib: “Dəvəçidə çox gözəl bir sahədə yer ayrılıb. Söz verilib ki, bu yaxınlarda işlər başlanacaq. Artıq layihə çəkilib. Qismət olsa, yazıçılar da dincələcək orda. Çoxları müəyyən səbəblərdən narahat adamlardır. Bəziləri heç ailəsi ilə də yola getmir. Evdən qovurlar ki, yaxşı qazana bilmirsən. Onda bunların gedib sığınmağa bir yerləri olmalıdır. Yazıçılıq tənhalıqdır. Onun həmişə sığınmağa bir yeri olmalıdır”.

AYB üzvü olan digər xalıq şairi Sabir Rüstəmxanlı:Ukrayna, Rusiya, Polşa,  Özbəkistan Gürcüstan eləcə də digər Avropa ölkələrində buna bənzər yerlər var. Bizdə əvvəllər Şuşada belə bir ev olub. Sovet vaxtında isə Şüvəlanda tikilmişdi. Amma o yaradıcılıq meyarlarına tam cavab vermirdi. Yaradıcılıq yerləri ekzotik yerlərdə, təbiət qoynunda yaxud dəniz kənarında olmalıdır. Amma buna baxmayaraq biz ona öyrənmişdik. Çox sevirdik oranı. Təzə seçilən yer də meşə ərazisindədir. Təbiətin qoynunda gözəl havası olan bir ərazidir. Güman edirəm ki , bu bizim yazıçılara çox böyük zövq verəcək”.

Şair Vahid Əziz: “70-ci illərin sonunda Şüvəlanda Azərbaycan yazıçıları üçün yaradıcılıq evi tikilmişdi. Rəhmətlik Heydər Əliyev şəxsən özü onun açılışında oldu. Mən də orda iştirak edirdim. Dənizdən 200-300 metr aralıda idi, yazıçılar da ora gedib dincəlirdilər. Şüvəlandan dənizə gedəndə yolun sonunda idi. Sonradan 90-cı ilin məlum hadisəsində rus əsgərləri o binanı yaman günə qoydular. Daha sonra da qaçqınları gətirib tökdülər o binaya. Elə o vaxtdan da ora qaçqınların oldu. Mən 1991-97 –ci illərdə Yazıçılar Birliyinin katibi olanda 2 dəfə ora baş çəkdim. Məsələ qaldırdım. Dedim ki, “Dövlətqaçqınkom” ya AYB-yə 5-6 milyon pul ayırsın ki, onlar da özləri üçün ayrı yerdə bina tiksinlər, ya da ki, qaçqınları ordan çıxarıb binanı təmir etdirib yazıçıların özlərinə qaytarsınlar. Həmişə olduğu kimi öz sözümü özüm eşitdiyimdən, ziyalı sözü it yerinə qoyulmadığından, ziyalı sözü sağ qulaqdan alınıb sol qulaqdan çıxdığına görə sözümə baxan olmadı. Elə o vaxtdan da belə qalıb. Amma bu mütləq lazımdı. Yazıçı da insandır. O da dəniz görməlidir, gözəl təbiət görməlidir. Nə təhər olur ki, “xoruz buraxa-buraxa” xaricdə bir mahnı oxuyan cavan qıza ev verilir, amma yazıçılar bundan kənarda qalıb? Bu ölkədə yazıçıya yer yoxdur? “Xalq yazıçısı” adının verildiyi yazıçı da erməniləri təriflədi. Ona təqaüd kəsildi, ev verildi, “Şöhrət” ordeni verildi. Deməli Əkrəm Əylislilər lazımdır, Vahid Əziz yox. 65 yaşım tamam olanda Anara dedim ki, prezidentə müraciət et ki, mənə təqaüd kəssin, fəxri ad istəmirəm. Yaşamaq üçün ehtiyacım  var. Dedi yaza bilmərəm. Soruşdum nə üçün ? Qayıtdı ki, yuxarıdan mənə tapşırıblar ki, sənin adına heç nə yazmayaq. Qarabağ müharibəsi veteranı mənəm. Xankəndidə erməni gülləsinin qarşısına çıxan mənəm”.  

Şair Vaqif Bayatlı Odər: “Təkcə yazıçılar yox, bütün yaradıcı insanlar üçün bu cür yaradıcılıq evlərinin tikilməsi yaxşı olardı. Həmin insanların adi atmosferdən yaradıcı atmosferə düşmələri çox yaxşı haldır. Həm də, yazıçıların bir-birlərini tanıması üçün münasib bir yerdir. Əvvəl Şüvəlanda 5 mərtəbəli bina var idi. Yazıçılar üçün çox sərfəlidir. Mən nəinki ora getmişəm hətta orda yaşamışam da. Aybaay pulumu verib orda qalırdım. Qalmağa başqa yer yox idi”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi