Modern.az

Nəğməkar şairlər: “Bostan-xiyar” mövzusunda mahnı olar?!”

Nəğməkar şairlər: “Bostan-xiyar” mövzusunda mahnı olar?!”

24 May 2013, 15:46

Musiqidə melodiya ilə yanaşı, əsas məqamlardan biri də sözdür. Bəzən musiqinin özü o sözün ritmini, ruhunu təkrarlayaraq mahnı səviyyəsinə çatır. Sözün mahiyyətində də musiqi gizlənir. Təbiətin , həyatın bətnindəki musiqini tapıb onu notlara köçürən bəstəkar sözün daxilində olan melodiyadan harmoniyadan da faydalandığı zaman şedevr bir əsəri ərsəyə gətirir. Müasir musiqimizdə necə söz anlamına diqqət yetirilirmi ? Yoxsa necə gəldi, ritmə uyğun sözlər uydurub şüurları özündən asılı etmək üsulları hakim mövqedədir?

Modern.az bu mövzu ilə əlaqədar vaxtı ikən sözlərinə gözəl musiqilər bəstələnmiş şairlərin fikirlərini öyrənib.  

Vahid Əziz (şair):
“Mənim şeirlərimə indi də yaxşı mahnılar bəstələyirlər. Çünki mən özüm pis şeir yazmıram. Bir adam bir işlə məşğul olmalıdır. Eyni adam 3 işlə birdən necə məşğul ola bilər!? Mən həmişə demişəm, indi də deyirəm, bu gün Azərbaycan televiziyalarında bədii şuralar yaradılmalıdır. Bədii Şura musiqiyə və mahnıların mətninə xüsusi nəzarət etməlidir. Nə qədər ki, bu olmasa vəziyyət gərgin olaraq qalacaq. Kimlərinsə məqsədi Azərbaycan musiqisinə ağır zərbə vurmaqdı. O gün bir cavan müğənni oxuyur ki, “ay mənim dovşanım, bağımda gəl gəz, səni də dovşan yesin“. Nə qədər mənasız sözlərdir!. Senzura olmayan yerdə senzurasızlıq baş alıb gedir”.

Fikrət Qoca (xalq şairi): “Əsas məsələ odur ki, bu cür mahnılar və o mahnıların sözləri dinləyicilərin zövqünü korlayır. Bunun özü çox pis şeydir. Digərləri də bunlara baxaraq təsir altına düşür. Biz güzəştə gedirik. Çünki bunlar o cür mahnılara öyrəşiblər. Normal musiqi və mətn görməyiblər. Bəzən görürsən ki, yaxşı yazanlar da onlara qoşulur, onların istədiyi şəkildə yazırlar. Bu zaman musiqimiz itirir, şeirimiz itirir və dərin bir boşluq əmələ gəlir.  Bu boşluq çox pisdir. Çünki bu təqdirdə bir nəsil bizi tanımır. Sonrakı nəsillər üçün yeni bir sanballı şair yetişəndə onları normal sözə öyrəşdirmək çətin olacaq”.

Sabir Rüstəmxanlı (xalq şairi): “Bu barədə ümumiyyətlə çox danışılıb. Bəstəkar şair və müğənninin qarşılıqlı əlaqəsi lazımdır. Gözəl mahnını ancaq bu cür qarşılıqlı əlaqə mexanizmi yarada bilər”.

Musa Yaqub (şair): “Əvvəlcə musiqi və sözlərin şuradan keçirilməsi məsləhətdir. Ondan sonra onu oxumaq olar. Hərdən deyirlər ki, sözləri də özüm yazmışam musiqini də özüm yazmışam. Ağlına gələni yazır və sonra onu bəstələyirlər. Bu sənət deyil. Biz hətta bostan-xiyar məsələsində də etiraz etmişik. Bildirmişik ki, əvvəlcə söz yazılsın, sonra isə həmin sözün ruhuna uyğun musiqi bəstələnsin”.  

Elmin Nuri
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir