Modern.az

Azərbaycanın xüsusi xidmət orqanlarının tarixi və rəhbərləri

Azərbaycanın xüsusi xidmət orqanlarının tarixi və rəhbərləri

28 Mart 2010, 16:55

Bu gün Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasının 91 ili tamam olur. Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq olub. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynayıb. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. 1919-cu il mart ayının 28-də Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: «Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz...». Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Ölkə parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - «Əksinqilabla Mübarizə Təşkilatı»nı yaratdı və o, gənc dövlətin müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə əngəl ola biləcək daxili və xarici qüvvələrlə mübarizə aparan bir təşkilat kimi fəaliyyətə başladı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. İlk əvvəl denikinçilərə qarşı mübarizə aparan Əksinqilabla Mübarizə Təşkilatı sonrakı mərhələdə əsas fəaliyyətini bolşevik təhlükəsinə və şəhərdə təxribatlar törədən ermənilərə qarşı yönəltdi. XX əsrdə Azərbaycanın ilk xüsusi xidmət orqanlarının təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.

Lakin bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı. 1920-ci il 28 aprel müdaxiləsi ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. 1920-ci il aprelin 29-da Azərbaycanda hakimiyyətə gələn bolşeviklər xüsusi xidmət orqanını yenidən təşkil edib onu Fövqəladə Komissiya adlandırdılıar.

1926-cı il avqustun 7-də Azərbaycan Fövqəladə Komissiyasının adı dəyişdirilib Dövlət Siyasi İdarəsi qoyuldu. 25 iyul 1934-cü ildən Azərbaycanın xüsusi xidmət orqanı Xalq Daxili İşlər Komissarlığı adlanmağa başladı.

Bir neçə il sonra sovet hökuməti xüsusi xidmət orqanının adını yenidən dəyişdirib Dövlət Təhlükəsizlik Komitəsi qoydu.   Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi - ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə - Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Bu gün MTN-nin qarşısında dövlət sirri təşkil edən məlumatların qorunması - korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr də durur.

 

Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərlik etmiş şəxslər.

1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust) 2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart 3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun) 4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr) 5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral 6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may 7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr 8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust 9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel 10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart 11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar 12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr) 13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust 14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel 15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust 16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr 17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun 18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul 19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun 20. Yusifzadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust 21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust 22. Hüseynov Vaqif Əliüvsət oğlu: 1989 avqust -1991 sentyabr 23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may 24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun 25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr 26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul 27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir